17 Mart 2024 00:37
2232
Mədəniyyət
A- A+

Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşası təqdim olunub

 

Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub.

Məşhur balet tamaşası iki gün - martın 16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilir.

AZƏRTAC xəbər verir ki, tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.

Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.

Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev jurnalistlərə açıqlamasında Azərbaycanla Özbəkistan arasında mədəni münasibətlərin son vaxtlar ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ötən il Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri, eləcə də Azərbaycan kollektivlərinin Özbəkistana səfərləri hər iki ölkənin mədəniyyət xadimləri tərəfindən çox böyük sevgi ilə qarşılanır. “Özbəkistan səfərləri doğrudan da hər zaman bizim mədəni əlaqələrin inkişafına çox böyük yardım olur”, - deyə Ə.Lalayev əlavə edib.

Xarəzm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib. O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya, Türkiyə və bir çox ölkələrdə çıxış etdiklərini bildirib.

Özbəkistanın Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının prima-balerinası, Özbəkistanın Əməkdar artisti Nadira Hamrayeva Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib: "Bizim mədəniyyətlərimiz çox yaxın, dillərimiz oxşardır, musiqi alətlərimiz ahənglidir. Ən əsası isə, xalq və klassik sənətimizə olan sevgimizi digər ölkələrə ötürmək imkanımız var. Həmçinin bu tamaşa Özbəkistanda balet truppası və folklor sənətçiləri arasında yaradılan ən inanılmaz layihələrdən biridir".

Sonra “Lazgi. Qəlb və sevginin rəqsi” baleti tamaşası təqdim edilib.

Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.

Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də finalda "Qəlb" və "Sevgi" bölünməz bir bütövə çevrilir.

Baletin əsasında rəqsə və həyatın özünə olan sevgi dayanır. Xalq müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan Xarəzm rəqsinin tarixi üç min il əvvələ aiddir. Maraqlı enerji, alovlu hərəkətlər, mürəkkəb rəqs təsvirinə əsaslanan unikal üslub lazgini görkəmli mədəniyyət fenomenə çevirir. Özbəkistan milli baletinin tamaşası ilk dəfə 2021-ci ildə ictimaiyyətə təqdim edilib və dərhal tamaşaçıların rəğbətini qazanaraq mühüm sensasiyaya çevrilib.

Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılıb, dünyaşöhrətli yapon multimedia rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri yaradıb.

Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası, Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir. O, 1987-2008-ci illərdə Berlin Dövlət Operasının, “Essendəki Aalto teatrı” adlı Alman Opera və Baleti Truppasının aparıcı solisti olub, “Prix de Lausanne” də daxil olmaqla, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Uilyam Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən Rolan Petiyədək dünya səhnəsinin bir çox ulduzları ilə işləyib. Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako, ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin, Dortmund, Karlsrue, Münxen, Nyu-York, Seul və Ştutqart teatrlarının repertuarlarını bəzəyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video