Mansurovlar soyadı xalqımıza yaxşı tanışdır. Bu nəslin yetirmələri zaman-zaman bacarıq və istedadları ilə musiqi mədəniyyətimizi daha da zənginləşdirmiş, xalqımıza və dövlətimizə layiqli xidmət göstərmişlər. İçərişəhərin köklü nəsillərindən olan Mansurovlar bu gün də musiqi mədəniyyətimizin ocağını gur yandırır.
Bakı xanları dövründə Mansurovlar həmişə rəhbər vəzifələrdə çalışmışlar. Həmin dövrlərdə onların mülkləri, xeyli sayda mal-qaraları, neft quyuları, gəmiləri, dükanları, meyvə və zəfəran bağları olmuşdur. Şöhrəti hər yerə yayılmış səmimi, ürəyi açıq, qəlbi geniş Ağa Hacı Mansur bəyin xatirəsinə hörmət əlaməti olaraq övladları onun adını soyadlarında əbədiləşdirmişlər. Beləcə, Mansurbəyovlar soyadı yaranmışdır. Sonrakı illər dövranın dəyişməsi ilə əlaqədar "bəy" sözü soyaddan çıxarılaraq Mansurov kimi yazılmışdır.
Bu məşhur nəslin nümayəndələri arasında xeyirxahlığı, xalqa gərəkliyi ilə seçilən Ağa Salah bəy də olub. O, öz puluna İçərişəhərdəki artıq ömrünü başa vurmaqda olan evləri alaraq, söküb yerində meydanlar salırmış, faytonların rahat hərəkət etməsi üçün küçələri genişləndirirmiş. Belə xeyirxah əməlinə görə şəhər rəhbərliyi Ağa Salah bəyi "Bakı şəhərinin fəxri nəsilli vətəndaşı" adına layiq görüb. Xalq isə İçərişəhərdəki meydanların birinə onun adını verib.
12 fevral 1911-ci ildə Mansurovlar ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Körpənin adını Bəhram qoydular. Onun atası Süleyman bəy nəslinin sayılıb-seçilənlərindən biri idi. İlk təhsilini mədrəsədə alan Süleyman bəy sonra rus-tatar məktəbində oxuyub, bir çox Şərq və Avropa dillərini öyrənib. Dövrünün qabaqcıl ziyalısı olan Süleyman bəy fars, ərəb, türk dilləri ilə yanaşı, rus, fransız, alman, ingilis və bir az da italyan dilində danışmağı bacarırmış. Süleyman bəy həm də musiqi vurğunu imiş. O, atasının başlatdığı Bakı muğam məclislərini davam etdirirmiş. Həm də icarədar və sahibkar olan Süleyman bəy Qara Şəhərdəki torpaq sahələrini boru kəmərlərinin çəkilməsi üçün yerli və xarici neft şirkətlərinə icarəyə verirmiş.
Süleyman bəyin kiçik qardaşı Mirzə Mansur bəy Azərbaycan muğamlarının mükəmməl bilicisi idi. O, peşəkar tarzən kimi Sadıqcan məktəbinin ənənələrini uğurla davam etdirmişdir. Azərbaycan musiqisinin banisi Üzeyir bəy Hacıbəyli onun ifaçılıq istedadına çox yüksək dəyər vermişdi. Mirzə Mansur tar alətində rekonstruksiyalar da etmişdir. Onun rekonstruksiya etdiyi 4 tardan biri hazırda Ermitajda, biri Luvrda, biri də İstanbuldakı muzeylərdə qorunur. Sonuncusu isə onun şəxsi tarı idi.
Mansurovlar ailəsində 12 fevral 1911-ci ildə dünyaya göz açmış tarzən Bəhram Mansurov böyüyüb yaşa dolduqca nəslinin musiqi ənənələrini layiqincə davam etdirdi. Gələcəyin böyük sənətkarı olacaq balaca Bəhram tar çalmağı atası və əmisi Mansur Mansurovdan öyrənmişdi. 19 yaşına çatanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edir. O, 1929-cu ildən Azərbaycan Dövlət Şərq, sonralar Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri orkestrlərində fəaliyyət göstərir. Çox keçmir ki, Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Görkəmli tarzən Bəhram Mansurov zaman-zaman Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Zülfi Adıgözəlov və digər görkəmli xanəndələri müşayiət edir.
Böyük ustad tarın bədii-texniki vasitələrindən məharətlə istifadə edib, mizrabi-dəstikari - tarın qrifində sol əllə çalmaq üsulunun nadir ifaçılarından olub. O, Sadıqcan, Mirzə Mansur, Məşədi Süleymanın tar ifaçılığının davamçısı olaraq bir çox texniki üsulları, mürəkkəb çalğı texnikasını yaşadıb və uğurla davam etdirib. Tarzən ailəsində dünyaya gəlməsi Bəhram Mansurovun sənətkar kimi püxtələşməsində əvəzsiz rol oynayıb. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: "Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır". Çox keçmədi ki, Bəhram Mansurov bacarığı və istedadı ilə ona bəslənən ümidləri doğrultdu.
Görkəmli tarzən Bəhram Mansurov uzun illər Dövlət Opera və Balet Teatrında çalışıb. Adları musiqi tariximizə böyük hərflərlə yazılmış xanəndələri müşayiət edib. Bəhram Mansurov 1941-ci ildən müəllim kimi Azərbaycan Dövlət Musiqi Məktəbində fəaliyyətə başlayıb. Gənc tarzənlərin ustad kimi yetişməsində böyük əməyi olub. UNESCO kimi böyük beynəlxalq təşkilat müxtəlif illərdə görkəmli tarzən Bəhram Mansurovun ifasında 10 muğamı - "Rast", "Mahur-hindi", "Bayatı-İsfahan", "Çahargah", "Hümayun", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çoban bayatı", "Şüştər" və "Nəva-Nişa-pur"u qrammafon valına yazdırıb. Sonralar bu təşkilat böyük sənətkarın ustalıqla ifa etdiyi Azərbaycan muğamlarını val, kaset, SD şəklində bütün dünyaya yayıb. "Musiqi atlası" silsiləsindən olan bu albomu məşhur Hollandiya firması "Filips" kütləvi tirajla istehsal edərək Azərbaycan musiqisini dünyaya tanıdıb. Hazırda həmin muğamlar müxtəlif ölkələrin radiostansiyalarında səslənməkdə və dinləyicilərin zövqünü oxşamaqdadır.
1967-ci ildən başlayaraq, UNESCO-nun qərarı ilə Qərbi Berlində, Parisdə, Bağdadda, Karakasda, Brnoda çağırılmış "Birləşmiş millətlər günü", "Xalqlar birliyi", "Dünya islam festivalı" və digər beynəlxalq musiqi həftələrinə, musiqi simpoziumu və konqreslərinə B.Mansurov da dəvət edilmişdir. 1978-ci ildə Şərq xalqlarının Səmərqənddə keçirilmiş beynəlxalq muğam simpoziumunda Bəhram Mansurov böyük uğur qazanmışdır. Bu, təkcə onun deyil, Azərbaycan musiqisinin uğuru idi.
1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. 1978-ci ildə isə görkəmli tarzən musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Xalq artisti fəxri adına layiq görülüb. İstedadı, tarda ifa etdiyi muğam və mahnıları ilə xalqımızın yaddaşında dərin iz salmış böyük sənətkar 1985-ci il mayın 14-də - ömrünün 75-ci ilində dünyasını dəyişib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə Bəhram Mansurovun anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd edilib. Heydər Əliyev Fondu tərəfindən buraxılan "Mansurovlar" kitabı Bəhram Mansurovun anadan olmasının 100 illiyinə ithaf olunur. Sənətkarın oğlu, tanınmış və sevilən bəstəkar Eldar Mansurov atasının 100 illiyinə həsr etdiyi bu kitabda nəslin keçdiyi şərəf dolu 300 illik yolunu ətraflı şəkildə qələmə alıb.
Dünyaşöhrətli bəstəkar Fikrət Əmirov görkəmli tarzən Bəhram Mansurov sənətindən söz açarkən demişdir: "O, muğamların ən gözəl ustadlarından biri sayılır. Azərbaycanda demək olar ki, heç kəs özünü Azərbaycan muğamları ilə bu qədər üzvi vəhdətdə bilmir. O, zəngin musiqi folklorumuzu olduqca dərindən, ən kiçik detallarına qədər bilir. Haqlı olaraq onu tarda müasir tipli üslubda çalmağın atası sayılan görkəmli Sadıqcanın ləyaqətli ardıcılı hesab edirlər".
Görkəmli tarzən Bəhram Mansurov bir zamanlar özünün yaradıcılığı haqqında bunları demişdir: "Mənim tarzən kimi tanınmağıma xalq musiqimizin və muğam operalarımızın təsiri çox böyük olub. Mən fəxr edirəm ki, böyük bəstəkarımız Ü.Hacıbəylinin həmişəcavan "Leyli və Məcnun" operasını 50 ilə yaxındır ki, öz tarımda müşayiət edirəm".
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"