İyunun 24-də Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, o cümlədən digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib.
Qeyd olunub ki, inzibati binada “Elektron Prokurorluq” informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, fəaliyyətin çevikliyi və şəffaflığı daha da artırılır.
İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib.
Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. O vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən islahatlar Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına əsaslanır və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarının maddi-texniki təminatının gücləndirilməsi və müasir iş şəraitinin yaradılması hüquq-mühafizə sistemində həyata keçirilən institusional islahatların mühüm tərkib hissəsidir. O bildirib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati binanın əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulması nəticəsində yaradılan yeni şərait əməkdaşların fəaliyyətinin daha səmərəli təşkilinə, rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsinə və vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Kamran Əliyev bu münasibətlə dövlətimizin başçısının prokurorluq orqanlarına göstərdiyi davamlı diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.
Baş prokuror vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə müasir və dayanıqlı infrastrukturun formalaşdırılmasına xüsusi təkan verir. O qeyd edib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binası da müasir idarəetmə tələblərinə uyğun qurulmuş iş mühitinin nümunəsidir. Kamran Əliyev əməkdaşları yeni şəraitdən səmərəli istifadə etməyə, peşə hazırlığını daim artırmağa, fəaliyyətlərində qanunçuluq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiq qalmağa çağıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi önəmli bir tarixə - Silahlı Qüvvələr Günü ərəfəsinə təsadüf edib.