03 İyul 2026 08:40
158
CƏMİYYƏT
A- A+
Müharibənin 41-ci günü yaralandı

Müharibənin 41-ci günü yaralandı


27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda ürəyi Vətən eşqi ilə döyünən cəsur oğullar könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandılar. Belə oğullarımızdan biri də üzündən igidlik yağan Hüseynağa Osmanovdur. 

Söhbət zamanı öyrəndik ki, o, 3 aprel 1990-cı ildə Şamaxı rayonunun Qaravəlli kəndində dünyaya göz açıb. Bakı şəhərindəki 18 nömrəli orta məktəbdə oxuyub. Orta təhsilini başa vurandan sonra Türkiyədəki Mustafa Kamal Atatürk adına Dövlət Universitetinə qəbul olunub. Ali təhsilini bitirdikdən sonra ordu sıralarına çağırılıb. Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirdikdən sonra Kiyev Dövlət Universitetində magistr təhsili alıb.  

Qarabağın azadlığı uğrunda müharibənin başladığını eşidən Hüseynağa əlindəki vacib  işlərini bir tərəfə qoyub, "Vətən bizi çağırır" - deyərək qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon İdarəsinə müraciət edib. Sənədləşmə işləri yekunlaşandan sonra Hüseynağa artıq ertəsi gün Goranboy istiqamətindəki hərbi hissələrdən birində olub. 

Həmin günləri xatırlayan H.Osmanov dedi ki, torpaqlarımızın uzun illərdən bəri erməni işğalçılarının tapdağında qalması onu çox narahat edirdi: "Hələ orta məktəbdə oxuduğum illərdən Qarabağ müharibəsinin, dünyanı sarsıdan Xocalı faciəsinin ağrı-acılarını eşidə-eşidə böyüyürdük. Ürəyimizə bu qanlı hadisələri törədən düşmənlərə qarşı qısas hiss dolurdu. Vətən eşqi ilə döyünən hər kəs yurdumuzun azadlığı uğrunda vuruşmalıydı. Bunu bizdən vətənə övladlıq borcu tələb edirdi. Həmin günlərdə vətənin əsgəri kimi özümü döyüşə hazır hiss edirdim. Sentyabrın 29-da hərbi hissəyə gəlib çatdıq. Artıq müharibənin iki addımlığındaydım. Hərbi hissədə könüllülər çox idi. Müharibəyə gələnlər elə bu atəş səsləri altında qəbul edilir və qısa zaman ərzində ardıcıllıqla döyüşən hərbi hissələrə göndərilirdi. Çox keçmədi ki, bizi Ağdam rayonuna istiqamətləndirdilər. Cəbhə xəttinə yaxınlaşdıqca, atəş səsləri daha da gur eşidilirdi. Hiss olunurdu ki, ön mövqelərdə gərgin döyüşlər gedir". 

Söhbətinə davam edən Hüseynağa dedi ki, xeyli yol gəlib Ağdamın cəbhə xəttinə yaxın olan kəndlərindən birinə çatdılar: "Bizi burada yüksəkrütbəli bir zabit qarşıladı. Əsgərlərlə yaxından tanış olub, hansı ixtisas sahibi olduqlarımızı soruşdu. Mənim snayperçi olduğumu eşidəndə silahla bağlı bəzi suallar verdi. Sonra bizi təlim mərkəzinə göndərdilər. Bir neçə gün təlim keçib atış vərdişlərimizi təkmilləşdirdik. Artıq erməni işğalçıları ilə döyüşə hazır idik. Oktyabrın 1-də böyük qüvvə ilə Suqovuşanın azadlığı uğrunda əməliyyata başladıq. Yüksəklikdə dayanmış düşmən əsgərlərinin bir neçəsini məhv etdik. Hərəkətlərindən hiss olunurdu ki, qəsbkarlar qüvvələrimizin cəmləşdiyi ərazinin koordinatlarını qərargahlarına ötürməyə çalışırlar. Ona görə də bu yağıları görən kimi atəş açdım. Atdığımız güllələr, mərmilər hədəfinə düz çatırdı. Onu da deyim ki, ermənilər döyüşlərdə ən müasir silahlardan istifadə edirdilər. Bütün bunlar isə onlara bəzi üstünlüklər verirdi. 

Suqovuşan uğrunda gedən döyüşlər zamanı düşmən mövqelərini dağıtmaq üçün xeyli mərmidən istifadə olundu. Havadan və yerdən açılan atəşdən sonra məqsədimizə çatdıq. İşğalçılara məğlubiyyət acısını dadızdırırdıq".

Bu anlarda Hüseynağa yaxın qohumunun döyüşdə şəhid olduğunu kədər hissi ilə xatırladı: "Bibim oğlu Firuz Hacılını da ilk günlərdən müharibəyə çağırmışdılar. O, diş həkimi idi. Ali təhsilini Ukraynada almışdı, magistraturanı da İngiltərədə bitirmişdi. Şəhərdə klinikası var idi. Ordu sıralarına çağırıldığına görə klinikanı bağlayıb döyüşə gəlmişdi. Zəng edib onunla əlaqə saxladım. Hansı tərəfdə döyüşdüyü ilə maraqlandım. Bibim oğlu dedi ki, onları Füzuliyə aparırlar. Ona uğurlar arzulayıb sağollaşdım. Həm əməliyatlarda iştirak etdiyimə, həm də yaralandığıma görə sonrakı günlər onunla əlaqə saxlaya bilmədim. Müharibə qələbə ilə başa çatandan, evə qayıdandan sonra Firuzun şəhid olduğunu eşitdim. Onun ölümü məni çox sarsıtdı".

Hüseynağa yanağına süzülmüş göz yaşını silərək sözünə davam etdi: "Suqovuşan istiqamətindəki mövqelərini əvvəlcədən möhkəmləndirdiklərinə görə, qəsbkarlar zənn edirdilər ki, Azərbaycan əsgəri bu yerlərə gəlib çıxa bilməyəcək. Amma biz igidliyimizlə, cəsarətimizlə düşmənin ehtimallarının altını üstünə çevirdik. Güclü əks-hücumlarımızla onları mövqelərindən də, əlverişli yüksəklilklərdən də qovub çıxardıq. Yüksək hazırlıqlarına baxmayaraq, düşmənə qalib gələrək Suqovuşanı azad etdik, bu gözəl məkanda Zəfər bayrağımızı dalğalandırdıq". 

Altı gün Suqovuşan uğrunda vuruşandan sonra Hüseynağagili Ağdərə istiqamətində gedən döyüşlərə cəlb edirlər. O günləri xatırlayan cəsur əsgər bildirdi: "Yalnız Suqovuşanda deyil, bütün istiqamətlərdə gərgin döyüşlər gedirdi. Azadlığı uğrunda döyüşməyə gəldiyimiz Ağdərədə də silahlar gurlayırdı. İllərdən bəri susan silahların hamısı indi dilə gəlmişdi. Ağdərəyə çatan kimi də öhdəmizə düşən bir sıra zəruri tapşırıqları yerinə yetirdik. Düşmənin illərdən bəri yerləşdiyi və  möhkəmləndiyi "Baboy" adlanan postu uğrunda döyüş olduqca gərgin keçdi. Bu mövqe çox əlverişli istiqamətdə yerləşdiyinə görə yağılar onu əldən vermək istəmirdilər. Amma biz qəsbkarların ciddi müqavimətinə baxmayaraq, nəyin bahasına olursa-olsun, qarşımıza qoyulan döyüş tapşırığını icra etmək əzmindəydik. Nəhayət, uğurla başa çatan əməliyyatdan sonra qəsbkarlar xeyli canlı qüvvə itirərək geri çəkilməyə məcbur oldular. "Baboy" postunu azad etdiyimizə görə komandanlıq tərəfindən bizə təşəkkür elan olundu, mükafat verildi". 

Hüseynağa Osmanov sözünə davam edərək dedi ki, iyirmi gün Ağdərədə zəruri tapşırıqları yerinə yetirdikdən sonra bizi Xocavəndə, Qırmızı Bazar istiqamətinə gətirdilər: "Burada da yurdumuzun azadlığı uğrunda qızğın döyüşlər gedirdi. Ərazini yaxşı tanıyan zabit və əsgərlər deyirdilər ki, musiqi beşiyimiz olan Şuşaya az qalıb. Çoxdan idi ki, bu müqəddəs məkan uğrunda vuruşmaq arzusundaydım". 

Hüseynağa noyabrın 7-də növbəti əməliyyatların birində üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən yaralandı. Həmin əməliyyatdan söz açan cəsur döyüşçü dedi: "Qırmızı Bazar istiqamətində əməliyyatlarımız bir an da olsun səngimirdi. Əlverişli mövqedə dayanan işğalçılar geri çəkilmirdilər. Bizimsə bir yerdə dayanıb qalmaq fikrimiz yox idi. Çünki qarşıda bizi Şuşa uğrunda döyüşlər gözləyirdi. Noyabrın 7-də taborun dayaq məntəqəsindən xeyli irəlidə dağıdılmış üçmərəbəli bir tikilinin sonuncu mərtəbəsində dayanıb snayperi döyüş vəziyyətinə gətirərək düşmən mövqelərində müşahidə aparırdım. Hücum qrupumuz dayandığım yerdən bir az arxada döyüş əmri gözləyirdi. Hədəflər müəyyənləşən kimi hücuma keçəcəydik. Mövqe tutub dayandığım yer düşmən üçün açıq hədəf idi. Başımın üstündə istənilən an qəsbkarların gülləsinə tuş gəlmək təhlükəsi dolaşırdı. Buna görə də özümü qorumalı, yerimi görünməz etməliydim. Bu dar məqamda ətrafıma baxdım ki, görüm güllə keçirməyən nə tapa bilərəm. Əvvəlki əməliyyatlarda düşmənin bir piyada döyüş maşını vurulmuşdu. Güclü zərbə nəticəsində zirehli texnikanın arxasındakı desant qapısının qapağı çıxıb yerə düşmüşdü. Onun da çəkisi haradasa yetmiş kiloqram olardı. Ağır olsa da, həmin qapağı üçüncü mərtəbəyə qaldırıb arxasında özümə etibarlı yer düzəltdim və müşahidələrimi davam etdirdim, lazımi məlumatları komandirə çatdırdım. 

Müharibənin ilk günlərində əməliyyatların gərginliyini görəndə düşünürdüm ki, yəqin, mən də döyüşlərdə şəhid olacam. Amma günlər keçdikcə hər şey gərginlikdən çıxıb adiləşirdi. Əminlik hissi ilə düşünürdüm ki, mən nə yaralanacağam, nə də şəhid olacağam. Ermənilər dayandığım yeri yox, arxa tərəfləri minaatandan vururdular. Deyəsən, işğalçılar qrupun yerini müəyyənləşdirmişdilər. Müşahidə apardığım vaxt başımın üstündə mərmi səsi eşitdim. Bir an içində qəlpələr məni haqladı. Geri çəkilməyə, harasa addım atmağa zaman yox idi. İsti-isti qəlpələrin bədənimə dəydiyini hiss eləmədim. Dayandığım yerdə yıxılıb qaldım. Qrupumuzun döyüşçüləri məni bir neçə saatdan sonra tapdılar. Qəlpələr daha çox başımdan dəymişdi. Qəribə bir vəziyyətə düşmüşdüm. Ətrafımdakı səsləri eşidirdim, döyüşçü yoldaşlarımı görürdüm, amma nə qədər çalışsam da danışa bilmirdim, səsim çıxmırdı. Gözümü güclə açırdım, ətrafı tor kimi görürdüm. Fikirləşirdim ki, bəlkə şəhid olmuşam..." 

Hüseynağanı əvvəlcə Göyçay rayonuna, sonra isə Bakıya, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gətiriblər. Yaralarını əməliyyat ediblər. Amma həssas yerdə olduğuna görə həkimlər qəlpələri başından çıxara bilməyiblər. Cəsur döyüşçü bu qəlpələri Qarabağ müharibəsindən yadigar kimi başında gəzdirir. Əməliyyatdan sonra özünə gələndə Hüseynağa şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Qarabağı işğaldan azad etdiyini, Ermənistan silahlı qüvvələrinin darmadağın olunduğunu eşidib. Bu xəbərə çox sevinən Hüseynağa, Şuşa uğrunda döyüşə bilmədiyinə təəssüflənib. 

İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Hüseynağa Əziz oğlu Osmanov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Hüseynağa Osmanov ikinci qrup Qarabağ əlili olsa da, bu gün əmək fəaliyyətini davam etdirir, hamı ilə çiyin-çiyinə çalışır. İş adamı kimi ölkəmizin quruculuğunda yaxından iştirak edir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!