Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən beynəlxalq sərgidə “AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerji sektorunda həyata keçirilən rəqəmsal transformasiya layihələrini təqdim ediblər.
Forum çərçivəsində “AzərEnerji” tərəfindən hazırlanan “Azərbaycan enerjisisteminin arxitekturası”, “Azərişıq” ASC tərəfindən isə “Şəbəkə memarlığı” kitablarının təqdimatı keçirilib. Nəşrlərdə ölkənin enerji sisteminin formalaşma mərhələləri, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.
“AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış İnstitutu MMC-nin direktoru Asif Həşimov təqdimat mərasimində bildirib ki, hazırda Bakıda urbanizasiya kimi qlobal əhəmiyyətli mövzular müzakirə olunur.
O qeyd edib ki, BMT-nin nüfuzlu beynəlxalq tədbirlərinin Azərbaycanda keçirilməsi ölkənin artan beynəlxalq mövqeyinin göstəricisidir. “Son illərdə Azərbaycanda enerji təminatı elə bir səviyyəyə çatıb ki, bunu artıq beynəlxalq miqyasda nümayiş etdiririk”, – deyə o bildirib.
A.Həşimovun sözlərinə görə, Azərbaycan Zaqafqaziyada elektrik enerjisini sənaye miqyasında istehsal edən ilk ölkələrdən biridir. O həmçinin vurğulayıb ki, təqdim olunan nəşrlərdə əvvəlki nəsillərin və mütəxəssislərin təcrübəsi də əks olunaraq ölkənin enerji sektorunun inkişaf tarixi və texnoloji transformasiya mərhələləri geniş şəkildə təqdim edilib.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə isə kitabları foto-hesabat albomu kimi xarakterizə edib. Onun sözlərinə görə, nəşrlərdə 2016–2026-cı illər ərzində elektrik enerjisi sistemində həyata keçirilən yenidənqurma və modernizasiya işləri geniş şəkildə əks olunub.
Tədbirdə həmçinin qapalı tipli “Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, eləcə də enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən müxtəlif stendlər nümayiş etdirilib. Sərgidə təqdim olunan layihələr və innovativ həllər ziyarətçilərin böyük marağına
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”