Qarabağ və Şərqi Zəngəzur gözümüzün önündə yenidən qurulur
Qarabağ və Şərqi Zəngəzurda icra edilən yenidənqurma və bərpa işləri davam edir. Regionda "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində dörd istiqamət - infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı irəliləyişi üzrə işlər davam edir.
Öncə onu qeyd edək ki, dövlət proqramı çərçivəsində 215 min hektar ərazinin təkcə 2020-2022-ci illərdə 57,6 min hektarı minalardan təmizlənib. 2024-cü ildə isə daha 62 min 23 hektar ərazi zərərsizləşdirilib ki, bu da infrastruktur layihələrinin icrasında əsas şərtlərdən biri hesab edilir. İnfrastruktur qrupunun əsas hədəflərindən biri isə bölgədə hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı yol, rabitə, su, qaz, elektrik, istilik təminatının həyata keçirilməsi və yenidən qurulmasıdır.
İqtisadi inkişafa gəlincə, artıq 2 sənaye zonası fəaliyyət göstərir. Ağdam Sənaye Parkı Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkından sonra yaradılmış ikinci böyük sənaye zonasıdır. Park Cənubi Qafqazda ilk beşliyə daxildir. Burada 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara qeyri-rezidentlik statusu verilib. Artıq 9 müəssisə fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi də sürətlə davam edir. İndiyədək minlərlə keçmiş məcburi köçkün doğma torpağına qayıdıb. Həmçinin onların məşğulluğu təmin olunub. Bu vacib işdə dövlət və özəl sektorlar birgə fəaliyyət göstərirlər. Yeri gəlmişkən onu da bildirək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini icra edən, fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizmə, sənaye, energetika müəssisələrində işləyən vətəndaşlarımız da yaşayırlar.
Qarabağ və Şərqi Zəngəzur həm də "yaşıl enerji" zonasına çevrilir ki, bu da ətraf mühitin tarazlı inkişafında mühüm rol oynayır. Bölgədə 4 min meqavatdan artıq günəş, 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. 2024-cü il ərzində regionda 32 su-elektrik stansiyasında 550 milyon kilovat-saatadək "yaşıl enerji" istehsal olunub. Eyni zamanda həmin müddətdə 270 meqavat gücündə 30-dan çox su-elektrik stansiyası istismara verilib. Yalnız keçən il Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin iştirakı ilə 7 su-elektrik stansiyasının, eləcə də "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimləri keçirilib. Həmçinin ötən ildəki Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi istiqamətində işlər davam edir. Hazırda uzunluğu 60 kilometrdən çox olan tunel, körpü inşa edilir, dəmir yolları çəkilir.
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanda prioritet məsələlərdən biridir. Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış həmin ərazilərin bərpası, yenidən qurulması praktik olaraq intensiv bir şəraitdə həyata keçirilir. Zəfərdən sonra regionun bərpasına 19 milyard manata yaxın vəsait xərclənib: "2025-ci ilin proqnozunu nəzərə alsaq bu, o deməkdir ki, II Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 23 milyard manat vəsait xərclənəcək. Bütün bunlar Azərbaycan dövlətinin büdcəsi, daxili maliyyə mənbələri hesabına baş verir. Ona görə də bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirir. Təbii ki, bunlar bir tərəfdən həmin ərazilərimizin bərpası, yenidən qurulması, digər tərəfdən orada iqtisadiyyatın formalaşması, reinteqrasiyası üçün yeni imkanlar yaradıb. İşğaldan azad edilmiş ərazilərimizin kifayət qədər böyük potensialı var".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"