02 Oktyabr 2024 08:30
573
İQTİSADİYYAT
A- A+
Bəyaz donlu, ağ örpəkli tarlalar

Bəyaz donlu, ağ örpəkli tarlalar


Salyanda bu il də bol pambıq yetişdirilib


Dəmir yolu xəttini keçib şor su kollektorlarının kənarı ilə qərb istiqamətinə uzanıb gedən torpaq yolla irəliləyirik. Taxılı biçiləndən sonra şumlanan sahələr, yaşıl yoncalıqlar, ağ örpəyə bürünmüş tarlalar, heyvandarlıq fermaları, otlaqlar bir-bir arxada qalır. 

Sükan arxasında oturan "MKT-İk" MMC Salyan filialının istehsalat şöbəsinin rəisi Əliskəndər Əliyev ətrafa maraqla boylandığımı görüb deyir: 

- Bunlar Salyanın Noxudlu kəndinə aid olan yerlərdir. Görünən kanaldan o tərəf isə Sabirabad rayonunun ərazisidir. 

Yolun hər iki tərəfində yovşan və biyan kolları boy verib qalxıb. 

- Buralarda yaxşı turac olar, - deyirəm. 

Əliskəndər: 

- Çox olur, adətən, səhər vaxtı şehdən islanmış qanadlarını günəşin istisiylə qurutmaq üçün yola, torpaq təpələrin üstünə çıxırlar. 

Uzaqdan pambıqyığan maşın görünür. Əliskəndər "Niva"nı ora sürür. Təxminən 15 dəqiqədən sonra pambığı yığılan sahəyə çatırıq. Tarlanın o başından kombaynın qoşqulu traktorların dayandığı yerə tərəf gəldiyini görürük. Maşından düşürük və kombaynın gəlib çıxmasını gözləyən adamlarla salamlaşırıq: "İşiniz avand, məhsulunuz bol olsun!" - deyirik. Bunlar fermer Mehdi Həsənov, qoşqulu traktorun sürücüsü Əli Əliyev, pambığın lafetlərə boşaldılmasını nizamalayan İlqar Əliyev, Əfqan Əliyev, ərazi aqronomu Ağalar Miriyevdir. Hal-əhval tutub işlərinin necə getdiyi ilə maraqlanırıq. Hamısı şükranlıq edərək: "Lap yaxşıyıq, işlər də normal qaydada gedir, siz sağ olun," - deyirlər. 

Ağappaq örpəyə bürünmüş sahəyə giririk. İstehsalat şöbəsinin rəisi Ə.Əliyev çiçək kimi açılmış pambığın bir ləçəyini dərib ondakı çiyid dənələrini sayır və çöhrəsində xoş təbəssümün yarandığı nəzərimizdən yayınmır. O, üzünü yaxınlıqda dayanan fermer M.Həsənova tutur: 

- Sağ ol, yaxşı məhsul yetişdirmisən. Hər hektardan azı 42-45 sentner götürəcəksən. Bu onu göstərir ki, bizim mütəxəssislərin sözlərinə, məsləhətlərinə əməl edərək aqrotexniki tədbirləri vaxtlı-vaxtında yerinə yetirmisən. Bunun da nəticəsində belə məhsul hasilə gəlib. Deyildiyi kimi, zəhmət heç vaxt itmir. Gəlirin də yaxşı olacaq. Gəlir yaxşı olanda isə ailədə, arvad-uşaq yanında, el içində başın uca, üzün ağ olur. Xeyrini-şərini yola verməkdə aciz qalmırsan. 

Sahənin o biri başından gələn kombayn qoşa lafetə yaxınlaşır. Bu vaxta qədər də hər kəs işini görmüşdür. Bunkerdən lafetə boşaldılan zaman azca yerə dağılan pambıq lopaları torpağa bulaşmasın deyə yerə yelkənlər sərilmişdir. Boşaltma prosesi başa çatan kimi işçilər həmin məhsulu yığıb lafetə tökürlər. 

Pambıqyığan maşının sürücüsü Vidadi Səfərovla da görüşüb bir neçə dəqiqə vaxtını alırıq. Deyir ki, "Conder" adlanan bu kombaynlar rahat və məhsuldar texnikadır: "Gün ərzində onunla 4-5 hektarın pambığını rahatca yığmaq olur. Hər dəfə 4 cərgəni götürür. Sahə təmiz, alaqsız olanda, demək olar ki, kolun üstündə "quşbaşı" adlanan azacıq məhsul belə qalmır. Amerikanın buraxdığı bu kombaynlar mexanizatora can rahatlığı gətirir. Kabinəsinə bir qram da toz-torpaq girmir. Kondisioneri var. Adamı tərləməyə qoymur. 

Bir neçə dəqiqə vaxtını aldığımıza görə üzr istəyirik. O isə gülə-gülə: 

- 3-5 dəqiqə ilə heç bir şey olmaz, - deyib kombaynın kabinəsinə qalxır. Yaşıl rəngli "tarla gəmisi" yenidən cərgələr arası ilə irəliləməyə başlayır.    

Fürsətdən istifadə edib fermer M. Həsənova bir neçə sualla müraciət edirik. Məlum olur ki, çalışdığı təsərrüfatın 430 hektar torpaq sahəsi var. Bu il əkdiyi 120 hektar taxıl sahəsinin hər hektarından orta hesabla 35 sentner məhsul əldə edib.  Oktyabr ayında gələn ilin məhsulu üçün arpa əkininə başlayacaq. Bundan ötrü lazımi hazırlıq işləri görülüb. Yüksək məhsuldarlıq üçün vaxtında yay şumu aparıb, kifayət qədər elit toxum tədarük edib. Deyir ki, əkinçilikdə növbəlilik prinsipinə ciddi əməl olunduqda həm torpaq saflaşır, həm də bitkilər xəstəliklərə qarşı davamlı olur, məhsuldarlıq da öz  yerində: "Arpanın və ya buğdanın əkildiyi yerə növbəti il pambıq əkəndə daha çox  məhsul əldə edirsən. Bir də pambıq körpə uşaq kimidir. Gərək nazını çəkəsən. İmkan daxilində mən də bu prinsipə əməl etməyə çalışıram. Məhsulunu topladığımız pambıq sahəsinə keçən il taxıl əkmişdim. Düz 5 dəfə kompleks becərmə aparmışam. Növbəli əkinin nəticəsi göz qabağındadır. Əkdiyim 12 hektarın hər hektarından 40-45 sentnerdən çox pambıq gözləyirəm". 

Su probleminin olub-olmadığı ilə maraqlanırıq. Bildirir ki, Kür çayından xeyli uzaqda olan bu yerlərə su gələ bilir, təki Kürdə su olsun. 

M.Həsənov kənd təsərrüfatının ən ağır sahəsi olan heyvandarlıqla da məşğuldur. Necə deyərlər, məhsul bolluğu yaradılmasında yaxından iştirak edir. Bəslədiyi 450 baş qoyun-keçidən xeyli mənfəət əldə edir. Otlaq sahəsinə müvafiq gələn sayda heyvan saxlayaraq qalanını bazara çıxarır. Qoyun yatağında çobanlar üçün lazımi şərait yaratmağı da unutmayıb. Deyir ki, çoban yaxşı yaşamaq istəyir. İşdən gəlib yaxşı istirahət edən, televizoru, radiosu və digər zəruri şəraiti olan çoban daha yaxşı işləməyə çalışır. Ona göstərilən diqqət və qayğıya əməli işi ilə cavab verməyə səy göstərir. 

Pambıq yığımının qızğın çağıdır. May ayında havaların soyuq keçməsi onun yetişmə fazasını xeyli ləngidib. Əvvəlki illərdən fərqli olaraq yığım kampaniyasına ən azı 20 gün gec - seçmə yolla sentyabrın 20-dən başlanıb. 

Onu da qeyd edək ki, "MKT-İK" MMC Salyan filialı bu ilin yanvar ayında 457 fermerlə müqavilə bağlayıb. Filial üzrə əkilən 2 min 707 hektar pambıq sahəsində yay boyu qızğın iş gedib. 

Artıq payızdır. Gərgin əmək sayəsində yaxşı məhsul yetişib, tarlalar üzə gülür. Hər bir fermer yetişdirdiyi sahələrdə tez bir zamanda defelyasiya işi aparmağa, pambığı açılan yerlərin məhsulunu tez və itkisiz yığmağa çalışır. Bu gün fermerləri gün çıxandan gün batana kimi sahələrdə görmək olur. 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!