05 Oktyabr 2026 14:46
601
SİYASƏT
A- A+
Azərbaycan öz taleyinin sahibidir  

Azərbaycan öz taleyinin sahibidir  


“Biz güclü olmalıyıq” şüarı yeni milli təhlükəsizlik konsepsiyasının əsas strategiyasıdır


Müstəqilliyimizin əbədiliyini təmin edən və milli birliyin simvoluna çevrilən Yeni Azərbaycan Partiyası (YAP) çağdaş dövlətçilik tariximizdə, eləcə də respublikamızın taleyüklü mərhələlərində hər zaman aparıcı qüvvə kimi çıxış edib. 1990-cı illərin əvvəllərində ölkədə tüğyan edən dərin siyasi xaos, iqtisadi tənəzzül, hərbi böhran, eyni zamanda ölkəmizdə alovlanan separatizm təhlükəsi müstəqilliyimizi məhv olmaq həddinə gətirib çıxarmışdı. Belə taleyüklü bir zamanda xalqın mütərəqqi ziyalıları və geniş kütlələri yeganə çıxış yolunu böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin müdrikliyində və siyasi təcrübəsində görürdü. 

Təsadüfi deyil ki, ziyalıların və xalqın tələbi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunan Yeni Azərbaycan Partiyası birbaşa müstəqil Azərbaycanın xilaskarlıq hərəkatı kimi meydana çıxdı. Yaranışından etibarən milli birliyin, sabitliyin və iqtisadi tərəqqinin etibarlı zəmanətinə çevrilən bu nəhəng siyasi qüvvə ölkəmizin dövlətçilik sütunlarının möhkəmləndirilməsində müstəsna və tarixi missiya yerinə yetirir. 

Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı yalnız siyasi şüar deyil, partiyanın keçdiyi şərəfli yolun və gələcək inkişaf vizyonunun fəlsəfi təcəssümüdür. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, YAP dünən dövlətimizi məhv olmaqdan xilas edərək onun müstəqillik təməllərini atıb, bu gün güclü, suveren və Qələbə qazanmış Azərbaycanın əsas dayağı kimi çıxış edir, gələcəkdə isə ölkəmizin dayanıqlı tərəqqisini və qlobal miqyasda yeni uğurlarını təmin edəcək əsas siyasi sütundur. Bu tarixi missiya və zamanın çağırışlarına çevik cavab vermək bacarığı partiyanın yeni reallıqlara töhfə verməsinə geniş şərait yaradır.

Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilən VIII Qurultayı da müstəqil Azərbaycanın siyasi həyatında növbəti möhtəşəm və əlamətdar hadisə kimi tarixdə yerini aldı. Tədbirdə proqram xarakterli geniş nitq söyləyən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın həm ölkə daxilində, həm də regional miqyasda daşıdığı missiyanı xüsusi vurğulayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin son illər ərzində keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının çox böyük payının və töhfəsinin olduğunu qeyd etdi. 

Bu fikirlər bir daha sübut edir ki, YAP yalnız siyasi hakimiyyəti təmsil edən partiya deyil, eyni zamanda Azərbaycanın strateji uğurlarının reallaşmasında, böyük layihələrin icrasında və milli ideyaların həyata keçməsində ön cərgədə dayanan böyük bir platformadır. Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin bərpa olunması budəfəki qurultayı fərqləndirən, ona xüsusi tarixi çəki verən məqamdır. Yeni tarixi şəraitin mahiyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, ilk dəfədir ki, YAP-ın qurultayı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilir. Dövlətimizin başçısı əvvəlki VII qurultayın da öz dövrü üçün tamamilə yeni geosiyasi mühitdə baş tutduğunu xatırladaraq vurğulayıb ki, o zaman şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdi və bütün dünya bizim qələbəmizdən danışırdı: “Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”. 

Ölkəmizin hər sahədə qazandığı möhtəşəm uğurların, iqtisadi və hərbi qüdrətinin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi və müasir dövrün tələblərinə uyğun olaraq böyük məharətlə davam etdirilən strateji kurs dayanır. Çıxışında dövlətçilik ideologiyasının davamlılığına, dəyişməz prinsiplərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”. 

Dövlətçilik prinsipinə və milli maraqlara söykənən bu uğurlu strateji kurs Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini köklü şəkildə möhkəmləndirərək onu nüfuzlu güc mərkəzinə çevirib. Prezident İlham Əliyev də çıxışında bu strateji xəttin ölkəmizə gətirdiyi qlobal nüfuzdan bəhs edərək, Azərbaycanın artıq dünya miqyasında yeni status qazandığını bəyan edib: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”. Dövlətimizin başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər: “Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”. 

Regional güc mərkəzinə çevrilmiş Azərbaycanın gələcək addımları dərin strateji təhlilə və elmi əsaslara söykənir. Bu baxımdan, möhtərəm Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı sadəcə hesabat deyil, ölkəmizin inkişafı, milli təhlükəsizlik və ideoloji istiqamətdə yeni konseptual doktrina kimi çıxış edir. Bu doktrina dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın milli maraqlarını tam təmin edən, gələcək hədəfləri müəyyənləşdirən dövlətçilik xəritəsidir. Bu strateji baxışın ana xəttini, təməl fəlsəfəsini “Biz güclü olmalıyıq” şüarı təşkil edir. Mövcud reallıqlar və yeni çağırışlar dövlətimizin bütün resurslarının və cəmiyyətin potensialının məhz bu ali məqsədə yönəldilməsini tələb edir. 

Dövlətimizin başçısı çıxışında müasir dünyanın çağırışlarına toxunaraq, yeni milli təhlükəsizlik konsepsiyasının prioritetlərini bəyan edib: “İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”. Prezident İlham Əliyev qeyd edib ki, ikinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır: “Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur”. 

Yeni doktrinanın mühüm tərkib hissələrindən birini də ideoloji təhlükəsizlik məsələləri təşkil edir. Fiziki təhlükəsizliklə yanaşı, mənəvi-ideoloji sərhədlərimizin də aşınmazlığını təmin etməyi əsas hədəf kimi göstərən dövlətimizin başçısı milli kimliyimizin və vətənpərvərlik ruhunun qorunmasını strateji vəzifə kimi irəli sürüb: “Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. Məhz bu ideoloji doktrinaya və yeni strateji baxışa uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında (YAP) həyata keçirilən genişmiqyaslı islahatlar partiyanın müasirləşməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində yeni mərhələnin təməlini qoyub. Bu islahatların ana xəttini idarəetmə mexanizminin daha çevik və dinamik formaya gətirilməsi təşkil edir. Bununla yanaşı, dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar ölkədə yeni siyasi mədəniyyətin formalaşmasına xidmət edir. Bütün kompleks tədbirlər Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında qabaqcıl rolunu daha da möhkəmləndirir. 

Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra başlayan yeni inkişaf erasında YAP-ın Azərbaycanın parlaq gələcəyinə, milli maraqlarımızın müdafiəsinə, habelə regionda sülh və tərəqqiyə müstəsna töhfə verməyə davam edəcəyini bir daha göstərir. Təqdim olunan yeni milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrina isə müstəqil Azərbaycanın gələcəyinin əsas qarantıdır.


İsmayıl QOCAYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!