Müasir dövrdə qlobal siyasi və iqtisadi nizam sürətli dəyişikliklərə məruz qalır. Belə şəraitdə dövlətlərarası münasibətlər həm regional, həm də qlobal təhlükəsizliyə birbaşa təsir edir. Hazırda Avrasiya məkanında yeni nəqliyyat və ticarət xəritəsi formalaşır. Bu prosesin mərkəzində dayanan ən mühüm faktorlardan biri Azərbaycanla Çin arasındakı strateji yaxınlaşmadır. İki ölkənin milli maraqları uzlaşaraq, ikitərəfli əlaqələri inkişaf etdirməklə yanaşı, qlobal təchizatın yenidən qurulmasına güclü təkan verir.
Azərbaycan-Çin münasibətlərinin inkişafında ötən il reallaşan tarixi hadisələr mühüm rol oynayır. Belə ki, 2025-ci ildə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri iki ölkə arasındakı əlaqələri keyfiyyətcə tamamilə yeni müstəviyə daşıdı. Səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında Birgə Bəyanat" bu əməkdaşlığın gələcək yol xəritəsini müəyyən edən sənədə çevrildi.
Bu tarixi sənəd, sadəcə, siyasi dialoqun dərinləşməsini ehtiva etmir. Birgə bəyanat eyni zamanda ticarət, investisiya qoyuluşu, nəqliyyat-logistika, "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və sənaye sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edir. Hər iki dövlətin göstərdiyi siyasi iradə münasibətləri real və uzunmüddətli iqtisadi layihələrə çevirmək məqsədi daşıyır. Bununla da Bakı ilə Pekin arasındakı qarşılıqlı fəaliyyət bütün sahələrdə əhəmiyyətli dərəcədə fəallaşıb.
İkitərəfli münasibətlərin ən nəzərəçarpacaq və praktiki nəticələri özünü iqtisadi sahədə biruzə verir. Son illərdə Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda iştirakı davamlı şəkildə genişlənməkdədir. Çin investisiyalarının ölkəmizə cəlb edilməsi respublikanın sənaye potensialını gücləndirməklə yanaşı, yeni texnologiyaların transferinə də zəmin yaradır. Hazırda Çin kapitalının əsas fokuslandığı sahələr qeyri-neft sektoru, əsasən bərpaolunan "yaşıl enerji" layihələri, sənaye parkları, yüksək texnologiyalar və beynəlxalq nəqliyyat-logistika infrastrukturudur. Azərbaycanın strateji hədəfi olan "yaşıl enerji"yə keçid Çin investorları üçün də geniş imkanlar açır. Günəş və külək enerjisi stansiyalarının tikintisində Çin texnologiyalarından istifadə mühüm yer tutur. Bundan başqa, yüksək texnologiyalar və rəqəmsal infrastruktur layihələrində Çin şirkətləri fəal tərəfdaş kimi çıxış edir. Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında Çin sərmayəsi ilə yeni istehsal müəssisələri qurulur.
Nəqliyyat-logistika sektoru Azərbaycan-Çin münasibətlərində ən sürətlə inkişaf edən və qlobal təsirə malik olan istiqamətdir. Çindən gələn və Azərbaycan vasitəsilə Avropaya daşınan tranzit yüklərin həcmi, həmçinin ölkəmizə birbaşa idxal olunan Çin məhsullarının miqdarı ildən-ilə rekord səviyyədə artır. Bu dinamika Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin qlobal təchizatındakı əvəzedilməz rolunu ortaya qoyur.
Orta dəhliz Çin, Mərkəzi Asiya, Xəzər dənizi hövzəsi, Cənubi Qafqaz və Türkiyə ərazisindən keçərək Avropa bazarlarını birləşdirən ən perspektivli multimodal nəqliyyat dəhlizidir. Son zamanlar bu marşrutla konteyner daşımalarının sürətlə artması sübut edir ki, Orta dəhliz beynəlxalq yükdaşımalar üçün əsas strateji xəttə çevrilib. Yolun zaman və məsafə baxımından qısa olması onu qlobal ticarət üçün olduqca cəlbedici edir.
Avrasiyada baş verən son geosiyasi və geoiqtisadi dəyişikliklər Orta dəhlizin önəmini daha da artırır. Mövcud regional münaqişələr ənənəvi ticarət yollarının funksionallığını ciddi şəkildə təhlükə altına qoyub. Belə bir vəziyyətdə beynəlxalq logistika şirkətləri daha təhlükəsiz və dayanıqlı yollara üz tutmağa məcbur olur.
Orta dəhlizin aktuallığını şərtləndirən əsas geosiyasi amilləri fərqli şəkildə qruplaşdırmaq olar. Məsələn, şimal istiqamətindəki geosiyasi gərginliklər ənənəvi daşıma marşrutlarının cəlbediciliyini müəyyən dərəcədə azaldıb. Tətbiq edilən beynəlxalq sanksiyalar, sığorta risklərinin kəskin artması və tədarükdə yaranan qeyri-müəyyənlik qlobal şirkətləri alternativ yollar axtarmağa sövq edib. Digər tərəfdən, Yaxın Şərqdəki hərbi-siyasi böhranlar və risklər də vəziyyətə ciddi təsir göstərib. Bu gərginliklər cənub marşrutu üzrə daşımaların təhlükəsizlik səviyyəsini minimuma endirib və Orta dəhlizi ən etibarlı seçimə çevirib.
Bəlkə də yaxın keçmişdə Orta dəhlizə sıradan bir tranzit xətt kimi baxanlar indi onun yeganə sabit marşrut olduğunu qəbul edirlər. Təhlükəsiz, hərbi risklərdən uzaq və iqtisadi cəhətdən etibarlı olan bu marşrut uzunmüddətli perspektivdə Avrasiyanın əsas ticarət yolu olacaq.
Azərbaycan dövləti bu tarixi fürsəti düzgün qiymətləndirərək uzun illərdir ki, məqsədyönlü logistika imkanları yaradıb. Ölkəmizdə qurulan müasir nəqliyyat-tranzit infrastrukturu regional layihələrin icrasına tam cavab verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənən dəmir yolları, beynəlxalq hava limanları və magistral yollar respublikamızın nəqliyyat-logistika imkanlarını maksimuma çatdırıb. Lakin Bakı bununla da kifayətlənmir, tranzit imkanlarının daha da genişləndirilməsi, rəqəmsal gömrük sistemlərinin tətbiqi və logistik prosedurların sadələşdirilməsi istiqamətində işləri fasiləsiz davam etdirir.
Bakı indi böyük regional mərkəzə çevrilib. Paytaxtımız xarici ticarətin, investisiyaların və strateji qərarların cəmləşdiyi əsas məkandır. Hazırkı reallıqlar Orta dəhlizin çəkisinin yaxın illərdə daha da yüksələcəyini göstərir. Həmin çərçivədə Azərbaycan-Çin tərəfdaşlığı hər iki ölkənin maraqlarını təmin edir. Bu tərəfdaşlıq isə bütövlükdə Avrasiya məkanında yeni, ədalətli və dayanıqlı ticarət sisteminin bərqərar olmasına, ölkələrin əhalisinin rifahının yüksəlməsinə misilsiz töhfələr verir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"