- Ali təhsilli gənc mütəxəssisəm. Əmək fəaliyyətinə 2021-ci ildə başlamışam, amma bir aya yaxındır ki, müqavilə müddətim qurtardığına görə işdən azad olunmuşam. Mənə işsizlikdən sığorta ödənişi düşürmü? Əgər düşürsə, bunun üçün hara müraciət etməliyəm?
Aytac MURADOVA,
Xırdalan şəhəri
- Sualınıza cavab olaraq bildiririk ki, işsiz şəxslərə işsizlikdən sığorta ödənişinin həyata keçirilməsi məsələsi "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunları və "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
"İşsizlikdən sığorta haqqında" qanunun 13-cü maddəsinə əsasən, sığorta ödənişi şəxsə o halda təyin edilə bilər ki, həmin şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmiş olsun, həmçinin həmin şəxs "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, işsiz kimi qeydiyyata alınsın.
Məlumat üçün əlavə edək ki, aşağıda sadalanan əsaslarla:
* dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatların ixtisar edilməsi (müvafiq olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndləri, şəxs son iş yerində dövlət qulluqçusu kimi işləyibsə, "Dövlət qulluğu haqqında" qanunun 33.1.2 və 33.1.3 maddələri nəzərdə tutulur);
* müəssisənin mülkiyyətçisi dəyişdikdə (həmin məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
* əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda (Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "b"bəndi);
* əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə (Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "ə" bəndi) əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslərə (tələb olunan sığorta stajına malik olduqları halda) işsizliyin davamiyyətindən asılı olaraq işsizlikdən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
* əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi, 73-cü maddəsi) işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətinə təyin edilir və sözügedən şəxslərin təkrar müraciət zamanı yenidən minimum sığorta ödənişi almaq hüququ yoxdur.
Sizin hala gəldikdə qeyd olunmalıdır ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsinə uyğun qaydada sizə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə sığorta ödənişi təyin edilə bilər. Bunun üçün siz "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq işsiz şəxs kimi müraciət etməlisiniz. "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"nın 2-ci bəndinə görə, siz işaxtaran kimi qeydiyyata alınmaq üçün "Elektron hökumət" və ya "e-sosial" portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) "Məşğulluq" altsistemində (bundan sonra - MAS) "Müraciət-Ərizə"ni doldurmalısınız. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat sizin elektron kabinetinizdə yerləşdirilir və mobil nömrənizə göndərilir. MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, sizin şəxsi kabinetinizə yerləşdirilir. Sonra isə əgər sizin azı 24 ay sığorta stajınız mövcuddursa, sığorta hadisəsinin (əmək müqavilənizə xitam verilməsi) baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə minimum sığorta ödənişi məbləğində ödəniş təyin edilir.
Beləliklə, sizə əmək müqavilənizin müddətinin qurtarması səbəbindən işdən azad edildiyinizə görə işsiz şəxs kimi yalnız 3 ay müddətinə sığorta ödənişi müəyyən oluna bilər və işsizlik davam edərsə, təkar müraciət hüququnuz yoxdur.
Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərinin xidmətindən də yararlana bilərsiniz.
- Həyat yoldaşımdan ayrılmışam, işləmirəm və 2 azyaşlı uşağım var. Sosial yardım alıram. Bilmək istəyirəm sosial kartla kredit götürə bilərəm?
Gülşən QUBADOVA,
Cəlilabad rayonunun Cəngan kəndi
- Sualınızda qaldırdığınız məsələ "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 saylı qərarı ilə tənzimlənir.
Adıçəkilən qanunun 10.2-ci maddəsinə əsasən, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə sosial yardım alan ailə bu barədə yardım təyin edən quruma 15 (on beş) iş günü müddətində məlumat verməlidir. Sosial yardımın məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə qeyd olunan müddətdə məlumat verilmədikdə həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Bununla bərabər, qanunvericilik baxımından "bank krediti"nin ailənin gəliri kimi nəzərə alınıb-alınmaması məsələsinin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 saylı qərarına 07.11.2020-ci il tarixdə edilmiş dəyişikliklə "bank krediti" şəxsin gəlirlərinin sırasından çıxarılmışdır. Qeyd olunan tarixədək şəxsin kredit alması onun gəlirlərinin dəyişməsi kimi nəzərə
alınırdı.
Beləliklə, yuxarıda qeyd olunanlar baxımından siz istənilən bankdan kredit ala bilərsiniz. Belə olan halda sosial yardım təyin edən orqan sizə verilən yardımın dayandırılması ilə bağlı hər hansı addım atmaq hüququna malik deyil.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü