Azərbaycanın gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır" kimi fikirlərinin təsdiqini gənclərimiz ölkəmizin bir çox sahələrində, o cümlədən xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə salnaməsində tarixiləşən 1990-cı ilin 20 yanvarında nümayiş etdirdilər.
Bundan 33 il sonra - 44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Gənclərimiz Vətən müharibəsindən şərəflə çıxdılar, etimadı layiqincə doğrultdular, onlar döyüşlərdə qəhrəmancasına iştirak etdilər. Bütün dünya Azərbaycan gəncinin nəyə qadir olduğunu gördü. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. Şəhidlərimizin xatirəsi hər zaman böyük ehtiramla anılır.
Bu məqamda Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi sözləri xatırlayırıq: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq".
Ulu Öndərin tövsiyələrini özlərinin həyat amalına çevirən Azərbaycan gəncləri göstərilən etimadı indi də layiqincə doğruldurlar. Onlar ölkədə milli dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsində, intellektual səviyyəli potensial kadr hazırlığında, dövləti idarəetmə qurumlarında aparıcı qüvvəyə çevrildilər.
Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən və müasir dövrün tələblərinə cavab verən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı və zamanın çağırışları ilə ayaqlaşan dövlət proqramları qəbul edildi. 2007-ci il "Gənclər ili" elan olundu. 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi və s.
Bu gün gənclərimizin böyük bir qismi ordu sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Onlar təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənir, torpaqlarımızın müdafiəsi naminə səylərini əsirgəmirlər.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Ordu sıralarında Vətən torpaqlarının azadlığı uğrunda döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, xalqımız otuz ilə yaxın həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri daha güclü aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. Dövlət başçısı gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha təsdiq edir ki, vətənpərvər, ölkəsini, xalqını sevən hər bir azərbaycanlı dövlətimizin daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birliyimiz, həmrəyliyimiz məqsədimizə yüksək səviyyədə nail olmağa stimul verir.
Bu gün qətiyyətlə deyə bilərik ki, gənclər Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar. Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz vətənpərvərlərdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı fəaliyyətini birmənalı dəstəkləyir.
Eyni zamanda gənclərimiz milli mənəvi dəyərləri əxz edərək yetişirlər. Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir. Çünki milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər.
Bu gün Azərbaycan gəncliyinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. İstər dövlət gənclər siyasətinin həyata keçirilməsi, istər bu istiqamətdə müxtəlif dövlət proqramlarının qəbul olunması, idarəçilik sistemində bu təbəqəyə böyük yer verilməsi gənclərimizə olan qayğının bariz nümunəsidir. Azərbaycan gəncliyi dövlətimizin onlara yaratdığı şəraitdən səmərəli istifadə edir. Vətənə bağlı, təhsilli, savadlı gənclərin yetişməsi istiqamətində atılan addımlar uğurlu nəticələrini verməkdədir.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu gündən-günə artır. Respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, istedadına inam hissi artıb. Gənclər öz üzərlərində dövlət qayğısını daim hiss etdiklərindən nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gücləri səfərbər edir, Vətənin inkişafı üçün inamla çalışırlar.
Əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların ictimai və sosial sferada layiqli təbəqə kimi iştirakının təmin olunması həmişə diqqətdədir. Vətənpərvər gənclər milli dövlətçiliyimizin işıqlı sabahıdır. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri düzgün təhlil edə bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik vətənpərvər gənclər ölkəmizi uğurlu gələcəyə aparan böyük qüvvədir.
Rəhman SALMANLI,
"Azərbaycan"