02 Iyul 2024 15:56
117
SİYASƏT
A- A+

Azərbaycanın əsas şərti

 

Ermənistan ərazi iddialarından əl çəkməsə, sülh olmayacaq

 

İyulun  1-də Prezident İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edən zaman Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlara toxunub. Dövlət başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın əsas şərtlərindən birini bir daha səsləndirib ki, bu da Ermənistan konstitusiyasında dəyişikliklə bağlıdır. Yəni, Ermənistan konstitusiyasında dəyişiklik olmayacaqsa, Azərbaycana olan ərazi iddialarından əl çəkilməyəcəksə, onda iki ölkə arasında sülh də olmayacaq.
Günün müzakirə olunan mövzusu ilə bağlı “Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilmədən Azərbaycanla sülh sazişi imzalayarsa, bu, sadəcə olaraq onun zaman udmasına xidmət edəcək. Çünki Ermənistan konstitusiyasının 116-cı maddəsinin üçüncü bəndində göstərilir ki, Hayastannın imzaladığı beynəlxalq sənəd konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Ziddiyyət təşkil edərsə, o sənəd ratifikasiya olunmayacaq.  Belə olan halda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, bu, onun üzərinə heç bir öhdəlik qoymayacaq. “Yəni bu sənədin hüquqi əsası olmayacaq. Ermənistan ilk fürsətdə yenə Azərbaycana qarşı ərazi iddialarını irəli sürəcək. Bu baxımdan Prezident İlham Əliyev çox haqlı olaraq Ermənistanda konstitusiya dəyişikliyini sülhün əsas şərtlərindən biri kimi irəli sürür”.
Deputatın sözlərinə görə, ölkə rəhbəri vurğulayıb ki, vaxtilə Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin tənzimlənməsinə cəhdlər göstərilsə də, heç bir nəticəsi olmayıb. ATƏT-in keçmiş Minsk qrupu münaqişəni tənzimləmək istəmirdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud olsa da, Ermənistan onların icrasını həyata keçirmirdi. Həmin qətnamələrdə Ermənistan qoşunlarının qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxması tələb olunurdu. Lakin Ermənistan hər zaman olduğu kimi beynəlxalq hüquq normalarına biganə yanaşırdı: “Ölkəmizin rəhbəri bildirdi ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə ərazi bütövlüyünün dəstəklənməsi çox vacib idi. Lakin bu istiqamətdə hər hansı mövqe olmayıb”.
E.Mirbəşiroğlu deyib ki, dövlətimizin başçısı növbəti dəfə beynəlxalq ictimaiyyətə yönəlik bir mövqeyimizi də aydın şəkildə bəyan edib. Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh məsələsi bizim digər ölkələrlə münasibətlərimizə hər hansı formada təsir göstərə bilməz. Bu, Azərbaycanla Ermənistan arasında olan məsələdir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Buna görə də kənar müdaxilələr olmamalıdır. 
Deputat vurğulayıb ki, ötən ilin dekabrından başlayaraq Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar mövcuddur və sərhədlərin delimitasiya və demarkasiyası təcrübəsi formalaşıb: “Bu, nümayiş etdirir ki, iki tərəf öz arasındakı məsələni müzakirə edib, həlli yollarını tapa bilir. Azərbaycan ərazi bütövlüyünü öz gücü hesabına təmin edib. İndiki mərhələdə Azərbaycanın ərazi bütövlüyünün kimsə tərəfindən tanınmaması elə bir mahiyyət kəsb etmir. Ölkə Prezidenti Azərbaycanın güclü mövqeyini göstərib. Bizim mövqeyimiz, tələblərimiz haqlıdır. Əgər Ermənistan həqiqətən regionda sülh istəyirsə, hər şeydən öncə Azərbaycanın haqlı tələblərinə əməl etməlidir”. 
Müsahibimiz bildirib ki, Azərbaycanın əsas tələbi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının olmadığını sübut etməsidir. Bu da həmin ölkənin konstitusiyasına dəyişiklik yolu ilə mümkün ola bilər. 
Prezident həmçinin sülh müqaviləsinin mətni üzərində işlərin getdiyini xatırladaraq bildirib ki, Ermənistan tərəfi Azərbaycanın çağırışlarına uyğun addım atarsa, bir neçə ay ərzində sülh müqaviləsi üzərində işlər tamamlana bilər. Əsas prinsiplər üzərində razılıq əldə edildikdən sonra sülh müqaviləsinin mətninin yekunlaşdırılması istiqamətində addımlar atmaq olar: “Ölkə rəhbəri bu mənada ATƏT-in keçmiş Minsk qrupunun Madrid prinsiplərinə də işarə etdi. Yəni öncə prinsiplər razılaşdırılsın, ondan sonra isə sənədin imzalanması baş tuta bilər. Prezident İlham Əliyev təcrübəyə istinadən bunun mümkünlüyünü vurğuladı. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması istiqamətində qətiyyətli mövqeyə və iradəyə sahibdir”.

Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video