29 Oktyabr 2023 09:00
23436
SİYASƏT
A- A+

Xalqı hədəflərinə çatdıran Lider

 

Bu gün biz böyük bir gələcək qarşısındayıq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həm 44 günlük Vətən müharibəsində, həm də 23 saatlıq antiterror əməliyyatlarında ordumuzun gücü ilə yeni bir tarix yazdı. Xalqını öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən qüdrətli mərhələsinə yetişdi. Qazanılan bu zəfər, bu nailiyyət möhtəşəm və qürurludur, ən başlıcası isə böyük şəxsiyyətlərin vaxtilə xalqı yetirmək arzusunda olduqları misilsiz milli hədəflərdir. Artıq qələbə ilə tamamlanan yeni bir dövr öz sözünü deməyə başlayıb. 
Dövlət rəhbərimizin 20 il əvvəl xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi 15 oktyabr günündə Xankəndidə, şəhərin mərkəzi meydanında üçrəngli bayrağımızı ucaltdığı o an illərlə qəlbimizdə yaşamış şirin arzuların gerçəyə cevrildiyi gün idi. 
Sözü də imzası qədər dəyərli olan dövlətimizin başçısı İlham Əliyev 20 il əvvəl Prezident kimi and içərkən Azərbaycan xalqına verdiyi bütün sözləri tutdu. İllər əvvəl ölkənin taleyini böyük ümidlərlə ona əmanət etmiş doğma yurdun insanlarının onunla bağlı bütün ümidlərini doğrultdu. O zaman cənab İlham Əliyevin verdiyi ən böyük söz, üzərinə götürdüyü ən ağır məsuliyyət, tarixi reallıqları, dövrün geopolitik şərtlərini nəzərə alsaq, ilk baxışda az qala əlçatmaz kimi görünən ən çətin missiya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı idi. Dövlətimizin başçısı xalqımıza milli maraqlarımızı müdafiə edəcəyini, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını söz vermişdi. Prezident İlham Əliyev yürütdüyü məqsədyönlü siyasətlə regionun lider dövlətinə çevirdiyi Azərbaycanın hərtərəfli inkişafına paralel olaraq bu missiyanı da heç zaman diqqətdən kənarda qoymadı. Ölkəsini hər gün, hər saat öz müqəddəs məqsədinə doğru apardı. Hər günün davamlı nailiyyətləri ilə Azərbaycan xalqını bir gün Xankəndidə dövlət bayrağımızın dalğalanacağı o müqəddəs ana yaxınlaşdırdı. 

 

Birnömrəli vəzifə

 

Ötən iyirmi il ərzində Prezident İlham Əliyev Azərbaycanı gücləndirdi, onu müstəqillik yollarında ilk kövrək addımlarını atan postsovet respublikasından dünya miqyasında özünə layiqli yer tuta bilən, qlobal proseslərə geniş təsir imkanlarına malik güclü, dayanıqlı ölkə statusuna yüksəltdi.   
Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, bu gün Azərbaycanın mövqeyi, addımları nəinki bölgədə, daha geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan bir çox hallarda önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində dövlətimiz getdikcə yüksələn beynəlxalq nüfuzu, əhəmiyyəti, qlobal çevrələrdə daha həssaslıqla dinlənən səsi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin formalaşdırdı. 
Eləcə də, güclü iqtisadiyyatla özünün real müstəqilliyini təmin etdi. Təkcə son 20 ildə ölkə iqtisadiyyatı dörd dəfədən də çox böyüdü. Azərbaycanın heç bir ölkənin asılılığında olmaması üçün güclü iqtisadi təməl quruldu. Bütün sahələrdə genişlənən  imkanlar ordu quruculuğuna şərait yaratdı. İllərlə görülmüş işlər sayəsində Azərbaycan Ordusu təchizatına, döyüş qüdrətinə görə dünyanın ən güclü orduları sırasında qərarlaşdı. 
Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirmək gücündədir. Ordumuz bunu 2016-cı ilin Aprel döyüşlərində də, düşməni kapitulyasiya aktı imzalamağa məcbur qoymuş 44 günlük Vətən müharibəsində də, cəmi 23 saat içində separatçı yuvasını darmadağın edən antiterror tədbirlərində də nümayiş etdirdi.  
İyirmi il bundan əvvəl Azərbaycan bayrağının o zaman işğal altındakı bütün ərazilərimizdə, şəhər və kəndlərimizdə qaldırılmasını qarşısına bir nömrəli vəzifə kimi qoymuş Prezident İlham Əliyev ordumuzun gücü, sərkərdə qətiyyəti ilə bu vəzifəni uğurla həyata keçirdi. 
Müzəffər Ali Baş Komandanın əmrlərini şərəflə yerinə yetirən əsgər və zabitlərimiz həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq salnaməsi yazdılar. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin yetişdirdiyi gənc nəslin gücüdür. Bu nəslin təmsilçiləri həyata keçirilən tarixi missiya uğrunda göz qırpmadan ölümə gedir, illər boyu xalqımıza ağır yaralar vurmuş, sıralarımızdan minlərlə qurbanlar aparmış problemin yeni nəsillərə qalmasını istəmirdi. Azərbaycan xalqının təmsilçiləri olaraq biz dövlətimizin ərazi bütövlüyü naminə canını qurban vermiş şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə əbədi borcluyuq. Ordumuz qürur mənbəyimiz, şəhidlərimizin uyuduğu torpaq müqəddəs and yerimizdir.

 

Əbədi qələbə

 

44 günlük Vətən müharibəsi, müharibədən 3 il sonra Qarabağdakı separatçı yuvasının ömrünə son qoyan 23 saatlıq antiterror tədbirləri Ermənistanın xislətini bir daha göstərdi. Məlum oldu ki, xaricdəki havadarlarının dəstəyi əsasında onillər boyu sülh danışıqları adı altında oyun oynayan Ermənistan, əslində, heç zaman Azərbaycana bircə qarış da olsun torpaq qaytarmaq fikrində olmayıb. Əsas niyyəti münaqişənin mümkün qədər uzun müddətə dondurulmasına, əbədi xarakter daşımasına, bu yaranın heç vaxt sağalmamasına yönəlib. Onlar Azərbaycandakı yeni nəsillərin zamanla ərazi itkilərini unudacağına, reallıqlarla razılaşacağına bel bağlayırdılar. Yaddan çıxarırdılar ki, Azərbaycan xalqı heç zaman işğalla barışmayacaqdı. Ölkədə yetişən yeni nəsil işğal altındakı torpaqlarımızın azad edilməsini əvvəlki nəsillərdən ən müqəddəs missiya kimi qəbul edəcək və bu missiyanı yerinə yetirməkdən ötrü hər cür fədakarlığa hazır olacaqdı. Necə ki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 il əvvəl bu missiyanı Ulu Öndər Heydər Əliyevin ən böyük ata vəsiyyəti kimi dinləmişdi. Dövlət rəhbərimiz Ata vəsiyyətini şərəflə yerinə yetirdi. Ümummilli Lider Heydər Əliyevin yarımçıq qalmış ən böyük arzusunu reallığa qovuşdurdu. Heydər Əliyevin anadan olmasının 100-cü ilində, "Heydər Əliyev İli"ndə bu böyük dövlət adamının timsalında bu günləri arzulayan bütün vətənsevər insanlarımızın ruhunu şad etdi. 
Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndinin mərkəzi meydanında, Azərbaycanın dövlət gerbi, dövlət bayrağı altında xalqımıza müraciət etdiyi o an bütün dünya azərbaycanlılarının son əsrlərdəki ən böyük qürurverici anlarındandır. Bu əlamətdar bir tarixi hadisədir. Ali Baş Komandanın bəyan etdiyi kimi, bu qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. 
Qarabağdakı separatçı yuvasının dağıdılmasının, Xankəndidəki xunta rejiminin  ömrünə son qoyulmasının 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 100-cü ilinə təsadüf etməsi də Azərbaycan xalqının şanlı qələbəsinin daha bir rəmzidir. Tarixi ədalətin, bir əsr sonra da olsa, öz yerini tutmasıdır.  Bu 100 il Azərbaycan xalqı üçün çətin sınaqlar əsri oldu. Tarix torpaqlarımızda yuva qurmuş erməni separatçılarının əli ilə bizi ən ağır imtahana çəkdi, min bir acı yaşatdı, olmazın əzablar verdi. Dövlət himnimizin misralarında da səsləndiyi kimi, minlərlə can qurban oldu. Böyük bir şər ordusu ilə başımıza gətirilən faciələrlə Azərbaycan təkbaşına qaldı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, Türkiyədən başqa heç bir dövlət mənəvi dəstək belə göstərmədi. Onda bütün əsas güclər Ermənistanın arxasında idi. İşğala məruz qaldığımız halda işğalçı ilə bərabər tutulurduq. Haqq səsimizi eşidən yox idi. Torpaqlarımızın hissə-hissə qoparılması, xalqımıza qarşı törədilən soyqırımları, itkilər, inkişafımıza mane olmaqdan ötrü böyük güclərin qarşımıza qoyduqları problemlər və başqa bu kimi kədərli reallıqlarla xarakterik idi. Buna baxmayaraq, yenə də əyilmədik, sınmadıq, mübarizəmizdən geri çəkilmədik. Azərbaycan Prezidenti İlham Əliyev bu reallıqları dəyişdi. İki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni ardıcıl işi, yüksək diplomatik fəaliyyəti, "dəmir yumruğ"un zərbəsi ilə həll etdi. Bu ağrı-acılarla dolu əsrin bizlərə öyrətdiyi əsas həqiqətlərdən biri də bu oldu ki, dünyada haqlı sayılmaqdan ötrü güclü olmalısan. Azərbaycan da ötən onilliklərdə keçdiyi inkişaf yolu ilə bu gücü qazandı. Haqq səsini dünyaya eşitdirdi və istədiklərini əldə etdi.

 

Müdrik seçim

 

1992-1993-cü illərdə Ermənistanın yanında duraraq onlara havadarlıq göstərən, torpaqlarımızın işğalına təhrik edən, onların işğal əməllərinə bəraət qazandıran xarici qüvvələr yenə insan faciələri üzərində öz oyunlarını oynamağa çalışırlar. Aradan keçən 30 il, tarixin dərsləri onların xislətində, apardıqları mənfur siyasətin məzmununda, əfsuslar olsun ki, heç nəyi dəyişməyib.   
Müstəqil dövlət olaraq öz taleyinə sahib çıxmaq, inkişaf yolu ilə irəliləmək istəyən Azərbaycan kimi ölkələrin başına Ermənistanın açdığı min bir müsibətə, törətdiyi böyük faciələrə, dağıdılan yurdlara, ermənilərin hər cür vəhşiliklərinə, vandalizmə açıq-gizli dəstəkləri ilə bu ölkələr özlərini necə demokratik dövlət, insan hüquqlarının müdafiəçiləri kimi təqdim edə bilirlər, təəccüb doğurur. 
Əgər belə qara qüvvələr qanlı əllərini Cənubi Qafqaz regionundan çəksələr, öz təhlükəli oyunlarını buralardan kənarlaşdırsalar, region xalqları yenə də öz aralarında ümumi dil tapıb, sülh içində yaşaya bilərlər. Azərbaycan Prezidenti Xankəndidə bir faktı da xatırlatdı: Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdilər. 1969-cu ildən 1982-ci ilə qədər bu torpaqlarda etnik zəmində heç bir xoşagəlməz hala təsadüf edilməmişdi. Ümummilli Lider zaman-zaman iki xalqı üz-üzə qoyub qırğınlara yol açmağa çalışan təxribatçılara, xarici qüvvələrə bu imkanı verməmişdi. Azərbaycanın bütün bölgələri kimi, Qarabağı da inkişaf məkanına çevirmişdi. Bu regionda kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdi. Bölgənin inkişafına böyük investisiyalar qoyulmuş, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, burada ali məktəb yaradılmış, bu gün də Xankəndi şəhərinin əsas simasını təşkil edən binalar inşa edilmiş, burada yüksək inkişaf göstəriciləri əldə olunmuşdu. 1969-1982-ci illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz büro üzvündən səkkizinin erməni, birinin azərbaycanlı olması, Azərbaycanda erməni dilində qəzetin nəşri Azərbaycanda yaşayan ermənilər üçün yaradılmış bərabər imkanlar mühitinin sübutu idi. Təəssüflər olsun ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindəki yüksək vəzifəsindən uzaqlaşdırılandan sonra erməni millətçilərinin əlinə fürsət düşdü. Xarici havadarlarının çirkin dəstəyi ilə onlar Azərbaycana qarşı məkrli planlarının icrasına başladılar. Azərbaycanın ovaxtkı rəhbərliyinin vəziyyətə nəzarət edə bilməməsi, göstərdiyi qorxaqlıq, acizlik, qətiyyətsizlik problemin miqyasını gündən-günə böyütdü. Ermənistandan Qarabağa durmadan erməni millətçilərinin, daşnakların, qaniçən cəlladların, beynəlxalq terrorçuların axınının qarşısı vaxtında alınmadı və bu, qısa müddətdən sonra xalqımızın müsibətinə çevrildi. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başlandı. O dövrdə Azərbaycanın Heydər Əliyevsiz qaldığı 6 il ölkəmizin faciələr tarixinə çevrildi. Müasir tariximizin ən ağır, böhranlı, utancverici illəri kimi keçmişdə qaldı. Torpaqlarımız işğal olundu, təlatümlər burulğanında ölkəyə rəhbərliyi ələ keçirmiş təsadüfi şəxslərin vəzifə kürsüləri uğrunda didişmələri Azərbaycanı böyük fəlakətlərə, böhrana, parçalanma riskinə sürüklədi.  
Belə sınaq anında Azərbaycan xalqı ən doğru qərarını verərək Ümummilli Lider Heydər Əliyevi hakimiyyət rəhbərliyinə dəvət etməsi vəziyyəti dəyişdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ölkənin xilasına çevrildi və 1993-cü ildən başlanan dönüş prosesi Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə ucaltdığı bayrağımızla ən böyük hədəfinə yetişdi. 
Bir vaxtlar Xankəndidə əyləşib Bakıya barmaq silkələyən, təhdidlər edən separatçıların "liderlərinin" bu gün Bakıdakı istintaq təcridxanasında öz layiqli cəzalarını gözləməsi müdrik xalqımızın zamanında etdiyi doğru seçimlərin təntənəsidir. Bu seçim yurdumuzun insanlarının onilliklər ərzindəki bütün arzularını reallığa qovuşdurdu və bundan sonra da qovuşduracaq. Azərbaycan Prezidentinin rəhbərliyi ilə addımladığımız yol Azərbaycanı güclü edən, bizi böyük hədəflərə doğru aparan alternativsiz yoldur. Yaşadığımız son tarixi reallıqlar da göstərdi ki, haqqımız olanları almaq, haqqımız olanları qoruyub saxlamaq, möhkəmləndirmək üçün güclü olmalıyıq. Əfsuslar olsun ki, dünyada bizim inkişafımızı istəyənlərin, haqq işimizdə yanımızda olanların sayı illər əvvəl olduğu kimi yenə də azdır. Çünki bir çox qlobal güclərin, xüsusən Qərb dünyasının dəyərləri çıxdaş etdikləri ədalətsiz bir zəmanədə yaşayırıq. Qərbin zəfərimizdən sonra Cənubi Qafqazda yaranmış vəziyyətə, Azərbaycanla Ermənistan arasındakı duruma münasibəti, ölkəmizin terrorçu-separatçılara qarşı həyata keçirdiyi antiterror tədbirlərinin mahiyyətinə və nəticələrinə ədalətsiz yanaşması bunun daha bir sübutudur. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri bu dairələrin ədalət prinsiplərindən, həqiqət dəyərlərindən nə qədər uzaq düşdüklərini və bununla özlərini necə eybəcər hala saldıqlarını göstərir.  Təəssüf ki, Avropa Parlamenti, Avropa İttifaqı kimi təşkilatlar, Fransa, Niderland, Almaniya və digər bu kimi ölkələr tutduqları mövqedə aydın sezilən bu mənzərəni öz simalarına rəva görürlər.  Ermənistana maliyyə və humanitar yardım ara vermir. İşğalçı ölkənin silahlandırılması istiqamətində addımlar atılır. Avropa İttifaqının bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalı artır. N.Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə siyasi reveranslar edilir. Bütün bunlar özünü guya regionda sülhün, inkişafın olması marağında göstərən Qərbin, əslində, nə qədər ikiüzlülüyünə, riyakarlığına, ikili standartları  öz əsas dəyərlərinə çevirməsinə dəlalət edir. 
Amma məşhur bir atalar sözümüzdə deyildiyi kimi, "yel qayadan nə aparar?!" Bütün riyakarlıqlara, açıq-gizli təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz qətiyyətli mövqeyindədir. Dövlətimiz getdikcə güclənir, inkişaf edir və yeni-yeni nailiyyətləri ilə sübuta yetirir ki, önümüzü kəsmək istəyənlər bizim əzmimizdən daha gücsüz və miskindirlər.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video