Ezamiyyətdə olduğumuz həmin gün Xocalıda hava çox gözəl və sakit idi. Üfüqdən xeyli yuxarı qalxmış sentyabr günəşi "xəsislik" etmədən ilıq şəfəqlərini Qarabağın hər tərəfinə yayırdı. Havanın gözəlliyi, təbiətin əsrarəngizliyi bizi özünə çəkirdi. Elə bu səbəbdən də Qarabağın gözəl guşəsi olan Xocalıda çox qalıb hər yanı addım-addım gəzmək, doğma ocaqlarına yenicə qayıtmış keçmiş köçkünlərlə həmsöhbət olmaq istəyirdik. Amma nə edək ki, buna vaxtımız azlıq edirdi. Gün ərzində Xankəndidə, Şuşada, Laçında görülməli işlərimiz çox idi. Buna görə də vaxt itirmədən Xankəndiyə yola düşməyə hazırlaşırdıq.
Xocalı Şəhər Gününün təsis edilməsi sakinlər üçün ikiqat sevinc oldu
Elə bu ərəfədə məlumat yayıldı ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü elan edilib. Xocalı sakinləri bu xəbəri böyük sevgi ilə qarşıladılar. Sevincdən, fərəhdən xocalılıların üzləri gülürdü, ürəkləri açılırdı. Eşitdikləri bu xəbər 32 illik ayrılıqdan sonra doğma ocaqlarına qayıtmış insanlar üçün ikiqat sevinc oldu. Bu ildən, bu gündən başlayaraq şəhər sakinləri 20 sentyabrı - Xocalı gününü böyük təntənə ilə, sevinc içində bayram edəcəklər. İllərdən bəri insanların ürəyini yandırıb-yaxan həsrət, kədər bu sevinc selinin içində əriyəcək. Soyqırımından qurtuluşa, yüksəlişə gedən yol xocalılılara sevinc qarışıq böyük uğur da gətirəcək!
Ətrafdakı gözəlliyi seyr edə-edə Xocalının yeni asfalt döşənmiş küçələrindən keçirik. Hara, hansı səmtə baxırıqsa, orada quruculuq işlərinin aparıldığını görürük. 2023-cü il sentyabrın 20-də erməni işğalından azad olunmuş Xocalı şəhəri ötən aylar ərzində görkəmini dəyişərək daha da gözəlləşib. Yeni salınan küçə və parklar, əkilmiş ağaclar, yaşıllıqlar zolağı şəhərə xüsusi yaraşıq verir.
İllər əvvəl bu yerlərin həsrətini çəkə-çəkə qalmışdıq. Qarabağın baş şəhəri Xankəndiyə getməyi arzulayar, əlçatmaz xəyallar qurardıq. Şükürlər olsun ki, qurulan xəyallar reallaşdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Qarabağı erməni işğalçılarından təmizlədi. Düşmən üzərində qazanılan Zəfər Qarabağa gedən illər uzunu bağlı qalmış yolları üzümüzə geniş açdı. İndi biz bu yollardan keçib Xocalıdan Xankəndiyə tərəf yol almışıq.
Xocalıdan Xankəndiyə məsafə çox da uzaq deyil. Yol uzunu bir neçə yaşayış məntəqəsinin yaxınlığından keçirik. Köhnə yolun böyründən Xankəndiyə yeni yol çəkilir. Traktorlar dayanmadan işləyir, ağırtonnajlı maşınlar yeni çəkilən yollara daş, çınqıl daşıyır. Hiss olunur ki, bir dəqiqə də olsun işlər səngimir.
Xocalının mərkəzindən bir az uzaqlaşandan sonra bir vaxtlar Rusiya sülhməramlılarının "məskən" saldıqları ərazinin yaxınlığından keçirik. Xeyli ərazini əhatə edən vaqon evlərin yanından ötəndən sonra uzaqdan Xocalı aeroportunu gördük. Burada sakitlik idi. Nə bir havaya qalxan, nə də enən təyyarə gözə dəyirdi. Amma Qarabağın əbədi-əzəli sakinləri doğma ocaqlarına qayıdandan sonra burada həyat qaynayacaq...
Zəfər paradı dostlarımızı sevindirdi, düşmənlərimizə gözdağı verdi
Bir az da irəli gedəndən sonra "Xankəndi" sözü yazılmış lövhəni görürük. Bu anlarda ürəyimiz sevinclə, fərəhlə dolub-daşır. Xocalı kimi Xankəndinin də səması günəşlidir. İndiyə qədər heç vaxt gəlmədiyimiz, görmədiyimiz bu gözəl yerlərə baxmaqdan gözlərimiz doymur. Xankəndi bizi doğma övladları kimi qarşılayır.
Küçələrdə çoxlu adamlar, maşınlar gəzişirdi. Mağazaların çoxunun qapısı açıq olsa da, işləmirdi. Amma bəziləri qapılarını şəhəri ziyarətə gələnlərin, burada abadlıq işləri aparanların üzünə geniş açmışdır. Xankəndi şəhərinin küçələri çox gözəldir, bənzərsizdir. Gördüklərimizdən qəlbimiz, ruhumuz rahatlıq tapır.
Xankəndidə gördüyümüz insanların üzündən sevinc yağırdı. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü elan edilməsi insanlara fərəh bəxş etmişdi. Hiss olunurdu ki, dövlət başçısının bu sərəncamı Xankəndidə oxuyan, yaşayan və bərpa işlərində çalışanların hamısının ürəyindən xəbər verir. Bu sərəncamın verilməsi erməni separatçıları, erməni faşizmi üzərində qazanılmış zəfərimizin, qələbəmizin daha bir təsdiqidir. Zəfər tariximizə göstərilən çox böyük hörmət və diqqətdir. Bu ildən başlayaraq Qarabağın bu gözəl şəhərində Xankəndi günü keçiriləcək. Bu əlamətdar gün şəhər sakinlərinin də, qonaqların da ovqatına ovqat qatacaq.
Bir az irəli gedəndən sonra Qarabağ Universitetinin yanına çatırıq. Universitetdə təmir işləri aparılırdı. Ali təhsil ocağının çox geniş həyəti var. İnşaatçılar çalışırdılar ki, tələbələrin burada oxuması, təhsil alması üçün hərtərəfli şərait yaratsınlar.
İrəli gedirik. Baş yoldan sağ tərəfə dönüb iki-üç küçəni də arxada qoyandan sonra bir binanın qarşısında dayanırıq. Baxanda əvvəlcə bina bizə o qədər də tanış gəlmədi. Amma yaddaşımızı təzələyəndən sonra bu məkanı tanıdıq. Ötən il noyabrın 8-də Zəfər paradı bu binanın qarşısında keçirilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ torpaqları işğaldan azad olunandan sonra hərbi paradı qarşımızdakı geniş meydanda qəbul etmişdi. Qalib Azərbaycan əsgəri Zəfər paradında nizami addımlarla bu meydandan keçmişdi. Bu, tarixi bir Zəfər paradı, tarixi bir gün idi. Qarabağın işğaldan azad olunduğunu bütün dünyaya göstərən möhtəşəm bir parad idi. Yaddaşımızda daim canlı qalan həmin parad dostlarımızı sevindirdi, düşmənlərimizə gözdağı verdi.
Keçmiş məcburi köçkünlər mərhələlərlə evlərinə dönürlər
Bir vaxtlar bu binanı xunta rejimi tutmuşdu. Neçə illər idi ki, separatçılar bu gözəl yerlərə sahiblik edirdilər. Özlərini bu yerlərin ağaları kimi aparırdılar. Heç vaxt onların olmamış və olmayacaq Qarabağdan çıxmaq istəmirdilər. Amma böyük zəfərlə başa çatan həm 44 günlük Vətən müharibəsi, həm də ondan sonra uğurla həyata keçirilən antiterror tədbirləri separatçıların sonunu gətirdi. 30 ildən çox Qarabağda məskən salmış separatizmin kökü kəsildi. Müxtəlif illərdə xunta rejiminə rəhbərlik edən baş separatçılar həbs olunaraq qolları qandallı Bakı şəhərinə gətirildilər.
İlk hərbi paradın keçirildiyi meydanda qürurla addımlayırıq. Gördüklərimizdən ürəyimiz, qəlbimiz iftixarla dolur. Üstündən on aydan çox vaxt keçməsinə baxmayaraq, meydanda sanki Azərbaycan əsgərinin addım səslərini eşidirik. Elə bil ki, bu dəqiqə yenə də zirehli texnikalar küçələrə səs sala-sala meydandan keçəcək. Bu günəşli gündə meydanda əsgərlərdən də çox ziyarətçilər gözə dəyir. Hamı Xankəndini görməyə gəlib. Gəliblər ki, Qarabağ xanının bu qədim kəndini görsün, onun küçələrini, meydanlarını gəzib-dolaşsın.
Vaxt keçdikcə ziyarətçilərin sayı da artır. Rastlaşdığımız insanların hamısının üz-gözündən sevinc yağır. Heyrət dolu baxışlardan hiss olunur ki, gələnlərin əksəriyyətinin Xankəndiyə ilk səfəridir. Bir az yüksəkliyə qalxıb Qarabağın ən böyük şəhərinin gözəlliyinə tamaşa edirik. Qarşımızda geniş bir mənzərə açılır. Dayandığımız yerdən xeyli aşağıda yaşıllığa bürünmüş stadionu görürük. Stadionun lap yuxarı hissəsinə böyük hərflərlə "Qarabağ Azərbaycandır!" sözləri yazılıb. Bəli, tarix də, zaman da bir daha dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır! Xatırlayırıq ki, Qarabağ erməni işğalçılarından azad olunandan sonra 21 dekabr 2023-cü ildə bu stadionda Ağdamın "Qarabağ" klubu ilə Bakının MOİK komandaları arasında futbol yarışı keçirildi. Topa da ilk zərbəni Azərbaycan Prezidenti İlham Əliyev vurdu.
Dayandığımız yerdən Əsgəran qəsəbəsi də, Xocalı şəhəri də görünür. Bir vaxtlar ermənilər Xocalının üstünə Xankəndidən hücum etmişdilər. Bu gözəl diyarda yaşayan azərbaycanlıları qanlarına qəltan etmiş, evləri yandırmışdılar. Artıq bu qanlı hadisələr keçmişdə qalıb. İndi bu şəhərlərin özləri də, sakinləri də ömürlərinin ikinci baharını yaşayırlar. Bir vaxtlar Qarabağda məskən salmış erməni separatçıları məhv edilib, heç onların izi-tozları da qalmayıb. Amma Xocalı da, Əsgəran da, Xankəndi də, başqa şəhərlər də öz yerindədir. Bu gözəl şəhərlərin vaxtilə didərgin düşmüş sakinləri indi böyük sevinc içində yavaş-yavaş evlərinə qayıdır, doğma ocaqlarına dönürlər.
Zəfər dolu günlərin ömrü də, sayı da uzun olacaq
Xankəndinin gözəlliyinə tamaşa edən ziyarətçilərlə görüşüb söhbət etdik. Onlardan biri olan Rasim Abdullayev deyir: "Bu günlər ömrümüzün ən gözəl, sevincli çağlarını yaşayırıq. Çünki artıq Qarabağa qayıtmışıq. Bu sevinci bizə bəxş edən Müzəffər Ali Baş Komandana, Azərbaycan əsgərinə, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərə minnətdarıq. Mən hazırda Kərkicahan qəsəbəsində aparılan quruculuq və bərpa işlərində çalışıram. İşlərimiz sürətlə gedir. Çox keçməyəcək ki, bu qəsəbənin sakinləri də köçkünlük həyatına son qoyub doğma ocaqlarına qayıdacaqlar. Əvvəllər Kərkicahan qəsəbəsinin adını, gözəlliyini çox eşitmişdim. Amma təəssüf ki, heç vaxt bu yerləri görməmişdim. Şükürlər olsun ki, torpaqlarımız azad olunandan sonra Qarabağa gəlib Kərkicahanı gördüm. Nəinki gördüm, hətta bu gözəl qəsəbədə abadlıq işləri aparmaq da qismətim oldu. Doğrudan da, Kərkicahan çox gözəl yerdir. Belə yerdə işləmək də, yaşamaq da olduqca xoşdur. Bərpa işlərini sürətlə aparırıq ki, sakinlər doğma ocaqlarına tez bir zamanda dönsünlər. Qoy doğma Qarabağımız işğaldan əvvəlki xoş günlərinə qayıtsın. Bu gözəl diyarda müharibəsiz, firavan bir həyat sürsünlər. Qarabağımızı daha da gözəlləşdirsinlər, abadlaşdırsınlar".
Rasim Abdullayev söhbətinə davam edərək onu da dedi ki, bu günlərdə dövlət başçısının imzaladığı sərəncama əsasən, sentyabrın 20-sində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü keçirilməsi bizi çox sevindirdi. 2023-cü ilin həmin günü Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bu şəhərlər erməni işğalçılarından azad edildi. Qazanılan uğur nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Hər il keçiriləcək bu əlamətdar şəhər günləri tariximizi öyrənmək baxımından da çox qiymətlidir.
Digər bir həmsöhbətimiz isə Həsən Abdullayevdir. O deyir:
- Tərtər rayonunun Əskipara kəndindənəm. Xankəndiyə ilk gəlişimdir. Sevincimin həddi-hüdudu yoxdur. Çünki illərin arzusuna çatmışam. Bu günü həmişə arzulayırdım, ürəyimdən Qarabağı görmək keçirdi. Amma erməni işğalı buna imkan vermirdi. Çox şükürlər olsun ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşməndən azad edərək bizi arzularımıza qovuşdurdu. İnsan arzusuna çantanda xoş hisslər keçirir. İndi mən də ömrümün ən yaddaqalan anlarını yaşayıram. Çünki ayağım Qarabağ torpağına dəyib. Bu yerlərin gözəlliyini görmüşəm. Buradan da Qarabağın musiqi beşiyi olan Şuşaya gedəcəyəm. Bu qədim şəhərin də gözəlliyinə tamaşa edəcəm. Nə xoşdur Qarabağı görmək, nə xoşdur bu gözəlliyin seyrinə dalmaq. Əvvəlki vaxtlar erməni işğalçıları Tərtər rayonunun sərhəd kəndlərini tez-tez atəşə tutur, camaata rahat yaşamağa imkan vermirdilər. Artıq indi atəş səsləri eşidilmir. Sakitlikdir, sakinlər evlərində çox rahat yaşayırlar. Çünki şanlı Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsində, həm də 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi uğurlu antiterror əməliyyatları zamanı düşməni diz çökdürdü, separatçıları məhv etdi. Ordumuz bu uğuru, bu zəfəri ilə Qarabağa əbədi-əzəli sülh gətirdi. Ürəkdən demək istəyirəm ki, yaşasın Azərbaycan Ordusu!
Həsən Abdullayev daha sonra əlavə edir: "Sentyabrın 18-də xoş bir xəbər də eşitdik. Həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi haqqında dövlət başçımızın sərəncamı elan olundu. Bu sərəncamı böyük fərəhlə qarşıladım. Həm Xandəndiyə gəlişim, həm də bu xəbəri eşitməyim mənim üçün ikiqat sevinc oldu. Həmin əlamətdar gün böyük təntənə və şəhidlərə böyük ehtiramla qeyd ediləcək. Çox sevinirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında qazanılan Zəfər və qələbələrdən sonra Azərbaycan xalqının xoş günləri başlayıb. Qoy xalqımızın belə əlamətdar günləri davamlı olsun!"
Xankəndini ziyarətə gələn insanların sevinci yerə-göyə sığmırdı. Hamının gördüyü gözəllikdən ürəyi açılır, çöhrəsi gülürdü. Ziyarətçilərin üzündən, mehriban baxışlarından sanki Xankəndinin abadlaşdıqca gözəlləşən küçələrinə sevinc süzülürdü. Belə sevinc və qürur dolu anları çox yaşayacağıq. Çünki artıq Qarabağ azaddır!
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Xankəndi-Bakı