26 İyun 2026 08:00
488
SİYASƏT
A- A+
Müzəffər Sərkərdə, qalib Ordu Dövlətçiliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı

Müzəffər Sərkərdə, qalib Ordu Dövlətçiliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı


26 iyun tariximizə iftixar və qürur dolu gün kimi yazılıb. 108 il əvvəl -  26 iyun 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə Azərbaycan korpusu yaradılıb. 

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd olunurdu ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Avqustun 1-də Azərbaycanın Hərbi Nazirliyi təsis olundu. İlk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.

Yaradıldığı ilk günlərdən silahlı qüvvələrin quruculuğuna başlanıldı. Qısa müddət ərzində zəruri işlər görüldü, uğurlu addımlar atıldı. Sonrakı tarixi hadisələr göstərdi ki, yenicə yaradılmasına baxmayaraq, Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını, həmçinin ətraf qəsəbə və kəndləri erməni-bolşevik işğalından azad etməyi bacardı. Sonrakı illər də ordu quruculuğu istiqamətində mühüm işlər görüldü. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 

Təəssüflər olsun ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti  qan üstə qurulmuş bolşevik hökumətinin hücumu nəticəsində süquta uğradı. Böyük əziyyətlər bahasına yaradılmış və formalaşdırılmış Azərbaycan xalqının qürur və iftixar mənbəyi olan dövləti, o cümlədən ordusu ləğv edildi. Onun yaradılmasında və formalaşmasında böyük xidmətləri olan generalların və zabitlərin əksəriyyəti Nargin adasında güllələndi və həmin günlər tariximizin səhifələrinə qanla yazıldı. 

Əvəzində əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin tarixi ənənələri sonrakı illərdə bərpa olundu, yaşadıldı və uğurla davam etdirildi. Bu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan işlər, həyata keçirilən uğurlu islahatlar ölkəmizdə mütəşəkkil, qüdrətli ordunun yaradılması üçün əlverişli şərait yaratdı. 

1991-ci ildə yaranmış tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı 1920-ci ildə itirilmiş dövlət müstəqilliyini bərpa etdi. Amma ölkəmiz bir sıra problemlərlə üz-üzə qaldı. Havadarlarına arxalanan Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün Qarabağa və Şərqi Zəngəzura etdikləri silahlı hücumlar müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz üçün ciddi problemlər yaratdı. Ölkə ərazisinə olan hərbi təcavüzlərin qarşısının alınması üçün ordunun yaradılması və formalaşdırılması günün ən zəruri məsələsinə çevrildi. 

1991-1992-ci illərdə ordu rəhbərliyində hökm sürən nizamsızlıq, vahid komandanlığın olmaması, siyasi rəhbərliyin zəifliyi, səriştəsizliyi Silahlı Qüvvələrin formalaşmasını çətinləşdirməklə yanaşı, həm də ləngidirdi. Qarşısı qətiyyətlə alınmadığına görə də erməni işğalçılarının hücumları getdikcə güclənir, daha da böyük əraziləri əhatə edirdi. Azərbaycanın şəhər və kəndləri bir-birinin ardınca qəsbkarların əlinə keçirdi. Getdikcə ölkədə vəziyyət gərginləşirdi. 

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətin və dövlətçiliyin əsas sütunlarından biri olan peşəkar ordunun yaradılması üçün uğurlara hesablanmış islahatlara başlanıldı. Ümummilli Liderin qətiyyətli siyasi iradəsi, diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin formalaşmasında böyük uğurlar əldə olundu. 

Ulu Öndər hələ 1969-cu ildə Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra bu böyük şəxsiyyətin müstəsna xidmətləri sayəsində respublikada hərbi kadrların hazırlanması prosesində uğurlu addımlar atıldı. Ümummilli Liderin təşəbbüsü ilə  1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıldı. Bundan sonra Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin həm Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil almalarına, həm də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına şərait yarandı. Azərbaycanlı gənclərin hərbi sahəyə marağı daha da artdı.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, iki il sonra, 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. Həmin illər ərzində Azərbaycanın minlərlə hərbçisi NATO və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək peşəkarlıqlarını artırdılar, müasir hərbi bilik və vərdişlərə yiyələndilər.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən təhsil ocaqlarında Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində uğurlu islahatlar həyata keçirildi.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Həmin ildən etibarən bu tarix ölkəmizin və xalqımızın hərbi qüdrətinin təntənəsi kimi qeyd olunur. 

Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin həm peşəkarlığının, həm də şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da artırılması, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatına böyük önəm verildi. Məhz elə bunun da nəticəsində dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində regionun ən qüdrətli ordusuna çevrildi. 

Daim gücünü artıran Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani surətdə nümayiş etdirildi. Dünya Azərbaycan Ordusunun gücünü və qüdrətini bir daha gördü. 

2016-cı ilin Aprel döyüşləri rəşadətli Azərbaycan Ordusunun tarixinə böyük hərflərlə yazıldı. Həmin döyüşlər zamanı işğalçıların qəfil hücumlarının qarşısını alarkən Silahlı Qüvvələrimiz düşməndən qat-qat güclü olduğunu bir daha sübut etdi. Ermənistan ordusunun təxribatlarına qətiyyətlə cavab verən ordumuz sürətli, çevik, uğurla başa çatan əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vurdu. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Qazanılan qələbə nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Bir sıra əlverişli yüksəkliklər, o cümlədən Lələtəpə yüksəkliyi Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Həmin ərazilərdə Azərbaycan bayrağı dalğalandı. Aprel döyüşləri  xalqımıza böyük sevinc bəxş etdi. Xalqımızın ordusuna sevgisi, məhəbbəti və inamı daha da artdı. 

2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza böyük sevinc bəxş edən Aprel döyüşlərindən bəhs edərək demişdir: "2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını böyük cəsarət və rəşadətlə alan, işğalçılara sarsıdıcı zərbə vuran şanlı Azərbaycan Ordusu bir neçə aydan sonra qazandığı qələbəsi ilə xalqımıza böyük sevinc bəxş etdi.

2020-ci il sentyabrın 27-də İkinci  Qarabağ  müharibəsi başladı. Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri  Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında düşmənə sarsıdıcı zərbələr vurdu, ağır itkilərə məruz qoydu. Onlarla, yüzlərlə zirehli, zirehsiz texnikasını vurub sıradan çıxardı. 44 gün ərzində - sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad olundu.

Rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə yekunlaşdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana döyüşsüz təhvil verildi. 44 günlük Vətən müharibəsindən əvvəl özünü "məğlubedilməz" adlandıran Ermənistan silahlı quldurları qüdrətli Azərbaycan Ordusunun qarşısında diz çökdü.

Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı, igidliyi sayəsində İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkəmizin paytaxtında xalqımıza böyük qürur və iftixar bəxş edən Zəfər paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi münasibətilə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər paradında nümayiş etdirildi.

Daim gücünü, qüdrətini artıran Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də Qarabağda erməni separatçılarının müntəzəm olaraq törətdikləri təxribatlarının qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. 23 saatdan bir qədər çox davam edən uğurlu antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri dəqiq zərbələrlə məhv edildi. 

Bu gün şanlı Azərbaycan Ordusunun daha da təkmilləşdirilməsi, formalaşdırılması, güclənməsi, şəxsi heyətin döyüş hazırlığının daha da artırılması məqsədilə müntəzəm olaraq zəruri və müasir dövrün tələblərinə uyğun müvafiq islahatlar həyata keçirilir. Ordu quruculuğunun daha da sürətləndirilməsinə böyük töhfələr verəcək yeni strukturlar yaradılır. Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılmışdır. Universitetin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Yüksək peşəkarlığa malik olan zabit kadrlarının hazırlanması isə təbiidir ki, gələcək uğurlardan xəbər verir, yeni zəfərlərə yol açır.

Hamımızın fəxr etdiyi və qürur duyduğu Azərbaycan Silahlı Qüvvələri bu gün Qafqazda ən müasir ordu hesab olunur. Bütün qoşun növlərimiz potensial rəqiblə mübarizə aparmaq, qələbə qazanmaq, ölkəmizin ərazi bütövlüyünü, xalqımızın və dövlətimizin təhlükəsizliyini qorumaq gücündədir. Gündən-günə qüdrətlənən  Azərbaycan Ordusu  müstəqil Azərbaycanın etibarlı keşikçisi və suverenliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün qarantıdır. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!