11 Oktyabr 2023 09:10
21485
SİYASƏT
A- A+

Böyük zəfərə aparan İLHAM ƏLİYEV diplomatiyası

 

15 oktyabr 2023-cü il Azərbaycanın zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 illiyi qeyd olunur. 
Bu dönəm ölkəmizin hərtərəfli tərəqqi və davamlı inkişaf dövrü olmaqla yanaşı, müstəqilliyimizin bərpasından əvvəl üzləşdiyi təcavüzün və işğal faktorunun aradan qaldırılması istiqamətində Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsi və səylərin intensivləşməsi kimi də xarakterizə oluna bilər. Məhz torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan bayrağının Şuşada və digər işğal olunmuş ərazilərimizdə dalğalanması bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin arzusu, möhtərəm Prezident İlham Əliyevin əsas amallarından biri idi.
Azərbaycan tərəfindən uzun illər ərzində aparılan xarici siyasətin əsas cəhətlərindən biri, Qarabağın əzəli və əbədi Azərbaycan ərazisi olduğunun, dövlətimizin öz torpaqlarının işğalı ilə barışmayacağının, torpaqların ya diplomatik, ya da hərbi yolla azad edilməsinin legitim hüququ olduğunun beynəlxalq aləmin yaddaşına həkk edilməsinə nail olmaq idi. Məhz Ulu Öndər Heydər Əliyevin, daha sonra isə onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində uzun illər bu istiqamətdə böyük iş aparılıb və Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. 
Baxmayaraq ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam olaraq döyüş meydanında qazandı, aparılmış siyasi və diplomatik səylər bu qələbənin mübahisələndirilməməsi və diplomatik zəmin yaradılması istiqamətində əsas rol oynadı.

 

Böyük zəfərin təməli

 

Azərbaycan Prezidentinin əzmkarlığının, xalqın birlik ruhunun və ordumuzun şücaətinin ölkəmizin qələbə əzmini möhkəmləndirdiyi hər kəsə məlumdur. Bununla yanaşı, Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlayan zaman xalqa müraciətində - "Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir..." - sözləri böyük zəfərə aparan xarici siyasətin təməli olduğunu desək, yanılmarıq.
Məlum olduğu kimi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyinin həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul olunmuş sənədlərdə, həm də beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapması daim Azərbaycan xarici siyasətinin əsas vəzifələrindən biri olub. Beynəlxalq təşkilatların təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət daxil olmaqla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çağıran çoxsaylı sənədlər aparılan işin mühüm bəhrəsidir. Qeyd olunan mövqe BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyasının müvafiq qətnamələrində, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platforma və təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə birmənalı şəkildə ifadə olunub.
Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı konkret şəkildə ifadə olunan vacib elementlər Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə daim xidmət edib. 
Birinci növbədə, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Azərbaycan ərazisinin tərkib hissəsi olduğunun təsdiqlənməsi beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib. Ümumiyyətlə, işğalçı dövlət istisna olmaqla, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə heç bir dövlət və ya təşkilat tərəfindən şübhə ilə yanaşılmaması və bunun beynəlxalq təşkilatların qərarlarında açıq-aşkar təsbit olunması ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biri kimi xarakterizə oluna bilər. 
İkinci, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsinin tələb olunması Azərbaycan tərəfindən əsas təzyiq vasitəsi kimi geniş şəkildə istifadə olunan bir fakt idi. 
Üçüncü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququnun təsbit edilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri və bir sıra beynəlxalq təşkilatların qərarlarında bu müddəaya yer verilməsi digər uğurlu bir addım kimi qeyd edilə bilər. Bir milyonadək insanımızın hüquqlarının pozulması, onların qaçqın və məcburi köçkünə çevrilməsi, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarının beynəlxalq ictimaiyyətə tanıdılması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində olub.
Qeyd edilən istiqamətlərlə yanaşı, Ermənistanın davam edən təcavüzü çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımların ifşa edilməsi, bu istiqamətdə siyasi və hüquqi prosedurlardan istifadə Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində aparılmış fövqəladə siyasətin təməllərindən hesab olunur.
Bununla yanaşı, bir çox beynəlxalq təşkilatda və ikitərəfli dövlətlərarası münasibətlər çərçivəsində məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının təşviq olunması, Azərbaycan ərazisində qanunsuz Ermənistan silahlı birləşmələrinin mövcudluğunun, Ermənistanın hərbi texnikasının Azərbaycan ərazilərində qanunsuz yerləşməsinin müxtəlif faktlarla daimi əsasda ifşa olunması diplomatik fəaliyyətin əhəmiyyətli hissəsini təşkil edib. Erməni terrorizminin maliyyələşdirilməsi, Ermənistanın bölgəmizdə yerləşdirdiyi xarici terrorçu döyüşçülər məsələsi, separatizm və zorakı ekstremizm və digər qeyri-qanuni fəaliyyətlər daim əsas diqqət mərkəzində olub.  
Cənab Prezidentin seçkilərdə qalib gəlməsindən qısa müddət sonra, 2004-cü ildə Azərbaycan tərəfindən BMT Baş Assambleyasında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma məsələsinin qaldırılması və bu istiqamətdə əməli addımlar həyata keçirilməsi məhz bu gün Azərbaycana qarşı irəli sürülə biləcək iddiaların qarşısını almağa xidmət edir. Keçmiş münaqişənin siyasi və iqtisadi aspektləri ilə bağlı qəbul olunan qətnamələrlə yanaşı, ölkəmizin tarixi, mədəni və dini abidələrinin dağıdılması məsələsinə daim diqqət yetirilməsi prioritet məqsədlərdən olduğu bəllidir. 
Qeyd edilən tədbirlərlə yanaşı, ölkəmizin mühüm beynəlxalq təşkilatlarda sədrlikləri və üzvlüyü, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi mühüm platformalarda prioritetlərimizin irəlilədilməsi torpaqlarımızın işğaldan azad edilməsi üçün təməl bazanın yaradılmasına xidmət edib. Azərbaycanın 155  səs çoxluğu ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin haqq səsinin daha da geniş yayılmasına imkan verib. Həmçinin 2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən sədrliyini həyata keçirməyimiz, BMT-dən sonra ikinci ən böyük çoxtərəfli platforma olan Qoşulmama Hərəkatı çərçivəsində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrlə əlaqələrimizin gücləndirilməsi Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradıb. Qoşulmama Hərəkatında beynəlxalq hüquq və normalar çərçivəsində ədalətin bərpası üçün atdığımız xoşniyyətli addımlar qarşılığını çox qısa zamanda alıb. 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri arasında olan Qoşulmama Hərəkatı üzvləri ölkəmizə qarşı mənfur qətnamələrin qarşısının alınmasına kömək edib, çoxtərəfli platformalarda diplomatik uğurlarımızdan birinə çevrilib.

 

Ədalətin bərqərar olması yolunda Azərbaycanın sərgilədiyi yanaşma   

 

Azərbaycan tərəfi ədalətin bərpa olunması istiqamətində apardığı fəaliyyət ilə həmçinin Ermənistanın reallıqları anlayacağı, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq təşkilatların qətnamə və qərarlarına uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edəcəyi ümidi ilə, 30 ilə yaxın danışıqlar prosesinə sadiq olduğunu nümayiş etdirib.  
Azərbaycanın keçmiş münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, uzun illər ərzində davam edən proses çərçivəsində heç zaman dəyişməyib. Bu mövqe daim beynəlxalq hüququn dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların hüquqlarının bərpa edilməsi, onların evlərinə təhlükəsiz şəraitdə və ləyaqətlə geri dönüşünün təmin edilməsindən ibarət olub. 
Nikol Paşinyan hökumətinin əvvəlki Ermənistan liderlərinin ritorikasından daha sərt şəkildə ölkəmizə qarşı təxribatlara yol verməsi şəraitində belə Azərbaycan tərəfi diplomatik müstəvidə Ermənistanın avantürasına qarşı öz təbliğatını artırmaqla cavab verib. Bütün bu dönəmdə Azərbaycan bir daha sübut edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən atılmış təxribatçı addımların miqyası bu ölkənin məqsədi münaqişənin həlli deyil, yalnız Azərbaycan ərazilərini ilhaq etməkdir.
Ermənistan baş nazirinin hakimiyyətə gəldiyi günün səhəri Azərbaycanın o zaman işğalçı qüvvələrin nəzarətində olan Qarabağ bölgəsinə səfər edərək, Şuşa şəhərinin işğalını qeyd etməsi, oğlunu Qarabağ bölgəsinə göndərməklə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərində qanunsuz mövcudluğuna haqq qazandırması, 2019-cu ilin 5 avqust tarixində "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını səsləndirməsi münaqişənin siyasi yolla həlli formatına ciddi zərbə vurduğu və diplomatik müstəvidə Ermənistanın mövqeyini zəiflətdiyi bəlli idi. Bununla yanaşı, 23 iyul 2020-ci il tarixdə Tovuz təxribatından sonra erməni baş nazirin danışıqlar prosesində iştirakla bağlı 7 şərt irəli sürməsi, o cümlədən "qanunsuz rejimin danışıqlar prosesinin tamhüquqlu iştirakçısına çevrilməli olduğunu" iddia etməsi Azərbaycanın haqq işinin intensivləşməsinə yardım etdi.
Azərbaycan öz növbəsində, Ermənistanın bu təxribatlarını lazımi şəkildə cavablandırdı, hər bir təxribat bir çox halda dövlət rəhbərimiz başda olmaqla müvafiq səviyyələrdə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti keçmiş münaqişə kontekstində səsləndirdiyi hər bir fikrin və mövqeyin zamanını, məkanını xüsusi dəqiqliklə seçərək onun doğru hədəflərə və geniş beynəlxalq auditoriyaya çatmasını təmin etdi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin 3 oktyabr tarixində  Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı N.Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə"  bəyanatına tutarlı faktlarla cavab verməsi Ermənistan tərəfinə böyük zərbə oldu. Bütün dünya mediasının diqqətində olduğu bir tədbirdə Prezident İlham Əliyevin erməni baş nazirinin bəyanatının yalan olduğunu vurğulayaraq məşhur - "Qarabağ Azərbaycandır və nida" - faktını vurğulaması zəfərin uzaqda olmadığının bəyanı idi.  
Bununla yanaşı, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişə ilə bağlı təşkil olunan panel müzakirəsində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin həm tarixi, həm də hüquqi aspektləri, eləcə də münaqişənin həlli prosesində Azərbaycanın sərgilədiyi beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə verdiyi dəqiq və dolğun məlumatla müzakirələrə qatılan baş nazir N.Paşinyanı çıxılmaz vəziyyətdə qoydu. 
Qeyd edilən hər iki tədbirdə dövlət başçısı tərəfindən səsləndirilən çıxışlar, məhz beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi və keçmiş münaqişə kontekstində həqiqətlərin milyonların gözü önündə birbaşa çatdırılması Ermənistan təxribatlarının qəbuledilməzliyi barədə dünya ictimaiyyətinə xəbərdarlıq edilməsi məqsədini güdüb.
Dövlətimizin başçısının Ermənistanın təxribatlarının danışıqlar prosesinə zərbə olduğunu açıq şəkildə bildirməsi və Ermənistan rəhbərliyinin Azərbaycanı "yeni torpaqları işğal etməklə hədələməyə çalışdıqlarını" söyləməsi, "Azərbaycan xalqının səbrinin həddi var. Danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik" - deyən Prezident İlham Əliyevin bu təxribatların nəyə gətirib çıxara biləcəyini də açıq şəkildə səsləndirdiyi məlumdur.
Azərbaycan Respublikası Prezidenti 24 sentyabr 2020-ci il tarixdə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın davam edən təxribatları ilə bağlı beynəlxalq ictimaiyyətə aydın şəkildə xəbərdarlıq etdi. Prezident çıxışının böyük hissəsini münaqişə və onun doğurduğu nəticələrə, habelə Ermənistanın hərbi-siyasi təxribatlarına həsr edərək, BMT-nin ali kürsüsündən dünya ictimaiyyətinə müraciət etdi: "Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilib. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır".
Beləliklə, Ermənistanın qeyri-adekvat addımları və təxribatları beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası çərçivəsində cavab tədbirlərinin görülməsini qaçılmaz etdi. 
27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatları başladı. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874 və 884), BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, NATO, GUAM, Avropa Şurası və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə dövründə belə diplomatik səyləri davam etdirir, çıxışlarında həm beynəlxalq ictimaiyyəti dəqiq və dürüst şəkildə məlumatlandırır, həm də Ermənistan da daxil olmaqla, dünya ictimaiyyətinə konkret xəbərdarlıqlar göndərirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini xarakterizə edən və cənab Prezidentin demək olar ki, bütün müraciətlərində qeyd olunan əsas məqamlardan biri məhz ölkəmizin beynəlxalq hüquq çərçivəsində və beynəlxalq tanınmış ərazilərində əməliyyatları həyata keçirməsi idi. "Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır... Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir... Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!" - deyən dövlət başçısı, onilliklər ərzində Azərbaycan tərəfindən istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə səsləndirilən, danışıqlar prosesində ifadə edilən mövqeyimizi konkret şəkildə bəyan etmiş oldu. 
Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu, kəndi, qəsəbəsi barədə məlumatı xalqımız ilə bölüşən dövlət başçısı  çıxışlarında azad edilmiş ərazilər, düşməndən əldə edilən qənimətlər barədə məlumat verməklə yanaşı, bu torpaqlardakı vəziyyət, Ermənistan tərəfindən illər ərzində aparılmış qanunsuz fəaliyyət və onun nəticələri, genişmiqyaslı dağıntılar, habelə Ermənistanın müharibə cinayətləri barədə konkret məlumatları təqdim edirdi. 
Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də o idi ki, Azərbaycan tərəfi hətta əməliyyatlar davam edən zaman belə münaqişənin qan tökmədən, itki vermədən həllinin tərəfdarı olduğunu bəyan edirdi. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə ilk gündən etibarən səsləndirdiyi çıxışlarında əməliyyatların dayandırılmasının mümkünlüyünü, lakin bunun üçün Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruri olduğunu bəyan edirdi. Bunun qarşılığında Ermənistan tərəfi nəinki bu çağırışlara cavab vermir, əksinə, əməliyyatlar zamanı humanitar atəşkəsə dair əldə olunmuş razılıqları hər dəfəsində kobud şəkildə pozurdu.
Beləliklə də, Azərbaycanın dövlət başçısının 44 günlük müharibə dövründə beynəlxalq ictimaiyyətə verdiyi əsas ismarışları o cümlədən Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslanması, əks-hücum əməliyyatının Azərbaycan ərazisində, özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirilməsi, habelə Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin, törətdiyi müharibə cinayətlərinin ifşa edilməsi bir tərəfdən həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, digər tərəfdən isə Azərbaycanın haqlı mövqeyinin siyasi-hüquqi əsaslarının daha da möhkəmləndirilməsi məqsədlərinə xidmət edirdi.
Bu dövr ərzində bir sıra dünya liderləri ilə aparılan telefon danışıqları, ölkəmizə edilən səfərlər çərçivəsində xarici nümayəndə heyətləri ilə keçirilən görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xarici ölkələrin aparıcı mətbuat nümayəndələrinə verilən çoxsaylı müsahibələr dövlət başçısının zəfər diplomatiyasının önəmli tərkib hissələrini təşkil edib.

 

Böyük zəfər və müdrik xarici siyasətin nəticələri

 

Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında apardığı şanlı mübarizə ilə yanaşı, diplomatiya meydanında Azərbaycan Respublikasının Prezidentinin mübarizəsi, müdrik xarici siyasəti ilə xarakterizə olunur.
Onilliklər ərzində münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak edən Azərbaycan eyni zamanda münaqişənin həllinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və qətiyyətli iş aparıb, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi çoxsaylı qərar və qətnamələr diplomatik uğurumuz olub. Prezident İlham Əliyevin 20 oktyabr 2021-ci ildə xalqa ünvanladığı müraciətdə bu barədə söylədikləri bu tezisi aydın şəkildə ifadə edir: "...Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, diplomatik uğurlar önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq hüquq çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni budur bu münaqişənin həlli üçün əsas".
Prezident İlham Əliyevin milli maraqlara söykənməklə beynəlxalq hüquq çərçivəsində apardığı xarici siyasət hər zaman özündə ədalət və humanizm prinsiplərini ehtiva edib. Azərbaycan strateji səbir nümayiş etdirərək onilliklər ərzində ərazilərinin işğalına son verilməsi, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi, beynəlxalq hüququn təmin edilməsi üçün danışıqlar aparıb. Məhz bu aparılan danışıqlar, diplomatiya cəbhəsində gərgin proseslər Azərbaycanın hərb meydanında gücünü birə yüz artırıb.
Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə, o cümlədən 19-20 sentyabr 2023-cü il tarixdə antiterror tədbirləri çərçivəsində Qarabağ bölgəsi üzərində tam suverenliyimizin bərpa olunması Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratdığı məlumdur. İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir. Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməməsi və bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir.
Qeyd edilənlərlə yanaşı, şanlı zəfərin təmin olunduğu bu tarixi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin beynəlxalq aləm tərəfindən qəbul etdirilməsində davamlı və daha qətiyyətli iş aparılması əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. 
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə olunması və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlik səylərin davam etdirilməsi eyni dərəcədə zəruridir.
Əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının birliyinə, Azərbaycan dövlətinin milli maraqlarına əsaslanan uğurlu xarici siyasəti xalqımıza yeni-yeni Zəfərlər bəxş edəcəkdir.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının xarici işlər naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video