13 Sentyabr 2024 01:45
5312
MSK
A- A+
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 68 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 68 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 41/203


 

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə Respublikaçı Alternativ (Real) Partiyasından qeydə alınmış namizəd Cəfərov Natiq Mehman oğlu 2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 37/123 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini, dairə seçki komissiyasına verdiyi şikayətdə göstərilən pozuntulara əsasən seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Ərizəçi araşdırmada özü və ya səlahiyyətli nümayəndəsinin iştirak edəcəyini bildirsə də, araşdırmaya gəlməmişlər. Şikayətçinin komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Namizəd tərəfindən dairə seçki komissiyasına təqdim olunmuş müraciətdə, əsasən seçki məntəqələrində səsvermə günü müşahidəçilərin səsvermə prosesini, barmaqların görünməyən mürəkkəblə işarələnməməsini, səsvermə bülleteninin seçicilər tərəfindən seçki qutusuna atılmasını normal izləyə bilməmələri, seçki dairəsinin 11, 18, 23 və 37 saylı seçki məntəqələrində məntəqə seçki komissiyasının yekun protokolunun müşahidəçilərə imzalanmadan və möhür vurulmadan verilməsi, 10 saylı seçki məntəqəsində 17 yaşlı şəxsin səs verməsi, 21 saylı seçki məntəqəsində seçki qutusuna birdən artıq səsvermə bülleteninin atıldığı, bülletenlərin sol küncünün əvvəlcədən kəsilmiş olduğu, 24 saylı seçki məntəqəsində iki seçicinin birlikdə səsvermə kabinəsinə daxil olması, həmçinin bir seçicinin şəxsiyyət vəsiqəsi olmadan səsvermədə iştirak etməsi, 26 saylı seçki məntəqəsində iki nəfərin iki dəfə səs verməsi, 20 və 38 saylı seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin statistikasında fərqlərin olduğu göstərilmişdir.
Araşdırmanın nəticəsi olaraq dairə seçki komissiyasının hazırda namizəd tərəfindən mübahisələndirilən 7 sentyabr 2024-cü il tarixli 37/123 nömrəli qərarı ilə müraciət əsassız olduğundan təmin edilməmişdir.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə bağlı namizəd tərəfindən seçki dairəsinin 40 seçki məntəqəsində qanun pozuntularının olduğunu göstərsə də, yalnız 7 seçki məntəqəsi üzrə seçki günü tərtib edilən aktlar təqdim edilmişdir. Araşdırma prosesində müəyyən edilmişdir ki, 1 sentyabr 2024-cü ildə səsvermə başlandığı andan başa çatanadək, həmçinin səslər sayılarkən və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilərkən məntəqə seçki komissiyalarına və dairə seçki komissiyasına namizəd və ya namizədi irəli sürmüş partiyanın təyin etdiyi müşahidəçilər tərəfindən seçki hüquqlarının pozulması ilə bağlı heç bir yazılı müraciət edilməmişdir.
Müraciətin araşdırılması ilə bağlı dairə seçki komissiyasından araşdırma materialları alınaraq təkrar araşdırılmış və müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən seçki günü pozuntuların baş verməsi iddia edilən məntəqə seçki komissiyalarında müşahidə aparmış müxtəlif siyasi partiyaları təmsil edən və ya öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçilərdən alınmış izahatlardan və həmin müşahidəçilər tərəfindən tərtib edilmiş aktlara əsasən iddia edilən pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır. Əksinə, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə edərək səsvermədə iştirak etdikləri, bütün seçki subyektlərinə, o cümlədən müşahidəçilərə lazımi şərait yaradıldığı müəyyən edilmişdir. Belə ki, seçki günü seçki dairəsi ərazisində müşahidə aparmış müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər, Ş.İ.Əhmədov, C.R.Kərimov, K.Ə.Mayılov, E.E.Sadıxov (ADP), M.A.Allahverdiyev, M.N.Əliyev, P.Ə.Əliyev, H.Ə.Haşımov (Ağ Partiyası), Ş.E.Dostiyev, Ş.Ə.Əzimova, M.N.Manafov (AVP), T.D.Dəmirova, F.N.Ağazadə, X.Ə.Əhmədova (MCP), E.M.Əmiraslanov, N.B.Bayramov (VHP), həmçinin 10 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 24 müşahidəçi, 11 saylı seçki məntəqəsində 17 müşahidəçi, 18 saylı seçki məntəqəsində 8 müşahidəçi, 20 saylı seçki məntəqəsində 13 müşahidəçi, 21 saylı seçki məntəqəsində 16 müşahidəçi, 23 saylı seçki məntəqəsində 14 müşahidəçi, 24 saylı seçki məntəqəsində 17 müşahidəçi, 26 saylı seçki məntəqəsində 14 müşahidəçi, 37 saylı seçki məntəqəsində 13 müşahidəçinin seçki günü tərtib etdikləri aktlarda səsvermə prosesinin qanunauyğun və şəffaf keçdiyi, səslərin sayılması və protokolların tərtib edilməsinin Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi, səsvermənin nəticələrinə dair protokolun surətini hər hansı maneə olmadan aldıqlarını öz imzaları ilə təsdiq etmişlər.
Şikayətçi tərəfindən araşdırmaya təqdim olunmuş 5 seçki məntəqəsi üzrə 10 video görüntüyə baxış keçirilmiş və həmin video görüntülərdə pozuntu halları müşahidə olunmamışdır. Seçki dairəsinin 1 saylı, 24 saylı və 25 saylı seçki məntəqələrində səsvermə kabinəsindan iki şəxsin çıxmasını əks etdirən video görüntü ilə bağlı qeyd edilməsi zəruridir ki, dairə seçki komissiyasının qərarında da qeyd edildiyi kimi, həmin halda Seçki Məcəlləsinin 104.9-cu maddəsinin tələbinə uyğun olaraq seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan seçicinin müraciəti əsasında ona kömək etmək üçün dəvət edilmiş şəxsin soyadı və adı seçici siyahısında qeyd edilməklə ehtiyacı olan seçiciyə kömək göstərilmişdir. Həmin video görüntülərdə səsvermə kabinəsindən çıxan seçicinin seçki qutusuna yaxınlaşaraq bir ədəd bülleteni qutuya atdığı müşahidə olunur.
Yuxarıda göstərilənlərə əsasən dairə seçki komissiyası tərəfindən şikayətlə bağlı aparılmış araşdırmanın nəticələrinə məcmu halda qiymət verilərək, təkrar araşdırma ilə namizəd N.Cəfərovun müraciəti üzrə dairə seçki komissiyasının düzgün nəticəyə gəldiyi müəyyən edilir.
Beləliklə, araşdırma ilə namizəd N.Cəfərovun müraciətinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından müraciət təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə Respublikaçı Alternativ (Real) Partiyasından qeydə alınmış namizəd Cəfərov Natiq Mehman oğlunun 9 sentyabr 2024-cü il tarixli 68 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 37/123 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

12.09.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!