Şuşa, Füzuli, Zəngilan, Tərtər, Laçın və Xocalıdan sonra gələn ay Cəbrayıla da köç karvanı yollanacaq
Cəmi dördillik qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng tikinti-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, milli çağırışlarımızdan olan Böyük qayıdış əzm və qətiyyətlə gerçəkləşdirilir.
Azərbaycan dövlətinin azad edilən ərazilərdə gördüyü kompleks işlərin mühüm nəticəsidir ki, 30 il ərzində düşmən tapdağında qalan, darmadağın edilən səkkiz şəhər və kəndimizdə artıq həyat yenidən qaynamağa başlayıb. Şuşa, Laçın, Füzuli, Xocalı şəhərlərinin, eləcə də Tərtərin Talış, Zəngilanın Ağalı, Laçının Zabux və Sus kəndlərinin sakinləri qayıdış köçləri ilə doğma yurdlarına dönərək isti od-ocaqlarına qovuşublar.
34 min 500 ailə yurduna dönəcək
2026-cı il, Böyük qayıdışın birinci mərhələsi bitənə qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək.
Buna görədir ki, həmin ərazilərdə dünyada misli bərabərinə rastlanmayan şəkildə bərpa və quruculuq işləri aparılır, Böyük qayıdışa mühüm hazırlıq işləri görülür.
O yerlərə səfər edən vətəndaşlarımız da, əcnəbi qonaqlar da azad torpaqlarımızda gerçəkləşdirilən işləri böyük heyrətlə seyr edirlər. Onlar nəhəng körpülərin, tunellərin salınmasından, minlərlə kilometr uzunluqda yolların tikintisindən, beynəlxalq hava limanlarının inşasından, müasir binaların ucaldılmasından tutmuş tarixi, dini, mədəni abidələrimizin müvəffəqiyyətlə bərpasına qədər görülən hərtərəfli işlərin Böyük qayıdışı günbəgün sürətləndirdiyinə şahidlik edirlər. Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda, özü də Qarabağ və Şərqi Zəngəzur ərazisində "ağıllı kənd" və "ağıllı şəhər"lərin qurulmasının özü isə bir başqa qürurverici məqamdır.
8 minə yaxın insanın qayıdış sevinci
2022-ci il iyulun 19-da Zəngilanın yenidən qurulmuş "ağıllı kənd"i - Ağalının sakinlərinin qayıdışı ilə start verilən Böyük qayıdış sürətlə davam edir. Ötən müddətdə 2023-cü ilin mart ayında Tərtərin Talış kəndinə, may ayında Laçın şəhərinə, avqust ayında Füzuli şəhərinə və Laçın rayonunun yenidən salınan Zabux kəndinə köç həyata keçirilib. Ötən il ərzində fərqli tarixlərdə bu ərazilərə xeyli köç həyata keçirilib. 2024-cü ildə də Qarabağ və Şərqi Zəngəzura qayıdış davam edir. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinə, Laçının Zabux, Sus kəndlərinə 33 köçlə 846 ailə - 3196 nəfər dönüb.
Ümumilikdə, Böyük qayıdış prosesində 2036 ailə - 7901 nəfər dədə-baba yurduna qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 552 ailə (2031 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.
Xoşbəxtlik elə budur
Gələn ay isə Cəbrayıla köç olacağı gözlənilir. Eyni zamanda bu ilin sonlarında Kəlbəcərə və Xankəndiyə də qayıdış planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda gecə-gündüz aparılan böyük quruculuq işləri sakinlərinə qovuşan yurdlarımızın siyahısına çox tezliklə digər şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin də qoşulacağını deməyə əsas verir.
Bütün bunlar qısa vaxtda gözlərimizin qarşısında gerçəyə çevrilən möcüzələrdir.
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir, ruhu belə öldürülmüş şəhər və kəndlərimizi yenidən dirçəldir. Onilliklər boyu vətəndə qəribçilik çəkən insanlarımız sevinc göz yaşları içərisində yurdlarına qayıdır, nəhayət ki, dədə-baba torpaqlarımızdan doğma hənir gəlir. Və bütün bunlar həm də bütövlükdə xalqımız üçün xoşbəxtliyin özü deməkdir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"