İyunun 24-də Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın bir sıra beynəlxalq parlament təşkilatlarının və parlament ittifaqlarının fəal üzvü kimi əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Deputat parlamentlərarası əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, parlamentarilərin birgə səyləri və qarşılıqlı təmasları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Seneqal Milli Assambleyasının deputatı, nümayəndə heyətinin rəhbəri Elhaci Ababakar Tambedu Azərbaycanda göstərilən yüksək qonaqpərvərliyə və tədbirin peşəkar səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik mühitini də yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin yalnız parlament sahəsində deyil, digər istiqamətlərdə də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Nigar Məmmədova isə Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Görüş zamanı Azərbaycan ilə Seneqal arasında mövcud dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qanunverici orqanlar arasında əlaqələrin daha da genişləndirilməsinin, beynəlxalq parlament platformalarında müntəzəm təmasların əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə də toxunulub, çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.