Mayın 19-da Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova İqor Sergeyenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində həm də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Belarusu təmsil etdiyini, ötən gün forumun açılış mərasimində iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqam Azərbaycan-Belarus münasibətlərinin mahiyyətini aydın şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında münasibətlər zamanın sınağından uğurla çıxıb və Azərbaycanla Belarusun etibarlı dost olması heç kimdə şübhə doğurmur.
Bu gün iki ölkə arasındakı münasibətlərin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişləndiyini və artıq strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Milli Məclisin sədri dövlət başçıları arasındakı dostluq münasibətlərinin, ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafındakı rolunu xüsusilə vurğulayıb.
S.Qafarova qeyd edib ki, parlamentlərarası əlaqələrimiz də ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğundur. Diqqətə çatdırılıb ki, qanunvericilik orqanlarımız Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Məhz Milli Məclisin APA-ya sədrliyi dövründə Belarus parlamenti bu strukturda müşahidəçi statusu əldə edib.
Mühüm platformalardan biri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin də əhəmiyyəti vurğulanıb.
Yekunda sədr Sahibə Qafarova bir daha Azərbaycan və Belarus parlamentləri arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib.
İqor Sergeyenko isə çıxışı zamanı ölkəmizə səfəri və parlamentlərimiz arasında münasibətlərə dair müsbət fikirlərini bölüşüb. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyini xatırladaraq deyib ki, yüksək səviyyədə təşkil olunmuş tədbirin miqyası heyranedicidir. Hər şey kifayət qədər mütəşəkkil, planlı və maraqlı şəkildə təşkil olunub. Qonaq, həmçinin şəhərsalma və urbanizasiya sahəsində ölkəsinin təcrübəsi və əldə etdiyi nailiyyətlər barədə də məlumat verib.
Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri parlamentlərimiz arasında münasibətlərə də toxunaraq, bu münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O deyib: “Bu gün bizim üçün qapalı mövzu demək olar ki, yoxdur. Biz açıq danışırıq, dəstək sözləri, dostluq sözləri deyirik, təcrübə mübadiləsi aparırıq. Parlamentlərarası dialoqun fəallaşmasında ölkələrimizin parlamentlərində yaradılmış dostluq qrupları mühüm rol oynayır. Bugünkü görüşlərdə dostluq qruplarının rəhbərləri olan deputatlar və ölkəmizin Respublika Şurasının üzvləri də iştirak edirlər”.