30 Oktyabr 2026 08:10
207
SİYASƏT
A- A+
Azərbaycanın güc mənbəyi

Azərbaycanın güc mənbəyi


Azərbaycan tarix boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qovuşduğu, fərqli etnik mənsubiyyətə malik insanların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Əsrlər ərzində formalaşmış bu zəngin birgəyaşayış ənənəsi xalqımızın milli-mənəvi sərvətinə çevrilib. Ölkəmizdə multikulturalizm yalnız müxtəlif mədəniyyətlərin mövcudluğu deyil, həm də onların qarşılıqlı hörmət, həmrəylik və ortaq vətən sevgisi əsasında birləşməsidir. Tarixin ən mürəkkəb sınaqları, xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bu həqiqəti bir daha təsdiqləyib.

Prezident İlham Əliyev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı Azərbaycan cəmiyyətinin bu mühüm xüsusiyyətinə diqqət çəkərək bildirib: "Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik".

Bu fikirlər göstərir ki, milli həmrəyliyin təməlində yalnız siyasi çağırışlar deyil, uzun illər ərzində formalaşmış etimad, ortaq dəyərlər, qarşılıqlı ehtiram və vətənə bağlılıq dayanır. Azərbaycan xalqını birləşdirən ümumi tarixi yaddaş, dövlətçilik ənənələri və milli maraqlar ölkəmizin ictimai-siyasi sabitliyinin, müstəqilliyinin və davamlı inkişafının mühüm dayaqlarındandır. Ölkəmizdəki multikultural mühitin əsas xüsusiyyəti müxtəlif xalqların dillərini, adət-ənənələrini və mədəni kimliklərini qorumaqla yanaşı, vahid dövlətçilik ideyası ətrafında birləşməsidir. 

Azərbaycançılıq ideologiyası da məhz bu birliyi ifadə edir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını vahid milli ideya ətrafında birləşdirən bu ideologiyanın əsasını dövlətə sədaqət, vətənə məhəbbət, milli maraqların müdafiəsi və ümumi məsuliyyət hissi təşkil edir. Prezident İlham Əliyev forumdakı çıxışında həmin həmrəyliyin tarixi sınaqlardan necə keçdiyini də xüsusi vurğulayıb: "Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib".

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi milli həmrəyliyin ən parlaq təzahürlərindən biri oldu. Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə başlayanda ölkəmizdə yaşayan müxtəlif xalqlar vahid məqsəd ətrafında birləşdi. Cəbhədə çiyin-çiyinə döyüşən müxtəlif etnik mənsubiyyətli Azərbaycan vətəndaşlarını ortaq Vətən sevgisi, dövlətin suverenliyi və ərazi bütövlüyünün bərpası amalı bir araya gətirdi. Şəhidlərimizin müxtəlif etnik və dini icmaları təmsil etməsi bu birliyin ən təsirli ifadələrindən biridir. Onlar eyni vətənin övladları kimi müqəddəs məqsəd uğrunda canlarından keçdilər.

Həmrəylik yalnız döyüş meydanında deyil, arxa cəbhədə də özünü göstərdi. Cəmiyyətin müxtəlif təbəqələri ordumuza dəstək oldu, müxtəlif dini icmalar Azərbaycanın haqq mübarizəsinə həmrəylik ifadə etdilər. Bu birlik göstərdi ki, vətəndaşlar arasında qarşılıqlı etimad milli təhlükəsizliyin və ictimai sabitliyin mühüm təminatlarından biridir.

Azərbaycanın multikulturalizm siyasəti ölkə daxilindəki birgəyaşayış ənənələri ilə yanaşı, beynəlxalq mədəniyyətlərarası dialoqun təşviqində də əksini tapır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi müxtəlif ölkələrin, dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir. Dünyanın bir sıra bölgələrində etnik və dini zəmində qarşıdurmaların davam etdiyi bir vaxtda Azərbaycanın bu sahədəki təcrübəsi xüsusi əhəmiyyət daşıyır.

Ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların fəaliyyət göstərməsi, müxtəlif dini icmaların öz inanclarını yaşatması dini dözümlülük ənənəsinin mühüm göstəricisidir. Bu dözümlülük yalnız qanunvericiliklə qorunan hüquqlarda deyil, insanların gündəlik münasibətlərində, bir-birinin adət-ənənələrinə və mənəvi dəyərlərinə hörmətində də təzahür edir. Belə bir mühitin qorunması və gələcək nəsillərə ötürülməsi milli-mənəvi irsimizin vacib hissəsidir.

Azərbaycanın təcrübəsi göstərir ki, güclü dövlətin dayaqları yalnız iqtisadi imkanlar və hərbi qüdrətlə deyil, həm də cəmiyyətin mənəvi bütövlüyü, qarşılıqlı etimad, mədəni müxtəlifliyə hörmət və ortaq milli məqsədlərə sədaqətlə müəyyən olunur. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər müxtəlif etnik və dini mənsubiyyətə malik insanları birləşdirən vətən sevgisinin və milli həmrəyliyin gücünü bir daha təsdiqlədi. Əsrlər boyu formalaşmış qarşılıqlı hörmət və birgəyaşayış ənənələri Azərbaycanın müstəqilliyinin, sabitliyinin və gələcək inkişafının mühüm dayaqlarındandır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!