19 Sentyabr 2024 08:20
867
SİYASƏT
A- A+
23 saat 43 dəqiqə...

23 saat 43 dəqiqə...


Və son qələbəyə doğru gedilən 35 il


Vətən müharibəsindəki məğlubiyyətindən sonra kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan üçtərəfli Bəyanatın 4-cü bəndində nəzərdə tutulan müddəanı yerinə yetirməkdən boyun qaçırırdı - Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qalan qanunsuz erməni hərbi birləşmələri ərazilərimizi tərk etmirdilər. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan rəhbərliyi isə əksinə, hərbi birləşmələri silahlandırmaqla məşğul idi. Təbii ki, təhlükəsizliyin təminatı, suverenliyimizin tam bərpası baxımından erməni silahlıları torpaqlarımızdan qovulmalı idi.

2023-cü il sentyabrın 19-da  Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlarına və terror hücumlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 

44 günlük İkinci Qarabağ müharibəsində öz qüdrətini, gücünü göstərən Azərbaycan Ordusu cəmi 23 saata qanunsuz erməni birləşmələrini darmadağın edərək 18 minlik hərbi qruplaşmanı ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, sentyabrın 20-də saat 13:00-da antiterror tədbirləri dayandırıldı.

Beynəlxalq humanitar hüquq norma və prinsiplərinə əsasən, Qarabağda yaşayan heç bir erməni mülki əhaliyə zərər yetirmədən, mülki obyekti hədəf almadan, yüksək peşəkarlıqla əməliyyatları icra edən ordumuz dəqiq zərbələrlə düşmənin 1761 hədəfini sıradan çıxarmış, qısa zaman ərzində 90-dan çox döyüş mövqeyini ələ keçirmişdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemi, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü. 

Bu gün 13 istiqamətdə həyata keçirilmiş əməliyyatlar nəticəsində 24 saatdan da az müddətə 18 minə yaxın qanunsuz silahlıları diz çökdürən, suverenliyimizin tam bərpası ilə başa çatan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən bir il ötür.  


Regionda yeni konfiqurasiyaya yol açan mühüm tarixi hadisə


Siyasi ekspert Bəhruz Məhərrəmov qeyd edir ki, Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə əsasən, ölkəmiz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir: "Biz ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali konstitusion niyyət kimi müəyyən etmişik və başqa dövlətlərlə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qururuq. Otuz ilə yaxın bir dövrdə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizindən artığının işğalında ehtiva olunan sülh və insanlıq əleyhinə cinayətlərinə baxmayaraq, Azərbaycan hər zaman qeyd edilən prinsiplərə sadiq qalıb, dialoqla problemlərin köklü şəkildə həll ediləcəyinə inamını itirməyib. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın 2018-ci ildə o zaman işğal altında olan Xankəndi stadionunda "Qarabağ Ermənistandır, nöqtə" bəyanatını verməsi bölgədə sülh və sabitliyin dialoq vasitəsilə təmininə ümidləri tamamilə qırdı. Ermənistan isə daha da irəli gedərək "yeni müharibə və yeni topraqlar" tezisini ortaya atmaqla bölgədə gərginliyin qaçılmaz olduğunun siqnallarını verməyə başladı və 2020-ci ildə işğalın dairəsini genişləndirmək məqsədilə Azərbaycana qarşı başlanan əməliyyatlar ordumuzun əks-həmləsi ilə işğal və təcavüzə son qoyulması ilə nəticələndi. İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında qazanılan bu Zəfərin nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal altında olmuş 3 rayonunu bir güllə belə atmadan boşaltmağa məcbur oldu". 

Mütəxəssis bildirir ki, Vətən müharibəsindəki Zəfərimizə baxmayaraq, Azərbaycanın beynəlxalq humanitar hüququ rəhbər tutması, bütün addımlarında humanist dəyərlərə və insan amilinə xüsusi önəm verməsi Ermənistan və havadarları tərəfindən sui-istifadə edilməyə başlanılıb. Əvvəllər Azərbaycan ərazilərinin işğalı faktoruna ölkəmiz əleyhinə təzyiq mexanizmi kimi baxan Qərb imperializmi 2020-ci ildən etibarən ölkəmizin beynəlxalq hüquqla tanınan Qarabağ iqtisadi rayonunda o zaman mövcud olan separatçı xunta rejiminə özünün yeni rıçağı kimi baxmağa başladı. 

Beləliklə, Vətən müharibəsindən sonrakı 3 il ərzində separatçıların sürətlə silahlanması, Azərbaycanın Qarabağ bölgəsinin isə ciddi şəkildə minalanması sayəsində ehtiva olunan təhlükəli konfiqurasiya formalaşdı. Vətən müharibəsinin ardınca Azərbaycan Silahlı Qüvvələrinin aralıq dövrdə həyata keçirdiyi əməliyyatlara baxmayaraq, separatçı rejim, o cümlədən Qarabağda mövcud olan qeyri-qanuni erməni silahlı birləşmələri təxribatlar törətməyə ara verməyərək, xüsusən Qərb imperializminin heç bir faktiki əsasa və real gücə söykənməyən təşviqi ilə cinayətkar davranışlarının əhatəsini hər ötən gün genişləndirirdilər. Xüsusən, Azərbaycan ərazilərinin minalanmasının daha da intensivləşməsi, həmçinin 2021-ci il Ermənistan istehsalı olan minaların Azərbaycan ərazisində aşkarlanması prosesin getdikcə dözülməz hal aldığını, minalanmanın daha çox mülki şəxsləri hədəflədiyini aşkar formada nümayiş etdirirdi. 2023-cü il sentyabrın 19-da, səhər saatlarında Ermənistan silahlı birləşmələrinin törətdiyi növbəti terror aktı nəticəsində 4-ü polis, 2-si mülki şəxs olmaqla, 6 nəfərin mina terrorunun qurbanına çevrilməsi Azərbaycanı adekvat addımlar atmağa vadar etdi.

Beləliklə, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirlərinə start verərək cəmi 1 gün ərzində qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirib ölkəmizin bütün ərazilərində dövlət suverenliyini bərqərar etdi. Prezident İlham Əliyevin xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətində də ifadə etdiyi kimi, terrorçular cəzalandırıldı və Ermənistana bir daha göstərildi ki, onların istənilən təxribatının layiqli cavabı veriləcək. 

Ekspertin sözlərinə görə, daha öncə Prezidentin qətiyyəti ilə Laçın sərhəd-buraxılış məntəqəsinin təsis olunması bu prosesdə Azərbaycanın qətiyyətli davranışlar sərgiləyəcəyinə şübhə doğurmurdu. Antiterror tədbirləri Azərbaycan hərbçilərinin qəhrəmanlıq, şücaət, peşəkarlığı ilə relyef şəraitinin ordumuzun əleyhinə olmasına, həmçinin düşmənin 30 ildən artıq bir müddətdə ciddi istehkamlar və əlverişli mövqedə əməliyyat şəraitinə nəzarət imkanlarına baxmayaraq, bütün gözləntilərimizi cəmi bir neçə saat ərzində realizə edə bildi. 

B.Məhərrəmov qeyd edir ki, antiterror tədbirləri ilk baxışda Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatələyən hərbi əməliyyatlar kimi görünsə də, əslində, məzmun və mahiyyətinə görə qlobal əhəmiyyət daşıyır və beynəlxalq hüquq adına çox ciddi önəmə malikdir. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında 23 saatda 30 il davam etmiş işğal və təcavüzə, o cümlədən möhkəmlənmiş və davamlı olaraq Qərb imperializmindən dəstək alan separatizmə son qoyması beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan dövlətlərin ərazi bütövlüyü və daxili işlərinə qarışılmasının yolverilməzliyi prinsiplərinin təntənəsi oldu. Otuz il ərzində separatçılara və Qarabağdakı xunta rejiminə Azərbaycana qarşı təhdid və təsir rıçağı kimi baxan Qərbin bu alətdən məhrum edilməsi, həmçinin Cənubi Qafqazda suverenlik adına mühüm bir mərhələnin startı oldu. Eyni zamanda separatizmə son qoymaqla Azərbaycan dövləti dünya tarixində getdikcə vüsət alan bu problemin köklü həllinə qısa müddət ərzində effektiv şəkildə nail olan ilk beynəlxalq subyekt oldu. Həqiqətən də, ən azı ötən 100 il ərzində ərazisində baş qaldıran, yaxud bu və ya digər subyektlər tərəfindən dəstəklənən separatizm ocağı olan heç bir dövlət bu problemlərlə mübarizədə səmərəli həll üsulu tətbiq edə bilməmişdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun güc və imkanları bizə separatizm problemini hərbi-siyasi yolla kökündən çözməyə imkan yaratdı və bir çox beynəlxalq təcavüzkar tərəfindən dəstəklənən Ermənistan Azərbaycanla ikinci kapitulyasiya aktı imzalamağa məcbur oldu. Antiterror tədbirlərinin beynəlxalq hüquq adına digər mühüm göstəricisi Prezident İlham Əliyevin dünyaya beynəlxalq humanitar hüquq dərsi keçməsi oldu. Əməliyyatlar başlamazdan öncə və əməliyyatlar ərzində aidiyyəti strukturlar - istər radioyayımlar, istər səsucaldıcılar, istərsə də vərəqlər paylama üsulu ilə Qarabağda yaşayan erməniləri xəbərdar edərək mülki insanların hədəfdə olmayacağını, yalnız və yalnız əli azərbaycanlıların qanına batmış, habelə suverenliyimizə qəsd etməkdə olan separatçıları və cinayətkarları hədəfə alacağımız barədə mülki şəxslərə məlumat verilmişdi. 

Hüquqşünas vurğulayır ki, antiterror tədbirlərinin gedişində də heç bir mülki şəxsə xəsarət yetirilməməsi,  həmçinin heç bir mülki obyektin və evin hədəfə alınmaması Azərbaycanın beynəlxalq humanitar hüquqa böyük töhfəsi və bu istiqamətdə dövlətlərin fəaliyyəti üçün zəruri yol xəritəsinə çevrilib. 

O qeyd edir ki, antiterror tədbirləri Azərbaycan tarixinin qızıl səhifələrindən biri və regionda yeni konfiqurasiyaya yol açan mühüm siyasi tarixi hadisədir. Azərbaycan məhz antiterror tədbirləri ilə bölgənin inkişafında, tərəqqisində, habelə təhlükəsizlik konfiqurasiyasında yeni bir dövr başladıb, sülh, sabitlik və rifah üçün yeni tarixi ekosistemə start verib. Bu mənada müstəqil, qüdrətli Azərbaycan var olduqca lokal xarakterli antiterror tədbirləri dövlətimizin qüdrəti, liderimizin qətiyyəti və xalqımızın qəhrəmanlığının inikası olaraq əbədi şəkildə Azərbaycan tarixində qalacaq. 


Separatizmin sonu


"Qarabağda separatizmin formalaşmasını müəyyən şərait yaratmışdı. Lakin 1988-ci ildən başlayan separatizmə 2023-cü ildə birdəfəlik son qoyuldu". 

Bu fikirləri isə ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov söylədi. Tarixə qısa ekskurs edən hərbi ekspert baş verən proseslərin əvvəlindəki hadisələri xatırladır:  "Həmin dövrdə sovetlər birliyi çökür, Qorbaçovun xəyanətkar siyasəti SSRİ-nin dağılmasına gətirib çıxarırdı. Çoxları haqlı olaraq deyirdi ki, SSRİ-nin dağılması "Dağlıq Qarabağ"da separatizmin baş qaldırmasından başladı. Azərbaycanda olan gərgin siyasi proseslər, vətəndaş müharibəsi təhlükəsi, xaricdən müdaxilələr vəziyyəti ağırlaşdırırdı. Azərbaycan yalnız daxildəki erməni separatizmi tərəfindən deyil, həm cənubda, həm də şimalda baş qaldıran separatizm hərəkatı tərəfindən parçalanırdı, bu qüvvələr xaricdən idarə olunurdular. Azərbaycanın daxilində siyasi rəhbərlikdəki səriştəsizlik, şəxsi maraqlara üstünlük verilməsi separatizmi gücləndirirdi. Belə vəziyyətdə Azərbaycanın, xalqın güclü liderə ehtiyacı var idi. Tarixdə həmişə belə olub - ən kritik zamanlarda tarix özü xalqı belə bir şəxsiyyətə istiqamətləndirib. Yaranmış vəziyyətlə bağlı Ulu Öndərə müraciət edən xalq onu təkidlə respublika rəhbərliyinə dəvət etdi. Azərbaycanın dağılmasının, separatizmin, vətəndaş müharibəsinin qarşısının alınması üçün xalqımız Ümummilli Lider Heydər Əliyevi xilaskar kimi seçdi. Ulu Öndər də son nəfəsinə kimi öz vətəninə, xalqına sədaqətli xidmət göstərdi". 

Ş.Ramaldanov vurğulayır ki, Heydər Əliyev xalqın xilası üçün təhlükəli bir vəziyyətdə Bakıya gələrək bütün prosesləri ustalıqla, məharətlə idarə edərək xalqı bəlalardan qurtardı. Ulu Öndər həm şimalda, həm də cənubda separatizmin qarşısını aldı, vətəndaş müharibəsinə yol vermədi, düşmənin işğal prosesinin genişlənməsini dayandırdı. Hətta 1994-cü ildə iki gün davam edən uğurlu əks-hücum - Horadiz əməliyyatı nəticəsində Silahlı Qüvvələrimiz 30 kilometrə qədər irəliləyərək 22 yaşayış məntəqəsini azad etdi. 

Ulu Öndər özündən sonra onun şah əsəri sayılan Azərbaycan Silahlı Qüvvələri üçün Ali Baş Komandan yetişdirdi. Xalq Ulu Öndərin varisi olan, vətəndaşların etimadını qazanan cənab İlham Əliyevi Prezident seçdi. Ali Baş Komandan Azərbaycan Ordusunu müasir standartlara uyğunlaşdıraraq, mükəmməl ordu siyasəti həyata keçirdi. Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Ölkəmizin yüksələn iqtisadiyyatı güclü, müasir ordu yaradılmasına imkan verdi. Güclü iqtisadiyyat olmadan güclü orduya malik olmaq çətindir. Prezident İlham Əliyev ordunun gücləndirilməsinə daim xüsusi diqqət yetirir, hərbi hissələrdə təlimlərin keçirilməsi planlarını təsdiq edirdi. Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdən biri torpaqlarımızın işğaldan azad edilməsi idi. Dövlət başçısı dəfələrlə bütün kürsülərdən işğal altında olan Azərbaycan torpaqlarının hansı yolla olursa, olsun azad ediləcəyinə əminliyini ifadə edirdi. Ordu-xalq-dövlət birliyi Azərbaycanda elə mərhələyə çatdı ki, ölkəmiz torpaqlarını güc yolu ilə azad etmək qərarına gəldi. Aprel döyüşlərindən sonra Prezident İlham Əliyev ordunu qiymətləndirərək demişdi ki, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Dövlət başçısı bu anonsu hələ Aprel döyüşlərində vermişdi. 

Hərbi ekspert qeyd edir ki, Azərbaycan Ordusu öz tarixi qələbəsini qızıl hərflərlə  yazıb. Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdən çıxmalı olan qanunsuz erməni silahlılarının mövcudiyyəti hələ də davam edirdi.  Bu da Azərbaycan daxilində nəinki separatizmin, qanunsuz qoşun formalaşmasına şərait yaradırdı. "Hətta atəşkəs intensiv şəkildə pozulur, erməni separatçı hərbi qüvvələri yaxında olan yaşayış məntəqələrinə və dinc əhaliyə təhlükə törədirdilər. Əlbəttə bu, çox davam edə bilməzdi. Azərbaycan Ordusuna inanan Ali Baş Komandan antiterror tədbirləri keçirməklə bağlı qərar qəbul etdi. Azərbaycan Ordusu yenə qısa zamanda - cəmi bir sutkada üçtərəfli Bəyanatda nəzərdə tutulmuş 4-cü bəndi özü icra etdi. Qanunsuz erməni hərbi birləşmələrini tərk-silah edərək ölkəmizdə separatizm yuvasını darmadağın etdi. Beləliklə, Azərbaycan torpaqlarında suverenlik tam şəkildə bərpa olundu". 

Antiterror tədbirlərinin böyük əhəmiyyətə malik olduğunu deyən Ş.Ramaldanov bildirdi ki, bu əməliyyatlarda Azərbaycan Ordusu yüksək peşəkarlığı ilə seçilib. Tarixdə indiyə kimi mülki infrastruktura, mülki əhaliyə heç bir ziyan vurmadan belə bir antiterror tədbiri keçirilməyib. Azərbaycan bütün proseslərə nəzarət edərək, antiterror tədbirlərinə mükəmməl hazırlaşaraq peşəkarlığı nəticəsində, zərgər dəqiqliyi ilə hərbi hədəfləri məhv edərək qarşıya qoyulan tapşırığı uğurla icra etdi. Bununla Xankəndidə də Azərbaycan bayrağı ucaldıldı. İllər keçəcək bütün bu əməliyyatlar tarixçilər, politoloqlar, hərbçilər tərəfindən təhlil olunacaq. 

Ekspert dedi ki, ordunu formalaşdırıb güclülər sırasına çıxaran Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu, xalqın yumruq kimi birləşdiyini, özünün məharətli sərkərdəliyini dünyaya sübut etdi.


Bir günə darmadağın edilən erməni separatçıları


Hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, xüsusilə, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonundan erməni silahlılarını çıxarmaması Azərbaycanı adekvat addımlar atmağa vadar edib: "Əslində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə antiterror tədbirlərinin həyata keçirilməsi 2022-ci ilin mart ayının 26-da Fərrux əməliyyatı ilə başladı. Bundan sonrakı dövrdə Qırx qız və Sarıbaba yüksəklikləri, Şuşa rayonunun Zamanpəyəsi və Allahqulular kəndləri düşməndən azad edildi. Digər tərəfdən isə Laçın sərhəd-keçid məntəqəsi quruldu və Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edildi". 

O xatırladır ki, bunlardan sonra Azərbaycan "şeytan yuvası"nda yerləşən separatçı rejimin ləğv edilməsi üçün əməliyyatlara başlayıb. Bu əməliyyatlara başlanılması əsasən Ermənistanın Azərbaycan ərazilərinə şəxsi heyət, silah, hərbi texnika, minalar daşıması ilə əlaqədar idi. Bu minalar da antiterror tədbirlərindən bir müddət əvvəl 6 nəfər polis və mülki vətəndaşlardan ibarət heyətin ölümünə səbəb olmuşdu. Bəlli olmuşdu ki, bu minaları ermənilər müharibədən sonra bu ərazilərdə basdırıblar. "Daha sonra Azərbaycanın erməni silahlılarının  ərazilərimizdən tamamilə təmizlənməsi üçün əməliyyata başlaması mütləq sosial sifariş olaraq formalaşdı. Cəmi bir gün ərzində Azərbaycan erməni silahlılarını darmadağın edərək onları ikinci kapitulyasiya aktını imzalamağa, silahlarını təhvil verərək ərazilərimizdən çıxmağa məcbur etdi.  Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq ərazisində separatçı rejimin mövcudluğuna tamamilə son qoydu", - deyə ekspert vurğulayır.

Beləliklə, 1988-ci ildən Azərbaycanın Qarabağ bölgəsində kök salmış sepatizm yuvası elə dövlətimizin öz gücü hesabına 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqəyə darmadağın edildi. Onların kökü Azərbaycan torpaqlarından birdəfəlik kəsildi. Bununla da illərlə işğala, təcavüzə, terrora məruz qaldığı halda heç bir beynəlxalq təşkilatın həll edə bilmədiyi, daha doğrusu, görməzdən gəldiyi haqsızlığa, ədalətsizliyə Azərbaycan hərbi gücü ilə qalib gəldi. Ölkəmizin ərazi bütövlüyü suverenliyi tam təmin edildi. Qarabağ və Şərqi Zəngəzurun hər qarışında Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Xankəndidə qaldırılan şanlı hilal isə qələbəmizin möhürü oldu.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!