21 Noyabr 2024 08:05
105
SİYASƏT
A- A+
COP29-a YAP-ın töhfəsi

COP29-a YAP-ın töhfəsi


Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ili tamam olur. Hər il biz YAP-ın yaranması ilə bağlı düşüncələrimizi bölüşərkən, həm də təbii olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda mövcud olmuş tarixi şəraitə və reallığa nəzər salırıq. 

Bu zaman YAP-ın yaradılmasını şərtləndirən şəraitin öyrənilməsinin müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Çünki həmin tarixi şəraitdə hadisələrin mərkəzində olan siyasi düha dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idi.

Ötən əsrin 90-cı illərinə doğru hadisələrin xronologiyasına nəzər yetirək. Mixail Qorbaçov 1985-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi və Heydər Əliyevə qarşı qərəzli münasibətilə hadisələri arzuolunmaz vəziyyətə gətirdi. M.Qorbaçov Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi özünə rəqib gördüyü üçün onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolunu tutdu. Nəticədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.

 Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, bununla da Kremldəki yeganə və ən böyük qalamız yıxıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı çirkin siyasətini gerçəkləşdirmək üçün qabaqcadan düşünülmüş planlarını həyata keçirmək kimi niyyətindən irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" - demiş və bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

 Qorbaçovun əsas məqsədlərindən biri də Heydər Əliyevin Azərbaycanda başlamış milli azadlıq hərəkatına qoşulmasına mane olmaq idi. O bilirdi ki, Heydər Əliyevin bu hərəkata qoşulması hadisələri sürətləndirəcək. Belə bir məqamda o, 20 yanvar 1990-cı ildə Bakıya qoşun yeridərək xalqımızın azadlıq hərəkatını boğmağa çalışdı.

 Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətdən faktiki təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, törədilmiş bu ağır faciəyə laqeyd qalmadı. Qanlı  20 Yanvar faciəsinin ertəsi günü həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi.

Heydər Əliyevin bu fəaliyyəti Azərbaycan hakimiyyətində olan manqurtları narahat edirdi. Onlar bu fəaliyyəti görməzlikdən gəlməklə Heydər Əliyevin böyüklüyünü gizlətməyə çalışır, Qorbaçov tərəfindən irəli sürülmüş təcridetmə siyasətinə kölə kimi xidmət edirdilər.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Bakıda qalmasına həmin dövrün siyasi hakimiyyəti bütün cəhdlə mane oldu. Hətta Bakıda hava limanında onun həyatına sui-qəsd cəhdi edildi. Heydər Əliyev Bakını tərk etmək məcburiyyətində qalaraq Naxçıvana getməli oldu. Bir müddətdən sonra yerli əhali Heydər Əliyevin Naxçıvan Ali Məclisinə alternativsiz olaraq namizədliyini irəli sürdü və o, deputat seçildi.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Hakimiyyət iddiasında olan bütün qüvvələr Heydər Əliyevin böyük siyasətə qayıdışını istəmirdilər. Amma artıq Heydər Əliyev Naxçıvan Ali Məclisindəki fəaliyyəti ilə özünün müstəqillik ideyalarını gerçəkləşdirməyə başlamışdı.

Müstəqil yaşaya bilməyəcəyimizi deyən Ayaz Mütəllibov Azərbaycanın formal olaraq prezidenti seçilməklə ittifaqın bərpa olunmasına çalışırdı. O vaxt "Biz müstəqil yaşamağa qadirikmi?" ritorik sualı qarşısında siyasi qüvvələr iki hissəyə bölünmüşdülər. Bir tərəfdə, qeyd etdiyimiz kimi, müstəqillik carçılarının lideri Heydər Əliyev, digər tərəfdə isə köləlik sevdalıları mütəllibovçular dururdu. Heydər Əliyev yüz illərlə aktual olan və tarixi şüura söykənən bu məsələyə birmənalı qiymət verirdi - Azərbaycan müstəqil olmağa qadirdir. 

AXC üzvləri isə cidd-cəhdlə hakimiyyətə gəlmək istəyirdilər. Yeni ittifaq müqaviləsinin Azərbaycanın Ali Sovetində müzakirəsi aparılırdı. Bu ərəfədə Ali Sovet o dövrdəki hakimiyyəti və Moskvanı müdafiə etmək məqsədilə bir çox qeyri-demokratik qərarlar qəbul etdi. Bunlardan biri də Heydər Əliyevin siyasi fəaliyyətinə imkan verməmək üçün Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasının ləğv edilməsi idi. Sonrakı addım prezident seçkisi üçün yaş senzinin müəyyənləşdirilməsi oldu. Təəssüf ki, həmin vaxt "demokratik" cəbhəni təmsil edənlər sonradan hakimiyyətləri dövründə də öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmədilər və əvvəlki hakimiyyətin yolunu davam etdirdilər. 

Bütün bu təzyiqlərə baxmayaraq, Heydər Əliyev 7 mart 1991-ci ildə Ali Sovetin sessiyasında ittifaq müqaviləsinin rədd olunmasını təkidlə tələb edərək Azərbaycanın yolunun yalnız müstəqillik olduğunu bildirdi. Həmin vaxt Heydər Əliyev demişdi: "Yeni ittifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".

Heydər Əliyev bu tarixi çıxışında SSRİ rəhbərliyində olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anatomiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev deyirdi: "Ölkənin rəhbərliyi yetmiş il mövcud olan ittifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi ittifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni ittifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır".

Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır: "Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır". Onun müstəqilliklə bağlı fikirləri gənc nəslin ürəyini riqqətə gətirir, gənclərdə müstəqillik ideyalarını gerçəkləşdirəcək siyasi liderin məhz Heydər Əliyev olduğu qənaətini möhkəmləndirdi. 

Yeni Azərbaycan Partiyasının yaradılması zərurətindən danışarkən yaş senzinə qarşı mübarizədə fəallıq edən azsaylı vətənsevər, cəsarət sahibi olan şəxslərin fəaliyyətini qeyd etməmək mümkün deyil. Konstitusiyada 121-ci maddə ilə "yaş senzi" maneəsi yaradan bəzi qüvvələr xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbinin gerçəkləşməsinin qarşısını almağa cəhd edirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Yaddaqalan əsas məqamlardan biri də bu oldu ki, mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kimdən qorxmadan, hətta repressiya təhlükəsinin olmasına baxmayaraq, öz mübarizələrini sona qədər davam etdirdilər. O dövrün mətbuatını izlədikdə vəziyyətin nə dərəcədə eybəcər olduğunu görməmək mümkün deyil. Mətbuatda yaş senzinə qarşı etiraz edənlər lağa qoyulur, onlara istehza edilirdi. 

 Lakin Azərbaycanın vətənpərvər gəncliyi Heydər Əliyev dühasının xalqımızı bu fəlakətli vəziyyətdən qurtara biləcəyinə inanırdı. Azərbaycanın yetkin düşüncəli gəncləri bütün təhdidlərə baxmayaraq, öz işıqlı gələcəklərinin dalınca gedirdilər. Bir tərəfdən Moskvaya müti qul kimi xidmət edənlər, digər tərəfdən hakimiyyətə can atan AXC-Müsavat cütlüyü Heydər Əliyev fenomenini görməzdən gəlməyə çalışır, onun heç cür siyasət səhnəsinə qayıtmasını istəmirdilər. Hadisələrin gedişi isə xalqın gerçək liderinin gəlişinə zəmin yaradırdı.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". 

Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən təkidlə hakimiyyətə dəvət edilməsinin çox səbəbləri var idi. 1970-80-ci illərdə həyata keçirdiyi tədbirlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması və s. onun 1993-cü ildə xilaskarlıq missiyasını da uğurla həyata keçirəcəyinə inamı daha artırırdı. 

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. 

Heydər Əliyev o illərdə ölkədə siyasi hakimiyyətə gəlmək istəyində olmasa da, respublikanın siyasi-ictimai həyatındakı proseslər onu həddindən artıq narahat edirdi. Real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin Sədri xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabsız qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə müsbət cavab verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaratdı. Lakin yenə də maneələr davam edirdi. Amma YAP-ı siyasi sferada məhdudlaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu. Artıq geniş xalq kütləsi böyük siyasət adamının meydanda olmasını sevinclə qarşılayır və ümidləri artırırdı. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

Xalqın Ümummilli Lideri Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaratdı. Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi yüksək etimad YAP-ın qısa zamanda təşkilatlanmasına, ölkənin bütün regionlarında dayaqlarının yaradılmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xalqın inamı və sevgisi nəticəsində partiyanın yaradılmasından 7 ay sonra Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Bu, siyasi həyatda nadir hadisələrdən biri kimi Azərbaycan politoloji tarixinə yazıldı. Belə bir tarixi gerçəklik şəraitində partiya özünü xalqa identifikasiya etməyi bacardı. 

Xalqını və dövlətini hər şeydən üstün tutan dahi liderin iyunun 9-da Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli Lider Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti yüksəlişinin əsasını qoydu. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində - siyasi, iqtisadi və mədəni sahələrdə baş verən cahanşümul transformasiya prosesləri Azərbaycanın dünya birliyində tanınmasına və özünə layiq yer tutmasına güclü təkan verdi. 

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi prioritetlər partiyanın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəyliyi, sosialyönümlü iqtisadiyyatının formalaşmasında əsas fəaliyyət istiqaməti olmuşdur. Bütün bunlar dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı idi. 

Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın VII Qurultayında çıxış edərək bu barədə deyib: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".

 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirmişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın sədri seçilməsi ilə Heydər Əliyevin gənclərə yönəlik fikirləri daha çox gerçəkləşməyə başladı. Eyni zamanda Prezident 

İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra gənclər daha çox partiyaya maraq göstərməyə başladılar. Bundan sonra partiyada gənclərin sayı artmağa başladı. Təsadüfi deyil ki, bu gün partiya üzvlərinin 300 minə yaxın hissəsini gənclər təşkil edir. 

Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir. Bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkət sabitlik və quruculuq dövrünə qədəm qoydu. Bu gün Heydər Əliyev ideyalarına və siyasi kursuna daim sədaqətlə xidmət edən 730 mindən çox üzvü olan YAP təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır. 

YAP-ın siyasi həyatında Birinci vitse-prezident Mehriban Əliyevanın da rolu  danılmazdır. Mehriban Əliyevanın partiya sıralarında yüksək səviyyədə təmsil olunması Azərbaycanda humanizm prinsiplərinin daha da genişlənməsinə böyük bir töhfədir.

Prezident İlham Əliyevin 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda müstəqillik haqqındakı sözləri çox düşündürücüdür. Cənab Prezident demişdir: "Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir".

Danılmaz faktdır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz partiyamızın yaradıcısı, Ümummilli Lider Heydər Əliyev və onun layiqli varisi cənab İlham Əliyev yazıb. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Dünya hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördü. Cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun, eyni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. Bu gün nəinki YAP üzvləri, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etmişdir.

Həyat isə davam edir, qarşıda bizi yeni zəfərlər gözləyir. İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dediyi fikirləri ilə yazını tamamlamaq istəyirəm: "...Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik". 

Yeni Azərbaycan Partiyası Qafqazda öz liderliyini saxlamaqda və ictimai-siyasi həyatımızın lokomotivi olmaqda davam edir. Hazırda dünyanın ən vacib toplantılarından biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsində də ölkənin ən nüfuzlu böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının xidməti az deyil. 

YAP bundan sonra da Azərbaycanın inkişafına və yüksəlişinə özünün layiqli töhfələrini verməkdə davam edəcək.

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirəcək xarici investor bəlli olub  

11:04
21 Noyabr

Dəniz xüsusi təyinatlıları "SAT-SAS-2024" təlimində iştirak edirlər  

10:37
21 Noyabr

Dünya bazarlarında neftin qiyməti artıb  

10:28
21 Noyabr

Bu gün Ümumdünya Fəlsəfə Günüdür  

10:23
21 Noyabr

Bu gün COP29-un sonuncu tematik günü - "Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günü"dür

10:18
21 Noyabr

Beynəlxalq Dəmir Yolları İttifaqının sədri: Dəmir yolu dünyamızı dəyişdirmək üçün möhtəşəm marşruta sahibdir  

10:13
21 Noyabr

Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək  

10:08
21 Noyabr

Qazaxıstan BTC neft kəməri istiqamətində 1,2 milyon ton neft göndərib  

10:02
21 Noyabr

“Milliyyet”: COP29-da Türkiyənin nəqliyyatda istixana qazları emissiyalarının sıfırlanması hədəfləri açıqlanıb  

09:56
21 Noyabr

COP29-un İqlim Səfirləri seminarında karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib  

09:51
21 Noyabr

Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı görülən işlər COP29-da təqdim olunub  

09:46
21 Noyabr

COP29-dakı Qazaxıstan pavilyonunda iqlim problemlərinin həllində təhsilin rolu müzakirə edilib  

09:41
21 Noyabr

Türkiyəyə məxsus gəmi husilərin hücumuna məruz qalıb  

09:31
21 Noyabr

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb  

09:26
21 Noyabr

Xarici nümayəndə: COP29-da şüşədən günəş panelləri kimi istifadə etməyi öyrəndik  

09:21
21 Noyabr

COP29-da iştirak edən general FHN-in fəaliyyəti ilə tanış olub  

09:16
21 Noyabr

Aİİ-nin tələbələri beynəlxalq Olimpiadada iştirak ediblər

09:10
21 Noyabr

İsveçrə şirkətinin COP29-da iştirak edən nümayəndə heyəti Ağstafada olmuşdur

09:05
21 Noyabr

"Ümidimiz Bakıdır"

09:00
21 Noyabr

Həqiqəti yalana satanlar...

08:55
21 Noyabr

"Yaşıl mədəniyyət"

08:50
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!