22 May 2025 10:00
976
Mədəniyyət
A- A+
Birdəqiqəlik sükut 

Birdəqiqəlik sükut 


İçində ömrümüzün anlarını, dəqiqələrini gilə-gilə əritdiyimiz, ruhumuza dinclik və rahatlıq hopduran sükut nədir? Bu sükut, bu sakitlik, bu səssizlik özündə nəyi birləşdirir, nəyi ayırır, nəyi ifadə edir? Bizə nə verir, nəyi qazandırır, bizlərdən nəyi alır? Ürəyimizdən, qəlbimizdən, könlümüzdən nəyi qoparıb aparır? 

Bəs aralığa sükut çökəndə səs-küy hara çəkilir, harada özünə yer tapır? Əlbəttə, sükut, hər şeydən əvvəl, səssizliyə qapılmaqdır, onunla baş-başa qalmaqdır, qarşısında səcdə edib ona tabe olmaqdır. Əslində, sükut insanlardan müəyyən zaman kəsiyində danışmamağı, susmağı və səssizliyi dinləməyi istəyir. Biz danışmağa başlayan kimi sükut pozulur, səssizliyin ipi qırılır. Sükut səssizlikdən yaranmış, səssizlikdən doğulmuş və sakitliyə bürünmüş anlardır. Sakitliyin içində yaşadığımız anlarda ruhumuza, qəlbimizə, ürəyimizə rahatlıq və dinclik çökür. Buna görə də həyatımızın bəzi anlarında sükuta bürünmüş sakitliyə can atırıq. Sükutla, səssizliklə, təklikdə, yalqızlıqda qalmaq istəyirik.

Bəzən düşdüyümüz vəziyyətdən asılı olaraq sükut və səssizlik ən yaxın dostumuza, sirdaşımıza çevrilir. Səssizliklə təklikdə qalanda içimizdə onunla asta-asta danışırıq da, pıçıldaşırıq da, söhbətləşirik də, hələ dərd-sərimizi cümlə-cümlə bölüşürük də. Həmin anlarda ömrümüzün dəqiqələri sanki lal sular kimi hiss olunmadan sakit-sakit keçmişə doğru axıb gedir. Sükut yalnız və yalnız səssizliyi sevir, səs-küyü yaxınına belə buraxmır, ondan uzaq qaçır. Çünki səs oyanan kimi sükutun ömrü sona çatır. Amma sükut əbədi də deyil, nə qədər cəlbedici, xoşagələn olsa da, onun ömrünün uzun olmasını da istəmirik.


Əbədiyyətə qovuşanların xatirəsinə ehtiram


Sükutun elə anları var ki, o anda sakitcə ayağa qalxır, lal-dinməz dayanırıq. Dayanmalıyıq da! Bu, daha çox tədbir və mərasimlərdə elan edilən birdəqiqəlik sükut anında baş verir. Həmin an dünyadan köçmüş yaxınlarımızın, doğmalarımızın, torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçmiş, xalqımıza Zəfər sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin birdəqiqəlik sükutla yad edilməsidir. Düşüncəyə qapıldığımız bu birdəqiqəlik sükut ölənlərin xatirəsinə dirilərin ehtiram və hörmətinin ifadəsidir. 

Bəzən birdəqiqəlik sükut bizə bir saat, bir gün, bir il, bir əsr kimi gəlir. Bir dəqiqənin içində bütün keçmiş və gələcək həyatımız ardıcıllıqla sıralanıb gözlərimiz önündən keçir. 

Bəs bu, birdəqiqəlik sükut ilk dəfə harada, nə vaxt yaranıb, ilk dövrlərdə nəyi ifadə edib? Yəqin ki, oxucuda maraq doğuran suallardır? Bəzi mənbələrdə göstərilir ki, kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında birdəqiqəlik sükut da daxil olmaqla, səssizliyin qoynuna çəkilib dua edirlər. Kvakerlər, "Dindar Dostlar Cəmiyyəti"nə aid olan, xristianlığın protestant məzhəbinə aid insanlar idi. Onlar bir-birilərinə "Dostlar" deyə müraciət edirdilər. Lap əvvəllər isə başqaları onlara "Kvaker"lər (titrəyənlər) deyirdilər. Çünki bu hərəkatın banisi Corc Foks bir vaxtlar söhbət zamanı hakimə "Allahın hakimiyyəti qarşısında titrəməli olduğu"nu söyləmişdi.


Müxtəlif ölkələrdə birdəqiqəlik sükuta fərqli münasibət


Çox da uzaq olmayan tarixdə insan vəfatına həsr olunmuş ilk rəsmi sükut 13 fevral 1912-ci ildə Portuqaliyada qeydə alınıb. Bu ölkənin Senatı 10 dəqiqəlik sükutu üç gün əvvəl - fevralın 10-da dünyasını dəyişmiş Rio-Brankonun baronu, Braziliyanın xarici işlər naziri Joze Mariya da Silva Paranyosanın xatirəsinə həsr olunacağını elan etmişdir. 

Bəzi məlumatlara görə, Rusiya məkanında bu akt ilk dəfə Birinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etmək məqsədilə keçirilib. 1918-ci ilin noyabrında həlak olanlar 1919-cu ilin həmin ayında sükut dəqiqələri ilə ehtiramla xatırlanıb. Sükutun zamanının nə üçün bir dəqiqə çəkməsi ilə bağlı məlumat da maraqlıdır. Sən demə, əvvəllər sükuta ayrılan vaxt 5 dəqiqə olub. Sonralar "The Times" qəzetinin əməkdaşı, avstraliyalı jurnalist Edvard Corc Han 5 dəqiqənin böyük zaman ölçüsü olduğunu deyib və sükutun bir dəqiqəyə qədər azaldılmasını təklif edib. Bu dəfə də bir dəqiqə az hesab olunub və sükutun iki dəqiqə olmasına qərar verilib. Amma sonralar sükutun müddəti bir dəqiqəyə endirilib.

Dünyanın müxtəlif ölkələrində birdəqiqəlik sükut aktına müxtəlif yanaşmalar mövcuddur. Kanada və Cənubi Afrikada 11-ci ayın 11-ci günü, saat 11-də Birinci Dünya müharibəsində həlak olanların xatirəsi sükutla yad olunur. MDB-nin bəzi ölkələrində dualar oxunduqdan sonra sükut elan edilir. Bəzən sükut anları ilə eyni vaxtda həmin ölkələrin himni də səsləndirilir. Ona görə də bu mərasimlər təkcə yadetmə kimi deyil, həm də bu ölkələrin müharibə şərəfinin qorunması vasitəsi kimi də dəyərləndirilir.

Avstraliyada 11 noyabrda keçirilən Anım Günündə gənclərin vətənpərvərlik təbliğatına böyük önəm verilir. Ənənəyə görə, həmin gün ali və orta məktəblərdə vurulan zəngin səsi daha  ucadan eşidilməlidir. Anım Günü müxtəlif şəhərlərdə müharibə zamanı həlak olanların abidələri də ziyarət olunur.

Anım Günü Kanadanın bir sıra əyalətlərində ictimai mərasim kimi qeyd edilir. Bu zaman birdəqiqəlik sükutla yanaşı, ölənlərin ruhuna dualar oxunur, maşın və gəmilərin siqnal və fitləri səslənir. Bu mərasimlərdə dövlət rəsmiləri də iştirak edirlər.

Böyük Britaniyada keçirilən anım mərasimlərində Kral Qvardiyası da iştirak edir. İtaliyada isə Birinci Dünya müharibəsində həlak olanların xatirəsi noyabrın 4-də yad edilir. Hollandiyada Anım Günü mayın 4 və 5-də keçirilir. Hindistanda, Şimali İrlandiyada, Fransada, İndoneziyada, Keniyada, Yeni Zelandiyada da Anım günləri keçirilir. 

Ölkəmizdə isə Anım Günü ildə iki dəfə keçirilir. Hər il yanvar ayının 20-də saat 12:00-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilir. Həmin an avtomobillər hərəkətlərini dayandıraraq səs siqnalı, Xəzərdəki gəmilər isə fit verirlər. Fevral ayının 26-da saat 17:00-da isə erməni qəsbkarlarının 1992-ci ildə Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımında şəhid olanların xatirəsi birdəqiqəlik sükut və dərin ehtiramla anılır.

Onu da qeyd edək ki, dünyamızda sükut adı ilə bağlı ərazilər də var. Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, bir az düz, bir az da dalğalı buzlaq vadisidir. Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Sükut dərəsi" adlandırmışdı. Yüksəkliklərin vurğunu olan alpinistlər "Sükut dərəsi" vasitəsilə Everestin zirvəsinə qalxırlar. Sanki arzu və istəklərinə sükut içində, səssizliyin, sakitliyin köməyi ilə çatırlar. Adından da göründüyü bu yerlərdə daim sükut hökmranlıq edir, sakitlik dumanı sürünür. Bura ilk qədəmlərini basan insanlar ərazidə hökm sürən sükutla, səssizliklə baş-başa qalırlar. 


Sükutun saat əqrəbləri arasında eşidilən səsi 


Yaxşı xatırlayıram, hərbi hissələrin birində tədbir keçirilirdi. Həmişəki kimi yenə də birdəqiqəlik sükut elan olundu. Bu ritualı yerinə yetirmək üçün hamı ayağa qalxıb sükutla baş-başa qaldı. Birdəqiqəlik sükut anı başlayan kimi mikrofonda saatın əqrəblərinin hərəkətinin, tərpənməsinin səsini eşitdik. Əqrəblərin səsi bir dəqiqənin içində sanki iştirakçılara ürək döyüntüsünü xatırladırdı. Bu ahəngli, ritmik səsdən həm də iştirakçılar vaxtın su kimi necə həzin-həzin axdığını hiss etdi. Sanki bu anlarda insanlar vaxtın, zamanın səsini eşidirdilər. 

Özümüzə sual veririk ki, görəsən, bu birdəqiqəlik sukutun icra olunmasının tərbiyəvi əhəmiyyəti nədən ibarətdir? Bu sükut, bu anım onların mənəvi dünyasına necə təsir edir? Tədbir və mərasimlərdə birdəqiqəlik sükutun elan olunmasının insanlara, insanlığa faydası varmı? 

Suallarımıza aydınlıq gətirmək üçün müxtəlif peşə adamları ilə həmsöhbət olduq, onların bu məsələ ilə bağlı fikirlərini öyrəndik. Verdiyimiz suallar eyni olsa da, cavablar bir-birinə oxşamadı, fikirlər üstə-üstə düşmədi. Birdəqiqəlik sükut aktının icra olunmasına fərqli yanaşmaları özündə əks etdirən müxtəlif cavablar verildi.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli sualımızı cavablandıraraq dedi ki, birdəqiqəlik sükut və ya bir müddət ayaq üstə durub səssizcə gözləmək dünyasını dəyişən qəhrəmanların və önəmli şəxslərin xatirəsinə hörmətin ifadəsidir. Birdəqiqəlik sükutun dinlə heç bir əlaqəsi yoxdur. Bu aktı, əsasən, modern dünyada yaşayan sekulyar insanın məna axtarışı olaraq ifadə edə bilərik. Beləcə, insanlar dünyasını dəyişmiş qəhrəman şəxslərə olan təşəkkürlərini bu şəkildə göstərməyə çalışırlar. Məsələyə dini çərçivədən baxsaq, deyə bilərik ki, dinlər ölən şəxslərin hər zaman yad olunmasını, qəbirlərinin ziyarət olunmasını, ruhlarına dualar oxunmasını tövsiyə edir. Birdəqiqəlik sükutun dinlə əlaqəsi olmasa da, ona qarşı bir hal olmadığını da söyləyə bilərik. Çünki önəmli şəxslər və böyüklər üçün hörmət əlaməti olaraq ayağa qalxmaqda heç bir günah yoxdur. Bu davranışı Hz.Peyğəmbərin (s.a.v) həyatında bəzən böyüklər, gələn qonaqlar, ailə üzvləri və cənazə üçün hörmət əlaməti olaraq ayağa qalxması və bu davranışı tövsiyə etməsi ilə açıqlaya bilərik. Dinin qadağan etdiyi xüsus, bir şəxsi ucaltmaq, ona təzim etmək niyyəti ilə yanında ayaq üstə gözləməkdir. 

Elnur Əzimlinin fikrincə, məsələyə ictimai tərəfdən baxsaq, deyə bilərik ki, birdəqiqəlik sükut cəmiyyətin bütün fərdlərini, qısa müddət üçün də olsa, birləşdirib eyni hərəkəti etməyə sövq edən bir aktdır. Bu xüsusda insanlar cəmiyyətin ən çox ehtiyac duyduğu, həmrəylik hissini inkişaf etdirə bilər. İdeologiyasından, dini düşüncəsindən asılı olmayaraq, cəmiyyətin fərdlərinin eyni bir hərəkətdə ortaq birləşməsi, öz qəhrəmanlarını yad etməsi, cəmiyyət üçün ictimai baxımdan əhəmiyyətli və faydalı bir hal olduğunu qeyd edə bilərik.

"Azərbaycan" jurnalının məsul katibi, yazışı-rejissor Vüsal Nuru bu mövzuda fikirlərini bizimlə bölüşərək dedi ki, birdəqiqəlik sükut sayğı duruşudur. Müharibələrdə itirilmiş, həlak olmuş insanların xatirəsinə hörmət və ehtiramın ən bariz əlamətidir. Mənəvi tərəfi isə itkini anlamaq, yoxluğu duymaq, faciə qurbanlarıyla empatiya qurmaqdır. Faciənin ağırlığını anlamaq və duymaq üçün verilən vaxt bir fürsətdir. Bir dəqiqədə dil sussa da, beyin daha sürətlə işləməyə, araşdırmağa, düşünməyə, dərk eləməyə başlayır. Əslində, bir dəqiqə heç də qısa vaxt deyil, dəqiqəni dolduran hər saniyədə dünyada milyonlarla müxtəlif şəkilli hadisələr baş verir. Yəni bu birdəqiqəlik sükut insan olaraq özünü dərk eləməyə kifayətdir.


İnsan mənəviyyatını təmizləyən, paklaşdıran birdəqiqəlik sükut


İslam dinində sükutdan, əsasən, insanların nəfsinin tərbiyəsindəki faydalarından ətraflı söz açılır, dəyərli fikirlər səsləndirilir. Adlı-sanlı islam alimləri söyləyirlər ki, özünütərbiyə yollarından biri də sükut etməkdir. Ən gözəl fikirlərin sükutdan doğulduğunu da gərək unutmayaq. İnsan yalnız zəruri olan hallarda danışsa, daha yaxşı və hörmətli olar. Ondan nə soruşulursa, nə tələb olunursa, o haqda danışmalıdır. 

Hansısa tədbir zamanı birdəqiqəlik sükut elan olunan anlarda insanların sifətindəki kədəri görməmək, sezməmək mümkün deyil. İstər-istəməz anım zamanında mərasimdə iştirak edənlərin çöhrəsindəki sevinc ərşə çəkilir, üzlərə, gözlərə duman kimi qəmgin ifadə çökür. Bəzən birdəqiqəlik sükutun hökm sürdüyü anlarda doluxsunanları da görürük, hıçqırtı səslərini də eşidirik. Deməli, belə sükut anlarında doğmalarımız və əzizlərimiz yada düşüb xatırlanır.

Ömrümüz boyu müxtəlif tədbirlərdə ayaq üstə dayanaraq, nəfəsimizi, səsimizi içimizə çəkib birdəqiqəlik sükuta dalırıq. Görəsən, bu birdəqiqəlik sükutları üst-üstə toplasaq, nə qədər edər? Bir həftə, iki ay, bir il. Kim bilir, bəlkə də daha çox, daha az. Susub başımızı sinəmizə endirdiyimiz həmin bir dəqiqələri ömrümüzün sükut və ehtiram anları kimi də qəbul etmək olar. 

Söylənilən fikirlərdən, verilən rəylərdən aydın görünən və duyulan odur ki, birdəqiqəlik sükut ətrafında müxtəlif fikirlər səslənsə də, bütövlükdə çoxluq bu ənənəni məqbul hesab edir. Özündə kədərli anları birləşdirən bu ritualın davam etməsini dəstəkləyir. Bu da təbiidir, çünki sükut dəqiqəsində insanlar ətrafdakı bütün səs-küydən, qayğılardan ayrılaraq dünyanı, həyatı daha dərindən dərk edirlər. 

Birdəqiqəlik sükut anında sanki insanlar mənəvi cəhətdən təmizlənir, paklanır, müdrikləşir, kamilləşirlər. Ovqatımıza ovqat qatan bütün bu mənəvi keyfiyyətlər isə insanın, insanlığın adını, şərəfini daha yüksəkliklərə, ilahi ucalıqlara qaldırır. Hamını və hər kəsi mehribanlığa, həmrəyliyə və birliyə səsləyir. Bu əbədi-əzəli bir yol, heç vaxt unudulmayacaq bir ənənədir. Necə deyərlər, bizdən əvvəl bu yolla gediblər, indi də biz gedirik, gələcəkdə də gediləcəkdir... 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!