1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası gerçəkləşəndə mühüm məsələlərdən biri əsas dövlət atributlarından, simvollarından olan bayrağın hazırlanması oldu.
Cümhuriyyət hökuməti tərəfindən bayraq haqqında ilk qərar 1918-ci il iyunun 21-də verildi. Qərara əsasən, Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduz təsvirli qəbul olundu. İyunun 21-də isə hökumət bayraq haqqında qərar verdi.
Həmin ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında dövlət bayrağı təsdiqləndi. Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı. Dalğalandıqca da Azərbaycanın dövlət müstəqilliyinin sevinci, qüruru ilə könülləri riqqətə gətirdi.
O gün - 1918-ci ilin 7 dekabrında parlamentin açılış mərasimində Məhəmməd Əmin Rəsulzadə fəxrlə söylədi: "Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!"
Dövlət bayrağımızın rənglərinin mənası barədə Üzeyir bəy Hacıbəyli 1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində yazdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".
Cəfər Cabbarlı isə Azərbaycan bayrağında əks olunan rənglərin mənasını "Azərbaycan bayrağına" şeirində belə təsvir etdi:
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
XX əsrin 20-ci ilində müstəqil ölkəmizin başı üzərinə qaldırılan bayrağımızı Cəfər Cabbarlı "Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim" deyə vəsf edirdi.
Bir daha enməmək ümidi, inamı ilə ucaldılan üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandıqca düşmənlərin bağrı yarılırdı. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi ilə düşmənlər arzularına çatdılar. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məburiyyətində qaldı. Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızın da yeri vətənpərvərlərimizin, millətsevərlərimizin nisgilli könülləri oldu. Bu nisgil, bu həsrət yetmiş il çəkdi. Ayrılıq uzun sürsə də, nəhayət, sona çatdı. 1980-ci illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqləndi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul etdi.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, eləcə də dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr tarixi Bayraq Günü kimi qeyd olunur.
Azərbaycan bayrağı ucalarda dalğalandıqca sevincimiz, qürurumuz yerə-görə sığmır. Ancaq 2020-ci ilin payızınadək bu duyğulara qüssə qarışmışdı. Çünki 1990-cı illərdə torpaqlarımızın iyirmi faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Otuz ilə yaxın əsarətdə qalan həmin ərazilərimizi 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalçılardan azad etdi. Yağılardan geri aldığımız, işğaldan azad olunmuş ərazilərimizdə - Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan bayrağı əzəmətlə, qürurla dalğalanır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"