İndi dünyada iqtisadi əməkdaşlıq dövlətlər arasında münasibətlərin ən mühüm sütunlarındandır. İqtisadi əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır, həm də siyasi sabitliyin, regional təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə xidmət edir. Bu kontekstdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında qurulmuş iqtisadi tərəfdaşlıq qarşılıqlı maraqlara söykənən və strateji əhəmiyyət daşıyan əməkdaşlıq nümunələrindən biridir.
Son zamanlar münasibətlərin yeni mərhələyə qədəm qoyması həm Azərbaycan, həm də Aİ üçün mühüm iqtisadi imkanlar yaradıb. Xüsusən enerji təhlükəsizliyi, "yaşıl enerji", nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişlənməsi tərəflər arasında qarşılıqlı etimadı xeyli möhkəmləndirib. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi, Aİ-nin isə etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq marağı əlaqələrin strateji əhəmiyyətini artıran əsas amillərdəndir. Bununla yanaşı, qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin inkişafı və iqtisadi islahatlara verilən dəstək münasibətlərin yalnız enerji sektoru ilə məhdudlaşmadığını nümayiş etdirir. Məsələyə bu prizmadan baxanda Azərbaycan ilə Aİ arasında iqtisadi əməkdaşlığın davamlı inkişaf etdiyini və gələcəkdə daha geniş perspektivlərin dövriyyəyə daxil olacağını görmək elə də çətin deyil.
Xəbər verildiyi kimi, iyulun 1-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər edib. Səfərin məqsədi Azərbaycan ilə Aİ arasında iqtisadi və strateji tərəfdaşlığın mövcud vəziyyətini müzakirə etmək, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq idi. Prezidentlərin mətbuata bəyanatlarında da məhz bu istiqamətlər vurğulanıb. Prezident İlham Əliyev qeyd edib: "Deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk".
Azərbaycan ilə Aİ arasında əməkdaşlıq, sadəcə, mövcud layihələrin davam etdirilməsi ilə məhdudlaşmır. Tərəflər münasibətləri daha geniş iqtisadi gündəm əsasında inkişaf etdirmək, enerji ilə yanaşı, rəqəmsal transformasiya, investisiya və ticarət sahələrində də yeni imkanları dəyərləndirmək niyyətindədirlər. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər qarşılıqlı siyasi iradənin mövcudluğunu və tərəfdaşlığın uzunmüddətli strateji xarakter daşıdığını nümayiş etdirir. Bu dinamika isə qarşıdakı dövrdə Azərbaycan-Aİ iqtisadi münasibətlərinin dərinləşəcəyinə, yeni birgə layihələrin reallaşacağına və əməkdaşlığın hər iki tərəf üçün əlavə iqtisadi dəyər yaradacağına işarə edir.
Azərbaycan ilə Aİ arasında iqtisadi münasibətlərin əsasını ticarət və enerji əməkdaşlığı təşkil edir. Aİ hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Aİ-yə üzv dövlətlərin payına düşür. Azərbaycan da Aİ-nin Cənubi Qafqaz regionunda aparıcı ticarət tərəfdaşı hesab olunur və regionun ittifaqla ticarət dövriyyəsinin təxminən 70 faizini məhz ölkəmiz təmin edir.
Tərəflər arasında əməkdaşlığın strateji istiqamətlərindən biri enerji sektorudur. Bu sahədə əlaqələrin inkişafında enerji üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu mühüm mərhələ hesab olunur. Xatırladaq ki, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Aİ arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandıqdan sonra mətbuata bəyanatında Ursula fon der Lyayen demişdi: "Həqiqətən, siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz".
Sənədin imzalanmasından sonra Azərbaycanın Aİ-yə üzv ölkələrə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ölkəmizin ixrac etdiyi təbii qazın yarısı Avropa bazarına yönəldilir və artıq Aİ-nin 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Mövcud infrastruktur və tərəflərin siyasi iradəsi gələcəkdə həmin coğrafiyanın genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu göstəricilər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın etibarlı tərəfdaş kimi rolunun getdikcə gücləndiyini, eyni zamanda iqtisadi əlaqələrin qarşılıqlı maraqlar əsasında davamlı inkişaf etdiyini göstərir.
Məlumdur ki, müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu reallığı nəzərə alan Azərbaycan hər zaman enerji resurslarının etibarlı və dayanıqlı şəkildə dünya bazarlarına çıxarılması istiqamətində ardıcıl siyasət yürüdüb. Ölkəmiz yalnız zəngin enerji ehtiyatlarına güvənməyib, həm də geniş diplomatik fəaliyyət göstərib və böyük maliyyə vəsaitləri yatırıb. Bunun nəticəsində neft və təbii qazın beynəlxalq bazarlara çıxarılmasını təmin edən müasir infrastruktur formalaşdırıb.
Bu siyasətin ən uğurlu nəticələrindən biri "Cənub qaz dəhlizi"dir. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri bu gün Azərbaycan qazını Avropa bazarlarına çatdıran əsas enerji marşrutlarından biri kimi çıxış edir. Layihə yalnız enerji daşıyıcılarının nəqlini təmin etmir, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaş statusunu möhkəmləndirir. Bu isə ölkənin geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycan-Aİ əməkdaşlığının uzunmüddətli və qarşılıqlı maraqlara əsaslanan xarakterini nümayiş etdirir.
Ursula fon der Lyayen mətbuata bəyanatında bu məsələ ilə bağlı fikirlərini belə səsləndirib: "Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq. "Cənub qaz dəhlizi" həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə sizə təşəkkürümü ifadə etmək istəyirəm. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır".
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Aİ arasında iqtisadi münasibətlər təkcə bu günün deyil, həm də gələcəyin strateji tərəfdaşlıq modelidir. Enerji, ticarət, investisiya, nəqliyyat və "yaşıl enerji" sahələrində həyata keçirilən birgə layihələr qarşılıqlı etimadı möhkəmləndirir və əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Qlobal iqtisadi və geosiyasi çağırışlar fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi, Aİ-nin isə ölkəmizlə əlaqələrinin dərinləşməsinə verdiyi önəm və göstərdiyi maraq münasibətlərin uzunmüddətli perspektivə hesablandığını nümayiş etdirir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"