22 Aprel 2026 08:35
163
İQTİSADİYYAT
A- A+
Bakı qlobal urbanizasiya gündəminin mərkəzində olacaq

Bakı qlobal urbanizasiya gündəminin mərkəzində olacaq


WUF13 şəhərlərin gələcək inkişafı ilə bağlı mühüm müzakirə platformalarından birinə çevriləcək


Gələn ay ölkəmiz daha bir möhtəşəm qlobal tədbirə evsahibliyi edəcək. Bakıda BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Bu tədbirə evsahibliyini məhz Azərbaycanın etməsi qərarı iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınan ölkəmizin dayanıqlı şəhərsalma proseslərində getdikcə daha da artan rolunu nümayiş etdirir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi hadisəni nəzərə alaraq müvafiq sərəncamla 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan etmişdir. 


XXI əsrin əsas çağırışlarından biri


BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu (World Urban Forum - WUF) urbanizasiya, dayanıqlı şəhər inkişafı və gələcəyin şəhər modelləri üzrə ən nüfuzlu qlobal platformalardandır. Bu forumda dövlətlər, beynəlxalq təşkilatlar, ekspertlər və şəhər idarəçiləri bir araya gələrək XXI əsrin əsas çağırışlarından olan urbanizasiyanın sosial, iqtisadi və ekoloji aspektlərini müzakirə edirlər.

Belə bir forum 2001-ci ildən keçirilir, onun yaradılması isə 1996-cı ildə İstanbulda təşkil edilmiş Habitat II Konfransının nəticələrindən irəli gəlmişdir. Həmin konfransda şəhərsalma və yaşayış mühitinin yaxşılaşdırılması məsələləri qlobal prioritet kimi müəyyənləşdirilmiş və bu sahədə davamlı dialoq üçün platformaya ehtiyac yaranmışdır. Məhz bu ehtiyacdan çıxış edərək BMT çərçivəsində WUF təsis olunmuş, ilk forum 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə keçirilmişdir. O vaxtdan etibarən forum hər iki ildən bir təşkil edilir. Dünya Şəhərsalma Forumu artıq dünya şəhərlərinin inkişafı ilə bağlı ən mühüm müzakirə platformalarından birinə çevrilib.


Seçim, yoxsa zərurət?


Artıq üçüncü onilliyini  yaşadığımız XXI əsrdə dünya əvvəlki yüzilliklərdən daha sürətlə dəyişir. Texnologiyalar inkişaf edir, iqtisadi modellər transformasiya olunur, geosiyasi reallıqlar yenidən formalaşır. Bütün bu dəyişikliklərin mərkəzində isə bir fundamental həqiqət dayanır: insanlar getdikcə daha çox şəhərlərdə yaşayır və onun gələcəyi məhz bu məkanlarda müəyyən olunur. Bu səbəbdən memarlıq və şəhərsalma artıq dar peşə sahəsi olmaqdan çıxaraq qlobal inkişafın əsas istiqamətlərindən birinə çevrilib.

Ona görə də BMT kimi qurumların bu sahəyə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Şəhərlərin necə planlaşdırılması, idarə olunması və inkişaf etdirilməsi məsələləri bu gün qlobal gündəliyin əsas mövzularındandır.

Məlumdur ki, şəhərlər tarixən iqtisadi inkişafın aparıcı qüvvəsi olub. Bu gün də innovasiya, maliyyə, texnologiya və insan kapitalı əsasən şəhərlərdə cəmləşir. Dünyanın ən böyük iqtisadi gücləri məhz iri şəhər mərkəzləri üzərində qurulub. Lakin urbanizasiya prosesi nəzarətsiz qaldıqda ciddi problemlər yaradır: sürətli və plansız genişlənmə infrastruktur çatışmazlığına, sosial bərabərsizliyin artmasına, həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu baxımdan, şəhərsalma artıq tikinti məsələsindən də çox strateji planlaşdırma və idarəetmə məsələsidir.

Qlobal iqlim dəyişiklikləri fonunda da şəhərlərin rolu getdikcə artır. Enerji istehlakı, nəqliyyat sistemləri və tikinti sektoru karbon emissiyalarının əsas mənbələrinə çevrilib. Bu isə o deməkdir ki, iqlim böhranının həlli böyük ölçüdə şəhərlərin necə qurulmasından asılıdır. "Yaşıl şəhər", "enerji səmərəliliyinə malik binalar", "dayanıqlı nəqliyyat" və s. kimi anlayışlar artıq seçimdən çox, zərurət kimi nəzərə çarpır. Belə bir zərurət qarşısında düzgün planlaşdırılmış şəhər həm ətraf mühiti qoruyur, həm də uzunmüddətli iqtisadi səmərəlilik yaradır.


Gələcəyin xəritəsi şəhərlərdə çəkilir


Bəzən şəhər deyəndə, bunu yalnız binalar toplusu kimi təsəvvür edirik, əslində isə hər şəhər insan həyatının təşkil olunduğu mürəkkəb sosial sistemdir. Şəhərin memarlıq və şəhərsalma xüsusiyyətləri insanların gündəlik həyatına birbaşa təsir göstərir: harada yaşayırıq, necə hərəkət edirik, ictimai məkanlardan necə istifadə edirik və s. Plansız şəhərlər sosial parçalanmanı gücləndirir, ictimai əlaqələri zəiflədir və həyat keyfiyyətinə mənfi təsir göstərir. Əksinə, düzgün planlaşdırılmış şəhərlər sosial inklüzivliyi artırır, insanların bir-biri ilə əlaqəsini gücləndirir və daha sağlam cəmiyyət yaradır.

Bu baxımdan, müasir dövrdə şəhərlər arasında rəqabət həm sosial-iqtisadi, həm də mədəni xarakter daşıyır. Qloballaşma prosesində bir çox şəhərlər öz unikallığını itirmək riski ilə üz-üzə qalır. Bu səbəbdən memarlıq və şəhərsalma yalnız yeni binalar inşa etmək deyil, həm də tarixi irsi qorumaq, milli kimliyi yaşatmaq deməkdir. Şəhərlərin siması onların yaddaşıdır. Bu yaddaş qorunmadıqda şəhər sadəcə funksional məkan olaraq qalır, lakin ruhunu itirir.

Rəqəmsal transformasiya da şəhər həyatını köklü şəkildə dəyişir. "Ağıllı şəhər" konsepti artıq praktik reallıqdır. Rəqəmsal idarəetmə sistemləri, böyük məlumatlar bazası və süni intellekt şəhərlərin daha effektiv və çevik idarə olunmasına imkan yaradır. Lakin burada da əsas məsələ texnologiyanın özü deyil, onun məqsədidir. Texnologiya insan mərkəzli inkişafı dəstəkləməli, sosial bərabərsizliyi azaltmalı və həyat keyfiyyətini yüksəltməlidir.

Müasir dünyamızda şəhərlər sadəcə inzibati vahid olmaqdan daha böyük funksiyanı yerinə yetirərək iqtisadiyyatın, innovasiyanın, hətta diplomatiyanın əsas sferasına çevrilir. Bir çox hallarda şəhərlərarası əməkdaşlıq dövlətlərarası münasibətlər qədər əhəmiyyətli olur. İqlim dəyişikliyi, miqrasiya və enerji təhlükəsizliyi kimi qlobal problemlərin həlli də məhz şəhər səviyyəsində daha effektiv şəkildə həyata keçirilir. Bu isə şəhərsalmanı qlobal siyasətin ayrılmaz hissəsinə çevirir. 

Bir sözlə, şəhərlər necə qurulursa, insan cəmiyyətləri də elə formalaşır. Düzgün planlaşdırılmış şəhər iqtisadi inkişafı sürətləndirir, sosial ədaləti gücləndirir, ətraf mühiti qoruyur və mədəni kimliyi daimi yaşadır. Əks halda isə şəhərlər saysız-hesabsız problemlərin mərkəzinə çevrilir. Bu reallıq fonunda memarlıq və şəhərsalma məsələlərinin qlobal gündəmin ön sıralarına çıxması tamamilə qanunauyğundur. Çünki artıq hamı anlayır ki, gələcəyin xəritəsi məhz şəhərlərdə çəkilir.


Azərbaycan nümunəsinin qlobal təqdimatı


Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məhz Bakıda keçirilməsi təsadüfi deyil. Bu evsahibliyi Azərbaycanın şəhərsalma sahəsində həm tarixi, həm müasir potensialının qlobal miqyasda təqdimatı deməkdir. Tarixən Şərqlə Qərb arasında körpü rolunu oynamış Azərbaycan bu gün də geosiyasi baxımdan strateji mövqeyini qoruyur. İpək yolu üzərində yerləşən qədim şəhərlərimiz ticarət, mədəniyyət və sənətkarlıq mərkəzləri kimi formalaşaraq urbanistik inkişafın erkən nümunələrini yaratmışdır.

Bu tarixi reallıq müasir Bakının simasında öz əksini tapır. XIX əsrdən başlayaraq, sürətlə sənayeləşən şəhər Şərq və Qərb memarlıq ənənələrinin sintezində formalaşaraq özünəməxsus urban model yaradıb. Azərbaycanın şəhərsalma modeli yalnız müasir inkişaf göstəriciləri ilə deyil, həm də zəngin memarlıq irsi ilə seçilir. Ölkə ərazisində qorunan qalalar, karvansaralar, məscidlər, türbələr və s. milli memarlıq ənənələrinin davamlılığını nümayiş etdirir. Bu irsin ən parlaq nümunələri arasında İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı kimi UNESCO-nun irs siyahısına daxil edilmiş abidələr xüsusi yer tutur. Bu nümunələr Azərbaycanın şəhərsalma mədəniyyətinin dünya miqyasında qəbul olunduğunu göstərir. Orta əsr memarlıq məktəbinin zirvələrindən olan Əcəmi Naxçıvaninin yaradıcılığı isə bu ənənələrin intellektual təməlini formalaşdırır.

XX əsrdə Mikayıl Hüseynov və Sadıq Dadaşov kimi memarların fəaliyyəti ilə milli ənənələr müasir memarlıqla sintez olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə şəhərsalma sahəsi sistemli dövlət siyasətinə çevrilmiş, müstəqillik illərində bu model daha da inkişaf edərək müasir urban transformasiyaya yol açmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli mərhələsinə yetişmiş Azərbaycanın paytaxtındakı Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Ağ Şəhər kimi layihələr bu transformasiyanın möhtəşəm simvollarıdır. Eləcə də Vətən müharibəsindəki tarixi zəfərimizdən, torpaqlarımızın işğalçılardan təmizlənməsindən sonra bu gün Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd" konsepti və digər layihələr Azərbaycanın urbanizasiya sahəsində ən innovativ yanaşmalarının, bu sahədə uğurlarının bariz təzahürüdür. 


Qarabağ və Şərqi Zəngəzurda gələcəyin şəhərləri salınır


İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin tərkib hissəsi kimi reallaşdırılan layihələr faktiki olaraq gələcəyin şəhərlərinin modellərini formalaşdırır. Qısa müddətdə onlarla yaşayış məntəqəsinin planlaşdırılması dünya təcrübəsində nadir dinamika nümayiş etdirir. Qədim mədəniyyət mərkəzlərimizdən olan Şuşa şəhərinin tarixi simasının bərpası isə urbanizasiya ilə mədəni irsin qorunmasının uğurlu sintezidir.

WUF13 kimi qlobal tədbirin paytaxtımızda keçirilməsi ölkəmizə həm birbaşa iqtisadi fayda, həm də uzunmüddətli strateji dividendlər vəd edir. Turizm, xidmət sektoru və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi ilə yanaşı, Azərbaycan qlobal urbanizasiya xəritəsində mövqeyini daha da gücləndirmiş olur. Bu forum eyni zamanda təsirli "yumşaq güc" alətlərindən biri kimi çıxış etməklə Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək.

Bu forum Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübəni qlobal səviyyədə təqdim etmək üçün unikal platformadır. Bu forum vasitəsilə Bakıdan dünyaya belə bir aydın mesaj veriləcək ki, uğurlu şəhər yalnız infrastruktur layihələri ilə deyil, tarix, mədəniyyət və insan amilinin harmoniyası ilə formalaşır. Azərbaycanın modeli isə məhz bu harmoniyanın praktik nümunəsidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 67 dollar bahalaşıb

10:40
22 Aprel

Dünya birjalarında neft ucuzlaşıb 

10:39
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

10:37
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!