Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmmədhəsən Hacınskinin 150 illiyi respublikamızın şəhər və rayonlarında böyük təntənə ilə qeyd edilir.
M.Hacınski 1918-ci il mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olub, Azərbaycanın İstiqlal Bəyannaməsinin altında onun da imzası var.
Tanınmış memar, inşaatçı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Məmmədhəsən Hacınski 1875-ci il martın 3-də Bakıda Cəfərqulu bəyin ailəsində dünyaya göz açıb. Məmmədhəsən ilk təhsilini Bakı Realnı Məktəbində alıb. Bu məktəbi bitirdikdən sonra o, 1897-ci ildə Sankt-Peterburq şəhərinə gedib, Peterburq Texnologiya İnstitutuna daxil olub. Bu zaman Rusiyanın siyasi, ictimai və mədəni həyatı ilə yaxından tanış olmağa başlayıb. Şəhərin gözəlliyi, zəngin memarlıq abidələri gənc Məmmədhəsəndə böyük maraq doğurub.
1902-ci ildə Peterburq Texnologiya İnstitutunu müvəffəqiyyətlə bitirən Məmmədhəsən vətənə qayıtdıqdan sonra Bakı şəhər idarəsinin tikinti şöbəsinin rəisi təyin olunub. Doğulduğu və boya-başa çatdığı qədim şəhərin taleyinə yaxşı bələd olan Məmmədhəsən Hacınski işə başladığı ilk günlərdən Bakı şəhərinin baş planının hazırlanıb həyata keçirilməsində, bağ və bağçaların, bulvarın, yol və meydanların genişlənməsində və yeni binaların tikintisində yaxından iştirak edib. 1912-ci ildə şəhər idarəsi M.Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşdırılması haqqında kitab çap etdirib. O, Bakının ən qədim abidələrindən olan Şirvanşahlar tarixi abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi haqqında Bakı Duması qarşısında məsələ qaldırıb. Bundan sonra Zivər bəy Əhmədbəyov və Ö.Abuyev Şirvanşahlar Sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparıblar. Məmmədhəsən 1902-1917-ci illərdə Bakı Dumasının üzvü olub və onun bir çox iclaslarına sədrlik edib. O, eyni zamanda Bakının siyasi və ictimai həyatında da fəal iştirak edib.
1904-cü ildə Bakıda sosial-demokrat meyilli gənclərdən ibarət bir qrup meydana çıxır. Onlar Azərbaycan dilində qeyri-leqal "Hümmət" qəzetini buraxmağa, bununla da getdikcə formalaşmağa və təşkilata çevrilərək əhali arasında inqilabi iş aparmağa başlayırlar. "Hümmət"in yaranması və fəaliyyətində M.Rəsulzadə, M.Əfəndiyev, M.Mövsümov və başqaları ilə yanaşı, Məmmədhəsən Hacınskinin də əməyi olub. Rusiyada istiqlaliyyətini itirən müsəlman xalqlarına yardım və azadlığı uğrunda gizli mübarizə aparan Müsavat Partiyası 1917-ci il Fevral inqilabından sonra açıq fəaliyyətə keçib. 1917-1920-ci illər M.Hacınskinin ictimai-siyası fəaliyyətinin ən qızğın və gərgin dövrü olub. Arxiv materiallarından məlum olduğu kimi, 1917-ci il martın 5-də Bakıda İctimai Təşkilatlar Şurası və onun İcraiyyə Komitəsi yaradılır. M.Hacınski bu komitənin heyətinə daxil olur. Martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilir. Komitənin sədri Məmmədhəsən Hacınski seçilir. Komitə 1917-ci il aprel ayının 15-20-də Bakıda Qafqaz müsəlmanlarının qurultayını keçirir. Hacınski qurultayı təbrik nitqi ilə açaraq: "Rusiyada çar mütləqiyyətinin devrilməsi Qafqaz müsəlmanları üçün imkanlar yaradıb. Biz bu imkanlardan istifadə edərək ümummilli, o cümlədən ümumi dövlət məsələlərində müsəlmanların milli siyasi məsələsini həll etməliyik", - deyib.
Hacınski mayın 11-17-də Moskvada keçirilən Ümumrusiya müsəlmanları qurultayının da iştirakçısı olub. 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Türk ədəmi Mərkəzi Partiyası Müsavat partiyasının I qurultayında Mərkəzi komitə seçilir. Onun tərkibinə M.Rəsulzadə, N.Yusifbəyov, R.Vəkilov, X.Rəfiyev və başqaları ilə yanaşı, M.Hacınski də daxil olur. O, 1917-ci ilin oktyabr-noyabr aylarında Bakı Şəhər Dumasına keçirilən seçkilərdə iştirak edir və Dumaya üzv seçilir. Məmmədhəsən 1917-ci il noyabrın 15-də yaradılan Zaqafqaziya Komissarlığının ticarət və sənaye komissarının müavini vəzifəsində çalışır. 1918-ci il fevralın 23-də Tiflis şəhərində gürcü, erməni və Azərbaycan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi işə başlayır. Onun işində Azərbaycandan Müsavat Partiyasından və bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən Məmmədhəsən Hacınski də iştirak edir.
Bu partiya və təşkilatlardan əlavə, Müsəlman Sosialist Partiyasından 7, İttihad Partiyasından 3, Hümmət Partiyasından 4 nümayəndə iştirak edir. Ümumiyyətlə, Zaqafqaziya Seymində Azərbaycandan 44 deputat var idi. Seymdə Türkiyə ilə Cənubi Qafqaz arasında sülh danışıqları aparmaq üçün gürcü, erməni və azərbaycanlıları təmsil edən nümayəndə heyəti seçilir. Onun tərkibinə Seymdəki Azərbaycan fraksiyasından M.Hacınski, X.Xasməmmədov, M.Mehdiyev, İ.Heydərov daxil edilir. Danışıqlar aprel ayının 14-də öz işini dayandırdığına və nümayəndələr geri çağırıldığına görə onun işində fasilə elan olunur. Bu fasilə elanından qeyri-adi hisslər keçirən Hacınski Seymin qərarını sülhü pozmaq kimi qiymətləndirərək, "Beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat" adlandırır. 1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə Zaqafqaziya Demokratik Federativ Respublikası yarandığını elan edir. Aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil olunur. Məmmədhəsən Hacınski bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutur.
Seymdəki Azərbaycan nümayəndələrinin gərgin səyləri nəticəsində Batumda sülh danışıqlarına başlamaq haqqında razılıq əldə edilir və nümayəndə heyəti yaradılır. Buraya 6 nümayəndə, o cümlədən M.Hacınski də daxil edilir. Mayın 11-də keçirilən bu konfransda M.Ə.Rəsulzadə ilə birlikdə M.Hacınski azərbaycanlıların mənafeyini fəallıqla müdafiə edir. Nəticədə, Zaqafqaziya Demokratik Federativ Respublikası həm daxili, həm xarici məsələləri, həm də millətlər arasındakı ziddiyyətləri həll edə bilməyərək üç müstəqil dövlətə ayrılır. 1918-ci il mayın 27-də Seymin azərbaycanlı deputatları fövqəladə iclas çağırıb Azərbaycan Milli Şurasının yarandığını elan edirlər. Onun sədrliyinə Batum danışıqlarında iştirak edən M.Ə.Rəsulzadə seçilir.
Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası yaradılır. Məmmədhəsən Hacınski, Batumda olmasına baxmayaraq, Azərbaycanın ilk xarici işlər naziri vəzifəsinə seçilir. O bu xəbəri eşidən kimi Osmanlı dövləti Xarici İşlər Nazirliyindən Azərbaycanın müstəqilliyinin Rusiya və Avropa ölkələri tərəfindən tanınmasında vasitəçilik etməsini xahiş edir. 1918-ci il iyun ayının 4-də Batum şəhərində Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi bağlanır. Azərbaycanın xarici ölkə ilə bağladığı bu ilk müqaviləni Türkiyə tərəfindən ədliyyə naziri, Senatın sədri Xəlil bəy və Qafqaz cəbhəsinin Baş komandanı Mehmet Vehib paşa, Azərbaycan tərəfindən isə Milli Şuranın sədri M.Ə.Rəsulzadə, xarici işlər naziri M.H.Hacınski imzalayır. Müqavilənin dördüncü bəndinə əsaslanan M.Ə.Rəsulzadə və M.Hacınski türk hökumətinə ağır və çətin vəziyyətdə olan Azərbaycana hərbi yardım üçün müraciət edir.
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentinin üzvləri arasında Məmmədhəsən Hacınski də var idi. Azərbaycan parlamentinin dekabrın 28-də keçirilən iclasında Paris sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibinə Topçubaşov (sədr), M.Hacınski (sədrin müavini), Ə.Ağayev, C.Hacıbəyli, M.Mehdiyev və başqaları seçilir. Topçubaşov İstanbulda olduğu üçün M.Hacınski oraya qədər nümayəndə heyətinə başçılıq edir və heyətin qarşısında duran məsələlərin həllinə çalışır.
Məmmədhəsən Hacınski 1918-ci ilin may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olduğu dövrdə qonşu ölkələrlə sərhəd, dəmiryolu, Bakı-Batum neft kəmərindən birlikdə istifadə və digər məsələlərin həllində gərgin fəaliyyət göstərib. 1919-cu ildə M.Hacınski Topçubaşovla birlikdə Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin tərkibində yer alıb. Danışıqlar zamanı nümayəndələr ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və digər ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək Azərbaycanın azadlığa çıxması uğrunda xalqımızın apardığı mübarizə, ağır iqtisadi vəziyyət, zəngin neft ölkəsi olması haqqında məlumatlar verirlər. Məhz onların ardıcıl və gərgin əməyi nəticəsində 1920-ci il yanvarın 11-də Ali Şura tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin defakto tanınması haqqında qərar qəbul edilir. 1919-cu il dekabrın 2-11-də Bakıda keçirilən Türk Demokratik Federal Müsavat Partiyasının II Qurultayında partiyanın siyasi komissiyası və yeni Mərkəzi Komitəsi təşkil edilir. Komitənin tərkibinə M.Rəsulzadə, N.Yusifbəyov, M.Vəkilovla yanaşı, M.Hacınski və başqaları da seçilir.
1919-ci il dekabrın axırlarında Azərbaycan hökumətində ağır siyasi və iqtisadi vəziyyətlə əlaqədar böhran baş verdiyindən hökumət dəyişiklikləri olur. Dekabrın 24-də N.Yusifbəyovun təşkil etdiyi kabinetdə M.Hacınski daxili işlər naziri, fevralın 18-dən isə ticarət, sənaye və ərzaq naziri vəzifəsini daşıyır. Fəqət bu hökumət dəyişikliyi də bir nəticə vermədiyindən Məclisi-məbusan (Azərbaycan parlamenti) yeni hökumətin təşkilini M.Hacınskiyə tapşırır. Hacınski parlamentdə fəaliyyət göstərən partiya və fraksiyalarla bir müddət danışıqlar aparır, hətta kommunistlərlə görüşüb və onlara öz hökumətində nazir vəzifələri təklif edir. Bolşeviklər belə bir hökumətdə iştirakdan imtina edirlər.
1920-ci ilin aprel ayında sovet Rusiyası tərəfindən Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra M.Hacınski Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif vəzifələrdə çalışmalı olur. Təəssüflər olsun ki, Azərbaycanın başqa görkəmli siyasi və ictimai xadimləri kimi M.Hacınski də repressiyaya məruz qalır. O, 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilərək dustaqxanaya salınır və ona ağır işgəncələr verilir. Əvvəlcə "ictimaiyyətçi" ləqəbli agentlə 31 nömrəli kamerada bir yerdə saxlanılır. O, hər dəfə istintaqdan sonra Hacınski ilə etdiyi söhbətləri L.Beriyaya çatdırırmış. Beriya 1930-cu il dekabrın 6-da cinayət işinə yazdığı dərkənarda onu "həyəcanlı və zəif inkişaf etmiş adam" adlandırır. Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan Məmmədhəsən Hacınski 1931-ci il fevralın 9-da Tiflisdə DSI-nin 26 nömrəli kamerasında 56 yaşında özünü asaraq intihar edir. Tarixi şəxsiyyət olan M.Hacınski bununla da totalitarlıqla barışmaz mövqedə durduğunu və öz faciəli ölümü ilə ideyalarından dönməzliyini sübut edir.
Rəhman SALMANLI,
"Azərbaycan"