28 İyul 2026 09:10
112
Mədəniyyət
A- A+
Xəzərin qoruduğu Bayıl qalası

Xəzərin qoruduğu Bayıl qalası


Xəzər dənizi min illərin və bu illər ərzində mədəniyyətlərin və talelərin şahididir. Əsrlər boyu sahillərində şəhərlər yaranıb, qalalar ucalıb. Bəzən dalğaları ilə insan əlinin yaratdığı möhtəşəm abidələri sınağa çəkib, bəzən isə onları öz qoynuna alaraq əsrlərin sükutuna qərq edib. Qədim Bayıl qalası da belə sirli abidələrdəndir.

Suların altında qorunan bu qədim abidə Azərbaycanın şəhərsalma mədəniyyətinin, memarlıq düşüncəsinin və tarixi yaddaşının nadir nümunələrindən biridir. Mənbələrdə "Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və başqa adlarla qeyd olunsa da, elmi ədəbiyyatda  daha çox "Bayıl qəsri" kimi tanınır.

Tədqiqatlarda bir kitabə daşında Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsi faktı da var. Mənasının liman qala olduğu bu adın Bayıl qalasının əsas funksiyalarından birini aydınlaşdırdığı qeyd edilir. O da bildirilir ki, bütövlükdə Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olub. Belə ki, Şamaxı qalasının  müdafiəsində Gülüstan qalasının yerinə yetirdiyi  funksiyanı Bakı qalasının müdafiəsində də Bayıl qalası həyata keçirib. 

Azərbaycan tarixində mühüm dövrlərdən biri olan Şirvanşahlar dövlətinin hakimiyyəti illərində Bakı Xəzər sahilində yerləşən mühüm şəhərlərdən birinə çevrilmişdi. Şəhərin əlverişli coğrafi mövqeyi onun iqtisadi və siyasi əhəmiyyətini artırırdı. Orta əsrlərdə şəhərlərin inkişafında müdafiə məsələsi böyük əhəmiyyət daşıyırdı. Şəhər yalnız yaşayış yeri deyil, həm də dövlətin gücünü, ticarət yollarını və əhalinin təhlükəsizliyini qoruyan mühüm mərkəz sayılırdı. Bayıl qalasının tikilməsi də bu mənada böyük əhəmiyyət kəsb edirdi. Xəzər sahilində inşa edilən bu möhtəşəm istehkam Bakının dəniz tərəfdən müdafiəsində mühüm rol oynayırdı. Qalanın yerləşdiyi ərazi xüsusi strateji əhəmiyyət daşıyırdı. Buradan dəniz yollarına nəzarət etmək, sahilə yaxınlaşan gəmiləri izləmək və şəhərin liman təhlükəsizliyini təmin etmək mümkün idi.

Bayıl qalası yalnız daş divarlardan ibarət müdafiə qurğusu deyil, eyni zamanda Azərbaycanın Orta əsr şəhərsalma düşüncəsinin, memarlıq sənətinin və Bakının qədim tarixinin daşlara həkk olunmuş yaddaşıdır. Məlumata görə, Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin ortasında daş döşəməli meydançada monumental bir tikilinin özülü aşkar edilib. Araşdırmalarda həmin yerdə Abşeron qalalarına xas tipdə bir qüllənin ucaldığı bildirilir. Tədqiqatçıların əksəriyyətinin qənaətincə, bu atəşgah və ya məbəd qalıqlarıdır.

Belə ehtimallar da irəli sürülür ki, XII-XIII əsrlərdə möhkəm qəsr, qala liman olaraq inşa edilən, Bakının dənizdən qorunmasında müstəsna yer tutan Bayıl qəsri daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılıb. Onun inşasına 1234-cü ildə başlandığı mənbələrdə təsdiqini tapıb. Tikinti işləri 1235-ci ildə başa çatıb. Monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə saldığı illərdə bu möhtəşəm qalanı inşa edənlər onun tarixin sınaqlarına tab gətirəcəyinə, əzəmətlə dayanacağına ümid edirdilər. Ancaq 1306-cı ildə baş vermiş güclü zəlzələdən sonra qala yerləşdiyi ərazi ilə birlikdə su altında qalıb.

Bayıl qəsri əsrlər boyu su altında qalsa da, dəniz bu möhtəşəm abidəni  tarixdən silinməyə qoymayıb. Mütəxəssislərin əksəriyyəti bu qənaətdədirlər ki, 400 ildən çox Xəzər suları altında qalmasaydı, Abşeronun bir çox abidəsi kimi, Bayıl qalasının da izi belə olmayacaqdı.

Xəzər dənizinin səviyyəsinin yenidən xeyli enməsi Bayıl qəsrinin su üzündə görünməsinə səbəb olub. Lakin elm aləmi uzun müddət idi ki, Xəzərin dibində belə bir qəsrin olmasından xəbərdar idi. Hələ 1782-ci ildə Bakı limanının ruslar tərəfindən tərtib edilmiş xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd olunmuşdu. 1848-ci ildə Bakıda olmuş görkəmli rus şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov da Bayıl tərəfdə dənizin içərisindəki tikinti qalıqları barədə məlumat vermişlər.

Lakin Bayıl qalasının əsl elmi kəşfi XX əsrdə mümkün oldu. Arxeoloqların apardığı araşdırmalar nəticəsində məlum oldu ki, dənizin dibində, sadəcə, ayrı-ayrı daş parçaları deyil, bütöv bir memarlıq kompleksinin qalıqları var. 1939-1969-cu illərdə qəsrin ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində divar uçuqları altından və su dibindən 700-dən çox yazılı daş tavalar çıxarıldı. Nadir monumental xəttatlıq və heykəltaraşlıq əsərləri olan həmin dərin oymalı daş tavaları mütəxəssislər nəhəng tikinti kitabəsinin ayrıntıları hesab ediblər. Bildirilib ki, onlar ilk çağda divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı əmələ gətirib.

Abidənin dövrünü təsdiq edən materiallar da əldə edilib. Bəzi daşların üzərində hicri 632-ci il tarixi yazılıb ki, bu da miladi 1232-1235-ci illərə müvafiqdir. 1939-cu ildə ərazidə üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları həkk olunmuş mis pullar aşkarlanıb.

Bayıl qalası öz dövrünün yüksək memarlıq və mühəndislik səviyyəsini göstərən abidələrdən biridir. Onun tikintisində istifadə olunan materiallar, divarların quruluşu və bədii işləmələr XIII əsr Azərbaycan memarlığının imkanlarını nümayiş etdirir. Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası,  Gülüstan qalası və Qəley-Buğurt qalasında olduğu kimi, Bayıl qalasının memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlardan istifadə olunub. Araşdırıcılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını, tikinti tarixlərini oxumaqla bərabər, başqa mühüm məlumatlar aşkarlayıblar. Daş kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsudoğlunun, ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin adları oxunub.

2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması Bayıl qalası kimi nadir memarlıq incilərimizin yenidən öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xalqın bu günü və gələcəyi onun keçmişinə göstərdiyi ehtiramdan başlayır. Milli yaddaşı qorumaq, tarixi irsi öyrənmək və onu gələcək nəsillərə ötürmək hər bir xalqın mənəvi borcudur. Əsrlərin sınağından keçərək Xəzərin qoynunda qorunan Bayıl qalası da Bakının qədim tarixindən, zəngin memarlıq irsindən xəbər verən nadir daş salnamələrindən biridir.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!