Azərbaycan qazının dünyaya yolu Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə başlayıb
19 il əvvəl - 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından çıxarılan mavi yanacaq Türkiyəyə ixrac olunmağa başladı. Qazın nəqli Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri ilə həyata keçirildi.
Bu zaman Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri artıq bir il idi tam sistem kimi fəaliyyət göstərirdi. BTƏ-nin işə düşməsi Azərbaycanda hasil olunan karbohidrogenlərin ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində atılan növbəti mühüm addım idi.
"Şahdəniz"in işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı ilk dəfə ölkəmizdən kənara - qonşu Gürcüstana 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) çatdırdı. CQBK ümumi uzunluğu 691 kilometr olan (443 kilometri Azərbaycan ərazisindən, 248 kilometri Gürcüstan ərazisindən keçir) kəmərdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya Ərzurumadək uzanan 280 kilometrlik daha bir hissə qoşulur. Beləliklə, başlanğıcını Səngəçal terminalından götürən, ön hissəsi CQBK-dan ibarət olan qaz boru xətti Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Dünyada neft diyarı kimi şöhrət tapmış Azərbaycan məhz bu kəmərin istifadəyə verilməsi ilə həm də qaz ixrac edən ölkə kimi tanınıb.
Qeyd edək ki, hələ 2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş"in imzalanması baş verdi. 2007-ci ilin iyulunda "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi idi.
BTC-dən və BTƏ-dən başlanan yollar artıq geniş dəhlizlərə qovuşub. Prezident İlham Əliyevin təşəbbüsü ilə, Azərbaycanın liderliyi ilə gerçəkliyə çevrilən "Cənub qaz dəhlizi" Avropanın enerji xəritəsini dəyişdirib. Hazırda həmin dəhliz və ona birləşən interkonnektorlar vasitəsilə 16 ölkə Azərbaycan qazı alır. Bu ölkələrin adlarını bir daha xatırladaq: Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya. Göründüyü kimi, bunların 10-u Avropa İttifaqına üzv dövlətlərdir.
Prezident İlham Əliyev BTƏ-ni yüksək dəyərləndirərək "Cənub qaz dəhlizi"nin uğurlarının bu kəmərə əsaslandığını dəfələrlə qeyd etmişdir. Dövlətimizin başçısı 2014-cü il sentyabrın 20-də "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindəki çıxışında demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq "Cənub qaz dəhlizi"nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir".
2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində Prezidentimiz bu fikri yenidən vurğulamışdır: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".
Xatırladaq ki, 3500 kilometrlik "Cənub qaz dəhlizi" üç kəmərin - genişləndirilmiş CQBK-nın, TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) birləşməsindən yaranan nəhəng bir ixrac marşrutudur. Bu dəhlizin Türkiyə qolu olan TANAP 2018-ci ilin iyun ayında istifadəyə verilənədək Azərbayan qazını qardaş ölkəyə çatdırmaq təkcə BTƏ-nin öhdəsinə düşüb.
Bu gün istər Bakı-Tbilisi-Ərzurum kəməri, istərsə də "Cənub qaz dəhlizi"nin bütün seqmentləri ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərir. Başqa sözlə, Azərbaycan qazının ixracı uğurla davam edir.
Deyilənlərə bir neçə rəqəm də əlavə edərək ölkəmizin hazırkı qaz ixracı mənzərəsini bir daha göz önünə gətirək. 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan xarici bazarlara 10 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Proqnozlara əsasən, ölkənin ümumi qaz ixracının ilin sonuna qədər təqribən 25 milyard kubmetr və ya daha çox olacağı gözlənilir.
Türkiyəyə illik ixrac həcmi təxminən 9,5 milyard kubmetr civarında nəzərdə tutulur. Bu həcmin bir hissəsini TANAP, bir hissəsini isə Bakı-Tbilisi-Ərzurum kəməri daşıyacaq.
Flora SADIQLI,
"Azərbaycan"