Çoxvektorlu, müstəqil və prinsipial xarici siyasət kursu ölkəmizi regional və qlobal nizamın əsas aktorlarından birinə çevirib
Beynəlxalq münasibətlər sistemi kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu mərhələyə qədəm qoyub. Siyasi-hərbi qarşıdurmalar, qlobal təhlükəsizlik sistemindəki boşluqlar və iqtisadi böhranlar hər dövləti öz xarici siyasət strategiyasına yenidən baxmağa vadar edir. Belə qeyri-müəyyən şəraitdə Azərbaycan öz milli maraqlarına əsaslanan, beynəlxalq hüququn aliliyinə söykənən və qarşılıqlı hörmət prinsipini rəhbər tutan müstəqil xarici siyasət kursu ilə regionun ən etibarlı, dinamik və nüfuzlu dövlətlərindən birinə çevrilib.
Bu uğurlu geostrateji mövqeyin təməlində ölkəmizin illərdir ardıcıllıqla yürütdüyü çoxvektorlu, praqmatik və balanslaşdırılmış diplomatiya dayanır. 1993-cü ildən etibarən formalaşan və son illərdə daha da güclənən bu strateji xətt sayəsində Azərbaycan dünya siyasətinə istiqamət verən əsas güc mərkəzləri və müxtəlif regionlar ilə yüksəksəviyyəli münasibətlər, etibarlı tərəfdaşlıq və sıx əməkdaşlıq mexanizmləri qurmağa nail olub. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, suverenliyə hörmət və ikili standartlara qarşı qətiyyətli mövqe sərgiləmək Azərbaycanın xarici siyasətinin əsas prinsipləridir.
Azərbaycanın Qərb istiqamətindəki xarici siyasətində Avropa dövlətləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Avropa İttifaqının 10-dan çox üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayan ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Avropa ilə enerji tərəfdaşlığını bu gün keyfiyyətcə tamamilə yeni mərhələyə daşıyan Azərbaycan 10-u Avropa İttifaqının üzvü olmaqla, 12 Avropa dövlətinə təbii qaz ixrac edir. Bu geniş coğrafiya Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu aydın göstərir. Təbii qazla yanaşı, xam neft və Xəzərdən Avropaya çəkilən "yaşıl enerji" kabeli layihəsi də Azərbaycanı qitənin bərpaolunan enerji keçidində önəmli tərəfdaşa çevirir.
Son dönəmdə Amerika Birləşmiş Ştatları ilə münasibətlər də qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq müstəvisində dinamik inkişaf edir. Enerji təhlükəsizliyi, qlobal terrorizmə qarşı birgə mübarizə, regional nəqliyyat marşrutları və sülh təşəbbüsləri Vaşinqton-Bakı arasında strateji dialoqun əsasını təşkil edir. Bu münasibətlər Cənubi Qafqazda sabitliyin qorunması ilə yanaşı, qlobal təşəbbüslərin reallaşmasında mühüm rola malikdir.
Azərbaycan dünyanın nəhəng iqtisadi güclərindən biri olan Çin Xalq Respublikası ilə də əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə ilk dəstək verməklə, özünün modern logistik infrastrukturu ilə Çin və Avropa arasında yüklərin daşınmasında təhlükəsiz, etibarlı və qısa marşrutu təmin edir.
Şərq-Qərb balansını tamamlayan mühüm geostrateji istiqamətlərdən biri də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiya və Mərkəzi Asiya regionu ilə qurulan yüksək münasibətlərdir. Mərkəzi Asiyanın zəngin resurslarının Azərbaycan üzərindən Avropaya daşınmasını nəzərdə tutan Orta dəhliz iki regionu vahid iqtisadi-logistik məkan kimi birləşdirir.
Azərbaycan xarici diplomatiyasını yalnız ənənəvi güc mərkəzləri ilə məhdudlaşdırmayıb, həm də Yaxın Şərq, Afrika və Latın Amerikası regionları ilə çoxtərəfli münasibətlərini genişləndirib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü kimi ərəb-islam dünyası ilə həmrəylik nümayiş etdirən Bakı eyni zamanda Qoşulmama Hərəkatına uğurlu sədrlik dövründə Afrika və Latın Amerikası dövlətləri ilə dərin diplomatik körpülər salıb, onların problemlərinin həllinə fəal dəstək verib.
Azərbaycanın milli maraqlara söykənən prinsipial diplomatik xətti xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə özünün ən yüksək zirvəsinə çatıb. Azərbaycanın hərbi sahədə qazandığı tarixi Zəfər paralel olaraq diplomatik müstəvidə də davam etdirilib. Postmünaqişə dövründə yaranmış yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması diplomatiyamızın ən böyük uğuru olub.
Bununla bərabər, Azərbaycan postmünaqişə dövründə bəzi Qərb dövlətlərinin və beynəlxalq təşkilatların qərəzli, ikili standartlara söykənən təzyiqləri ilə üzləşib. Lakin dövlətimizin nümayiş etdirdiyi cəsarətli diplomatik müqavimət ölkəmizin suverenliyinə müdaxilə cəhdlərinin qarşısını qətiyyətlə alıb. Məhz bu prinsipial mövqe Azərbaycanı qlobal miqyasda daha böyük təşəbbüslərin müəllifinə çevirib. Qoşulmama Hərəkatına uğurlu sədrlik edən ölkəmiz BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətindən sonra "Qlobal Cənub"un əsas liderlərindən biri olub.
Hazırda Azərbaycan Fransanın dənizaşırı ərazilərdə yürütdüyü neokolonializm siyasətinə qarşı qlobal mübarizəyə (Bakı Təşəbbüs Qrupu) liderlik edir, iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətlərinin səsinə çevrilir və bununla çoxtərəfli diplomatiyanın zirvəsində dayandığını sübut edir.
Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə imza atdığı bütün tarixi uğurlar daxili sabitliyin, güclü iqtisadiyyatın və bunları təmin edən Prezident İlham Əliyevin uzaqgörən müstəqil xarici siyasət kursunun birmənalı nəticəsidir. Qlobal güc mərkəzləri və fərqli regionlar ilə bərabərhüquqlu və yüksəksəviyyəli əlaqələr quran Azərbaycan eyni zamanda milli suverenliyini hər şeydən üstün tutan prinsipial dövlətdir.
Bu gün "orta güc"ə çevrilən Azərbaycan regional və qlobal miqyasda gündəmi müəyyən edən geostrateji oyunçu kimi çıxış edir. Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu daha da möhkəmləndirən ölkəmiz beynəlxalq əməkdaşlığa dəyər qatan təşəbbüslərin önündə gedir. Azərbaycanın yürütdüyü çoxvektorlu və müstəqil xarici siyasət kursu göstərir ki, güclü dövlət konsepsiyası həm də prinsipial diplomatiya və sarsılmaz siyasi iradə ilə şərtlənir. Postmünaqişə dövrünün yeni reallıqlarını beynəlxalq miqyasda qəbul etdirən Azərbaycan çoxqütblü dünya nizamında söz sahibi ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən diplomatiya ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın milli maraqlarının gələcək onilliklərdə də etibarlı şəkildə qorunacağını tam təmin edir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"