25 Iyul 2024 02:51
116
İDMAN
A- A+

7 olimpiada - 51 medal

 

Azərbaycan atletləri rekord nəticələrə imza atıblar

İyulun 26-da Fransanın paytaxtı Parisdə 33-cü Yay Olimpiya Oyunları start götürəcək. "Paris-2024"də 10 mindən çox idmançı 329 medal dəsti uğrunda mübarizə aparacaq. Bundan əvvəl çıxış etdiyi Yay Olimpiya Oyunlarında böyük nəticələrə imza atan Azərbaycan turnirə 48 idmançı ilə yollanır. Ümumiyyətlə, atletlərimiz çıxış etdikləri son 7 olimpiadada çox möhtəşəm tarixi zəfərlərə imza atıblar. Onları bir daha xatırlamaq yerinə düşərdi.

 

Müstəqil Azərbaycanın ilk Olimpiya medalı

1996-cı ildə ABŞ-də keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanmışdı.

Atlanta Oyunlarında ən həyəcanverici məqamlardan biri də ondan ibarət idi ki, idmançılarımız ilk dəfə olaraq müstəqil dövlətimizin bayrağı altında çıxış edirdilər. Olimpiya Oyunlarının açılış mərasimində ilk dəfə Azərbaycanın adı səslənirdi. Bu oyunlarda idmançılarımızın əldə edəcəkləri nailiyyətlər bu dəfə birbaşa Azərbaycanın adına yazılacaqdı.

Sərbəst güləş üzrə yığmamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Namiq yüksək texnika və əzmkarlıq nümayiş etdirdi. O, ABŞ idmançısı Lou Rosselli, yapon Sasayama Hideonu, özbək Açilov Ədhamcanı, iranlı Qulamrza Məhəmmədi üzərində inamlı qələbə qazanaraq finala çıxdı. Finalda bolqar İordanovla Namiqin görüşü çox ağır keçdi. Çətin mübarizə İordanovun qələbəsi ilə başa çatdı. Beləliklə, Namiq gümüş medal qazandı. Bu, Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandığı ikinci, müstəqil Azərbaycan bayrağı altında qazanılan birinci medal idi.

 

"Sidney-2000": 2 qızıl, 1 bürünc

2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla 34-cü yeri (Avropa ölkələri arasında 23-cü) tutdu.

Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında iştirak edən Zemfira Meftəhəddinova gətirdi. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. O, ən yaxın rəqibini üç xal geridə buraxaraq Olimpiya çempionu oldu.

Ölkəmizə ikinci qızıl medalı Atlanta Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Qrup yarışlarını uğurla başa vuran Namiq yarımfinal və final görüşlərini də yüksək səviyyədə keçirdi. Finalda ABŞ idmançısı Samuel Henson üzərində inamlı qələbə qazanan Namiq Abdullayev Olimpiya çempionu adını aldı.

Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. Bu medalı ölkəmizə 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov gətirdi. Yarımfinalda planetin ən güclü boksçusuna inadla müqavimət göstərməsinə baxmayaraq, uduzan atletimiz Sidney Oyunlarının bürünc mükafatçısı oldu.

 

Afinadakı "qızıl"ımız

21-ci minilliyin ilk Olimpiya Oyunlarında - "Afina-2004"də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı.

Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000" Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

 

Pekində yazılan tarix

2008-ci ildə Pekində təşkil edilən Olimpiadada isə Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olundu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandı.

Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq), gümüş medalları isə yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) gətirdi. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medallara layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, növünə görə isə 39-cu oldu.

 

Londonda "medal yağışı"

2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazandılar. Bununla 204 ölkə arasında 30-cu olan ölkəmiz medalların ümumi sayına görə 25-ci (Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci) yerdə qərarlaşdı.

Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

 

Rioda rekord

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı.

Ölkəmiz ilk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazandı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan medal sayına görə 87 mükafatçı ölkə arasında 15-ci yeri tutaraq islam, türk və Cənubi Qafqaz ölkələri arasında lider oldu. Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov isə Vətənə gümüş medalla döndülər.

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan teakvondo üzrə Azərbaycan millisi "Rio-2016"da ən yaxşılardan biri oldu. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə etdi. Radik İsayev isə Azərbaycanın yeganə qızıl medalının sahibi oldu. Milad Beiqi Harçeqani və Patimat Abakarova da medalsız qalmadılar. Onların qismətinə bürünc medal düşdü.

Boksçulardan Lorenzo Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü İnna Osipenko-Rodomskaya əlavə etdi.

 

Pandemiya ilə yadda qalan "Tokio-2020"

Dünyanın 206 ölkəsindən 11 mindən çox idmançının qatıldığı "Tokio-2020"də qalib olmaq hər bir atletin arzusu idi. Çünki planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq elə də asan qazanılan nəticə deyil.

Bu baxımdan, dördilliyin zirvə yarışına 44 idmançı ilə qatılan Azərbaycan komandasının turniri 3 gümüş və 4 bürünc medalla başa vurması uğur hesab olunmalıdır. Tokio Olimpiadasında  medalların sayına görə 31-ci olduq.

Doğrudur, istərdik ki, Azərbaycan idmançıları ən azından Rio Olimpiadasında qazanılan 18 medallıq nəticəni təkrar etsinlər. Lakin dünyanı ağuşuna alan koronavirus pandemiyası və Azərbaycanın böyük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi idman və idmançılarımıza da təsirsiz keçmədi. Azərbaycanda bir sıra obyektlərin, o cümlədən idman zallarının fəaliyyətinə məhdudiyyətlərin qoyulması, sərhədlərin bağlı olması səbəbindən idmançılarımızın bir sıra müxtəlif səviyyəli beynəlxalq yarışlara qatıla bilməmələri və s. səbəblərdən atletlərimiz Olimpiadaya normal şəkildə hazırlaşa bilmədilər.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalı isə sərbəst güləşçi Hacı Əliyev (65 kq) qazandı.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.

Beləliklə, komandamız 2-si karatedə və 1-i güləşdə 3 gümüş, 2-si güləş, 1-i cüdo və 1-i boksda, 4 bürünc medalla Vətənə döndü.

 

"Paris-2024"lə bağlı proqnozlar

İndi isə hədəf "Paris-2024"dür. Ümid edir və inanırıq ki, idmançılarımız onlara göstərilən etimadı doğruldaraq Vətənə daha yaxşı nəticələrlə qayıdacaqlar.

Turnir ərəfəsində ABŞ-nin məşhur "Sports Illustrated" nəşri bütün medal dəstlərinin sahibləri ilə bağlı proqnozlarını açıqlayıb. Amerikalıların proqnozuna görə, ölkəmiz iki qızıl medal qazanacaq. Nəşr hər iki çempionluğun yunan-Roma güləşində əldə olunacağı qənaətindədir. Jurnal Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanovu (77 kq) qızıl medala layiq görüb.

Sərbəst güləş üzrə komandamızdan iki mükafat gözlənilir. Maqomedxan Maqomedov (97 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünclə Vətənə dönə bilər.

Amerikalılar cüdoçulardan Zelim Kotsoyevin (100 kq) gümüş, Hidayət Heydərovun (73 kq) bürünc medal əldə edəcəklərinə inanırlar.

Uğurlar, Azərbaycan!

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video