08 Fevral 2020 15:14
4506
Turizm
A- A+

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir


BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) "Dünya Turizm Barometrinin” (World Tourism Barometer (WTB) Annex 18) yanvar hesabatına əsasən, Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Hesabat ildə 4 dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) analitiki Nərmin Kazımlı deyib.
O bildirib ki, bir qədər əvvəl açıqlanan "International Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci il ilə müqayisədə 2018-ci ildə 6,2 faiz artım qeydə alınıb. Müqayisə etdikdə görünür ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukraynanı, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniyanı geridə qoyub. Həmçinin 2019-cu ildə 11,4 faiz artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib. Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə ev sahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyönlü inkişafı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir.

N.Kazımlı əlavə edib ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Beynəlxalq metodologiyalara əsasən də, ölkənin əlverişli coğrafi mövqeyindən istifadə edilməklə hava əlaqəsinin və əlçatanlığının artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması ilə yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991 min 330 nəfər artıb. Turizm dövlət-özəl tərəfdaşlığı əsasında xarici investisiyaların əsas payı ilə ekoloji dayanıqlıq prinsipləri əsas götürülməklə kəndlərin və regionların inkişafına əsas təkanverici qüvvə olaraq Azərbaycanın beynəlxalq arenada qabaqcıl mövqe tutmasına şərait yaradır.

Hesabatda bildirilir ki, Brexit prosesi, geosiyasi və ticari gərginliklər, qlobal iqtisadiyyatdakı yavaşlama, eyni zamanda, Avropadakı bir neçə aşağıbüdcəli aviaşirkətlərin qəza hadisələri kimi mənfi amillərin mövcud olmasına baxmayaraq, ötən il beynəlxalq turist axını 4 faiz artaraq 1,5 milyarda çatıb. Ən böyük inkişaf - Mərkəzi Asiya ölkələrində 8 faiz, Asiya və Sakit Okean ölkələrində 5 faiz qeydə alınıb. Dünyada son 9 ildə ən çox səfərlərin olduğu Avropaya (Azərbaycan da daxil olmaqla) turist axını 4 faiz artıb. BMT-nin Dünya Turizm Təşkilatı təqdim etdiyi hesabatda dünyadakı beynəlxalq turist axınının 2020-ci ildə müsbət tempi qoruyaraq 3 faizdən 4 faizə artacağını proqnozlaşdırır.

İİTKM-in analitiki qeyd edib ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir, bu istiqamətdə mühüm işlər görülür. Həmin tədbirlərə misal olaraq, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurasının Bakıda "Travel Business Azerbaijan 2020” konfransını təşkil etməsini göstərmək olar. Tədbirdə 500-dək yerli turizm şirkəti 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcək. Bundan başqa, 2018-ci ildə Azərbaycan Turizm Şurası ölkənin turizm potensialını və imkanlarını təbliğ etmək məqsədilə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Hindistan da daxil olmaqla 6 ölkədə tamamilə yeni milli turizm ofislərini istifadəyə verib. Növbəti illərdə 4 yeni ofisin açılacağı, onlardan ikisinin İngiltərə və Koreya Respublikasında yerləşəcəyi bildirilir. Bu kimi yeniliklər Azərbaycanda turizm sektoruna əhəmiyyətli dərəcədə öz töhfəsini verərək böyük inkişaf təmin edir. "Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı "Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatına əsasən də Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə qədər irəliləməyə nail olub. Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan "turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə” statusunda qiymətləndirilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video