Yaxın illərdə gerçəkliyə çevriləcək "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi hazırda dünyanın diqqət mərkəzindədir. Bu da təsadüfi deyil, çünki söhbət sıradan bir layihə haqqında getmir.
2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu sazişə əsasən yaradılan, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən "Yaşıl Enerji Dəhlizi" sözügedən dörd ölkənin təmiz və təhlükəsiz enerjinin ötürülməsi üzrə ortaq strateji baxışına əsaslanır. Ümumi uzunluğu 3 min kilometr olan dəhliz vasitəsilə "yaşıl enerji" Qara dənizin dibi ilə Avropaya ötürüləcək. Bu kabel vasitəsilə ildə təxminən 4 giqavat gücündə "yaşıl enerji"nin Avropaya nəqli planlaşdırılır.
Məlum olduğu kimi, "yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına ixracı Prezident İlham Əliyevin enerji siyasətinin prioritetlərindəndir. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən az sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan etdi. Eləcə də Naxçıvan MR "yaşıl enerji" zonası elan olunub. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit və "yaşıl artım ölkəsi" prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.
Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 qiqavat və dənizdə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji layihələrimizin sayı ildən-ilə artır. 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Əgər əvvəlki hədəfimiz 2050-ci ilədək istixana qazı emissiyalarını 40 faizədək azaltmaq idisə, hazırda bu məqsədə 2035-ci ilə qədər nail olmaq qarşıya qoyulub.
SOCAR artıq yalnız neft-qaz deyil, inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. Bu çərçivədə 2024-cü ilin martında yaradılmış "SOCAR Green" şirkəti bərpaolunan enerji təşəbbüslərinə öncüllük edir.
Regional gündəlikdə də "yaşıl enerji" layihələri üzərində iş gedir. Təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də günəş və külək-elektrik enerjisi stansiyaları yaradılır. Dövlətimizin başçısı bu istiqamətdə də əməkdaşlığı genişləndirir. Ötən il noyabrın 13-də Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalamışlar. Həmin sənədə əsasən, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu xətt Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"ni Azərbaycanın infrastrukturuna birləşdirəcək.
Ötən ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumunda Prezidentimiz bu məsələyə bir daha toxunub: "Bizim planlarımız, istədiyimiz həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni bu layihə "Cənub qaz dəhlizi"ndən də daha böyük layihə olacaq. Amma bizim əməkdaşlığa, eyni zamanda koordinasiyaya ehtiyacımız var".
Bəs hazırda layihə həyata keçirilməsinin hansı mərhələsindədir? Bu günlərdə Azərbaycanın Almaniyadakı səfirliyinin, Alman İqtisadiyyatının Şərq Komitəsinin və "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti"nin birgə təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə keçirdiyi təqdimatın materiallarından həmin suala cavab tapmaq mümkündür. Belə ki, hazırda layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə dənizaltı kabel texnologiyaları, istehsalçı şirkətlərlə danışıqlar, potensial tərəfdaşlıq modelləri və layihənin reallığa çevrilməsi mərhələsi üçün mümkün inkişaf variantları seçir. Bundan əlavə, layihənin uğurla icrası üçün qarşıdakı dövrdə müxtəlif maraqlı tərəflər və potensial enerji alıcıları ilə əməkdaşlıq daha da gücləndirilir. Sazişin 2022-ci ildə imzalanmasından sonra dörd ölkə arasında 11 nazirlər görüşü keçirilib, texniki-iqtisadi əsaslandırma üzrə razılaşma əldə olunub və birgə müəssisə yaradılıb.
Avropa İttifaqının layihəni prioritet dənizüstü enerji dəhlizləri sırasında tanıması ittifaqın bölgəyə və layihəyə siyasi dəstəyini nümayiş etdirir. Məsələn , elə sözügedən tədbirdə Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç "Yaşıl Enerji Dəhlizi" üzrə üçtərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yeni layihələrin işə salınması perspektivlərinin komitə üçün prioritet istiqamətlərdən olduğunu qeyd edərək, Bakıya son səfəri zamanı bir sıra müqavilələrin imzalanması biznes marağının artmasını göstərdiyini deyib.
Xatırladaq ki, Azərbaycan hazırda Avropanın 10 ölkəsinə qaz tədarük edir. İldə 3 milyard kubmetrlik Azərbaycan qazının Almaniyaya ixracını nəzərdə tutan müqavilələr də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəm daşıyır. Alman şirkətləri üçün "yaşıl enerji"nin ixracında iştirak etmək də arzuolunandır.
Yeri gəlmişkən onu da vurğulayaq ki, Azərbaycan-Almaniya münasibətləri bir çox istiqamətdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf edir. Prezident İlham Əliyevin son iki ildə Almaniyaya dörd dəfə səfər etməsi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprelində ölkəmizə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Almaniyanın yeni hökuməti ilə dialoqun yüksələn xətt üzrə davam etməsi alman iqtisadiyyatının Azərbaycana artan marağının dinamikasını daha da möhkəmləndirir.
Flora SADIQLI,
"Azərbaycan"