22 İyul 2026 08:05
47325
CƏMİYYƏT
A- A+
"AZƏRBAYCAN"ın "Zəfər" imzası

"AZƏRBAYCAN"ın "Zəfər" imzası


Tarixin təkrarolunmaz bir hikməti var ki, bəzi nəşrlər, sadəcə, xəbər daşıyıcısı kimi doğulur, bəziləri isə millətin taleyi və zəfərləri ilə eyni gündə dünyaya göz açır. 1918-ci ilin 15 sentyabrında Bakı düşmən işğalından azad edilib bayrağımız paytaxtda dalğalandırılanda, həmin tarixi günün al şəfəqləri içində bir mətbuat möcüzəsi də həyata vəsiqə qazandı: "Azərbaycan" qəzeti! 

Həmin tarixi gündə mətbuatımızın fədakar mühərrir və publisistlərinin qələmindən süzülən ilk nüsxələr azadlığın, hürriyyətin və istiqlalın carçısına çevrildi. Cəmi iki il sürən fəaliyyət dövründə qələmini istibdadı yıxan külüngə çevirən "Azərbaycan", 70 illik sovet qadağasından sonra yenidən dirçələrək müstəqil dövlətimizin, suverenliyimizin və bütövlüyümüzün rəsmi atributu kimi adını tarixə yazdırdı.


Vətənpərvərlik, milli idrak və dövlətçilik


Ərazilərimizin işğala məruz qaldığı, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün düşdüyü, daxili xaosun ölkəni sarsıtdığı o ağır illərdə "Azərbaycan" qəzeti xalqın faciəsini səhifələrinə həkk edən canlı şahid oldu. 

"Azərbaycan" qəzetinin fəaliyyətinin ana xəttini hər zaman vətənpərvərlik, milli idrak və dövlətçilik təşkil edib. Birinci Qarabağ savaşından Aprel və Günnüt zəfərlərinə qədər xalqımızın və ordumuzun şücaətləri mütəmadi olaraq qəzetin səhifələrində geniş əksini tapıb. Torpaqlarımız işğal altında olduğu illərdə "Azərbaycan" qəzeti öz publisist yazıları, reportaj və şərhləri ilə Qarabağsız və Şərqi Zəngəzursuz böyüyən yeni nəslin milli şüurunu, vətənpərvərlik ruhunu daim diri tutub, bütöv Azərbaycan ideyasına xidmət edib.

 O çətin illərdə qəzetin hər bir səhifəsi təkcə informasiya daşıyıcısı deyil, həm də itirilmiş yurd yerlərimizin canlı ensiklopediyası, unutmağa imkan verməyən mənəvi irs idi. Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin... tarixi, mədəniyyəti, təbiəti və tanınmış şəxsiyyətləri haqqında dərc olunan silsilə məqalələr, xatirələr doğma torpaqları görməyən gənc nəslin təxəyyülündə həmin coğrafiyanı qarış-qarış canlandırırdı. Qəzetin qələm sahibləri oxucuya, sadəcə, həsrəti yox, həm də mütləq qayıdış inamını aşılayırdılar.

"Azərbaycan" qəzeti illərlə səbir və təmkinlə Böyük qayıdışın mənəvi-ideoloji bünövrəsini qoydu, cəmiyyətdə Vətən sevgisini və mübarizə əzmini daim alovlandırdı.

İşğal illərində sözlə, qələmlə qorunan o vətənpərvərlik ruhu illər sonra səngərdə real qəhrəmanlığa, Zəfər salnaməsinə çevrildi və "Azərbaycan"ın illərlə xidmət etdiyi bütöv Vətən amalı reallığa qovuşdu.

2020-ci ilin 44 günlük Vətən müharibəsində "Azərbaycan" qəzetinin əməkdaşları, sözün həqiqi mənasında, qələmlərini süngüyə çevirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nidasını, dövlət başçısının sosial şəbəkələr üzərindən verdiyi Qələbə müjdələrini xalqın böyük coşqusu ilə bir ahəngdə oxuculara çatdıran redaksiya heyəti tarixi zəfərin fəal salnaməçisinə çevrildi.

Həmin günlərdə redaksiya əməkdaşlarının qələmə aldıqları məqalələrdə, reportajlarda İkinci Qarabağ savaşının mənzərəsi dəqiqliyi ilə tarixə həkk edildi. Arxa cəbhədə düşmənin raket atəşinə tutduğu dinc şəhər və kəndlərimizdən hazırlanan materiallar isə düşmən terrorunu ifşa edən sənədli yaddaşa çevrildi. Bu baxımdan, "Azərbaycan" qəzeti gələcək nəsillər üçün Zəfər tariximizin əvəzsiz mənbəyidir.

2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal antiterror əməliyyatı ilə Azərbaycan öz suverenliyini ölkənin hər bir qarışında tam təmin etdi, Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə üçrəngli bayrağımız qürurla dalğalandı. Bu unudulmaz hadisə "Azərbaycan" qəzetinin səhifələrində Zəfər salnaməsinin ən zirvə nöqtəsi kimi tarixləşdi. Müzəffər Ali Baş Komandanın Xankəndi şəhərində bayrağımızı ucaltması, tarixi ədalətin bərpa olunması xəbərlərini böyük coşqu ilə oxuculara çatdıran qəzetimiz bir əsr öncə cümhuriyyət qurucularının qəlbində tutuşan tam və bütöv Azərbaycan idealının reallığa qovuşmasını bütün təfərrüatı ilə gələcək nəsillərin yaddaşına ötürdü.


Qürurverici səhifələr


İşğaldan azad edilmiş torpaqlara həyatın qayıdışını əks etdirən rubrikalar qəzetin ən kövrək və qürurverici guşələridir. "Biz qayıtdıq, Vətən!", "Şəhidlər ölməz, vətən bölünməz", "Tarix yazan oğullar", "Zəfər zirvəsini fəth edənlər", "Biz daha köçkün deyilik", "Qarabağ söhbətləri", "Yurdu yaşadan qəhrəmanlar" kimi silsilə rubrikalar altında yüzlərlə yazı dərc olunub. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin rəşadəti və Böyük qayıdışın möhtəşəm mənzərələri bu səhifələrdə canlanır.

Xüsusilə redaksiyanın keçmiş məcburi köçkün olan jurnalistlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpası, doğma yurd yerlərinə dönən insanların sevinci haqqında hazırladıqları reportajlar ayrıca diqqət çəkir. Onilliklərlə həsrətini çəkdikləri ata-baba torpaqlarına qədəm basan jurnalistlərin duyğuları, göz yaşları və qürur hissi birbaşa oxucuya keçir, insanı həm qüssələndirir, həm də sonsuz bəxtəvərliklə qürurlandırır. Bu gün 108 yaşlı "Azərbaycan" qəzeti cənnətə çevrilən Qarabağ və Şərqi Zəngəzurun yeni növrağını parlaq təcəssüm etdirir. 

Mənəvi varislik və ehtiram ənənəsi redaksiyada hər zaman uca tutulur. Qəzetin əməkdaşı olmuş şəhid Elgün İsmayılovun xatirəsi redaksiyada həmişə dərin ehtiramla yad olunur. Hər il onun doğum günündə İkinci Şəhidlər xiyabanında başlayan anım mərasimi redaksiyada keçirilən vətənpərvərlik mövzusundakı yaradıcılıq müsabiqəsinin yekunları ilə davam edir. Bu, qələmlə silahın, mətbuatla vətənpərvərliyin qırılmaz bağının əyani göstəricisidir.

22 İyul - Milli Mətbuat və Jurnalistika Gününü qeyd etdiyimiz bu təntənəli gündə bir daha əminliklə demək olar ki, əsrlər boyu söz sarayında mübarizə aparan mətbuat fədailərimizin ən böyük arzusu Azərbaycanı bütöv və suveren görmək olub. Biz müasir mətbuatın nümayəndələri olaraq bu ali arzunun gerçəkləşdiyi, Zəfər günəşinin işıqlandırdığı müstəqil Azərbaycanda yaşamaq və yaratmaq xoşbəxtliyinə nail olmuşuq.

108 yaşlı "Azərbaycan" qəzeti bu gün də bütöv Vətənin səsi, müasir dövrün salnaməçisi kimi öz müqəddəs missiyasını ləyaqətlə davam etdirir və "Zəfər" möhürlü yazıları ilə qürurverici tariximizi gələcək nəsillərə çatdırır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!