Mayın 19-da Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Latviya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Burovs ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13-ün əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin qlobal çağırışların müzakirəsi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm olduğunu deyib. Qeyd olunub ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi rol oynayır. O, qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərin dərinləşməsinə, təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Oleq Burovs Azərbaycanın təşkilatçılığı ilə keçirilən WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin beynəlxalq əməkdaşlığın təşviqi və aktual urbanizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə Latviya arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib, ötən ay Latviya Prezidentinin Azərbaycana səfərini, yüksəksəviyyəli görüşləri məmnunluqla xatırladıb.
Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Allahverənov və Sevil Mikayılova çıxış ediblər. Çıxışlarda Azərbaycan–Latviya münasibətlərinin diplomatik, siyasi, iqtisadi və humanitar aspektlərdə perspektivlərindən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə verdiyi töhfədən bəhs olunub.