18 Aprel 2026 08:30
274
CƏMİYYƏT
A- A+
Topçu İsgəndər

Topçu İsgəndər


- İsgəndər bəy, sizi bura nə çəkib gətirib?

- Mənə qalsa, bu hamımızın borcudur. Əgər bu gün bura gəlməsəydik, inanın, bunu vicdanım qaldırmazdı. Bizə ata-babadan qalan torpaqlara olmaz ki, kafir ayaq bassın. Basmayacaq da!

Birinci Qarabağ müharibəsinin ən ağır günlərində, cəbhə bölgəsinə gələn jurnalistin sualına belə bir qətiyyətli cavab vermişdi o. Üzündə heç vaxt əskik olmayan mülayim təbəssümü, başında qürurla daşıdığı göy bereti ilə ilk baxışda sakit, həlim bir insana bənzəyirdi. Amma bu zahiri sakitliyin arxasında bir pəhləvan ürəyi, topların dilini bilən bir artilleriya dahisi gizlənirdi.

Bu sadə cavabları ilə o, həm də bir tale bəyanatı verirdi. Bir Axıska türkü olaraq dediyi bu sözlərlə sübut edirdi ki, vətən təkcə doğulduğun yer deyil, vicdanınla qoruduğun torpaqdır. O, uzaq yollardan gəlib Azərbaycanı özünə doğma ocaq, sarsılmaz qala seçmişdi.

Birinci Qarabağ müharibəsində göstərdiyi ağlasığmaz şücaətlərlə hələ sağlığındaykən əfsanəyə çevrilən, adı "İsgəndər qalası" kimi zirvələrə həkk olunan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov. 


Sürgün taleyi


İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayəti Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya gəlib. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin birinci sinfinə gedib, 1973-cü ildə həmin məktəbin onuncu sinfini bitirib. Elə həmin ildə də əmək fəaliyyətinə başlayıb. 1975-ci ildə Akkurqan rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ukraynanın Çerkassk şəhərində xidmət edən İsgəndər 1977-ci ildə ordudan tərxis olunub. O, nümunəvi hərbi xidmətə görə dəfələrlə komandanlığın təşəkkürlərinə və fəxri fərmana layiq görülüb. 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olub, 1983-cü ildə ali təhsilini başa vurub təyinatla Daşkənd vilayəti Axanqaran rayonu Qalyakudur sovxozuna göndərilib. 

İsgəndər Aznaurov bir müddətdən sonra - 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. 

Bəli, Buxara vilayətində doğulan, Axıska türkü olaraq sürgün yollarının kədərini genində daşıyan İsgəndər Aznaurov Azərbaycana pənah gətirmişdi, amma bura onun  üçün uğrunda göz qırpmadan can verəcəyi əsl Vətənə çevrildi.

Azərbaycanın Milli Qəhərmanı İsgəndər Aznaurovun ata-babalarının 1944-cü ildə Orta Asiyaya sürgün edilməsi ilə başlayan bu kədərli taleyi, 1980-ci illərin sonunda Fərqanə hadisələri ilə yeni bir məcraya qədəm qoydu. Aznaurovlar ailəsi digər Axıska türkləri kimi Azərbaycana üz tutdu və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşdı. Elə həmin gündən də bu el-obaya bağlandı, Şəmkir camaatının dərindən hörmət etdiyi doğmaya çevrildi. Amma hələ İsgəndər Aznaurov Birinci Qarabağ müharibəsində ölkəmiz uğrunda göstərəcəyi misilsiz qəhrəmanlıqlarla tarix yazacaq, xalqımızın qəlbində uca taxt quracaq, əsl Azərbaycan oğlu olacaqdı… 

 

Buxaradan Gədəbəyə


Erməni işğalçılarının torpaqlarımıza hücumu, törətdikləri Xocalı faciəsi İsgəndər Aznaurovun qəlbini qəzəb və intiqam alovuna bürüyür. 1992-ci ilin aprelində o, könüllü şəkildə ordu sıralarına yazılır. Onu 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Baş leytenant İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində şəxsi nümunə göstərir. 

Döyüş yoldaşları xatirələrində dilə gətirirlər ki, İsgəndər döyüşlərə təkcə ruhu ilə deyil, həm də dərin hərbi biliyi ilə girərmiş. Onun cibindən artilleriya ilə bağlı kitab, çantasından isə topları təmir etmək üçün lazım olan alətlər heç vaxt əskik olmazdı. İsgəndər həm də nasaz texnikanı döyüş meydanında dirildən, topların dilini bilən bir usta idi. Hətta döyüşün ən qızğın vaxtında belə, əlindəki o alətlərlə sıradan çıxmış topları yenidən sıraya qaytarar, düşmən üzərinə od ələyərdi. O, həm də peşəkar gənc topçular yetişdirmişdi. Qəhrəman döyüşçü çox zaman boynunda gəzdirdiyi fotoaparatı ilə imkan tapdıqca döyüş yoldaşlarının şəkillərini çəkərək onları əbədiləşdirərdi. Silahdaşları onu suyuşirin, mehriban bir dost, əsgərləri sadə və qayğıkeş bir insan kimi xatırlayırlar. Amma topunun başına keçəndə o mülayim insan gedir, yerinə düşmənin yuxusuna haram qatan bir əfsanə gəlirdi. Gədəbəyin Başkəndindən Şınıxına qədər hər qarışda göstərdiyi şücaətlərlə sağlığında əfsanəyə çevrilmişdi. Düşmən atəş açmağa cürət edəndə, İsgəndərin cavabı elə sarsıdıcı olurdu ki, qarşı tərəfdə, sadəcə, darmadağın olmuş texnika və canlı qüvvə qalırdı.

Ehtiyatda olan mayor Dilqəm Əliyevin danışdıqlarından məlum olur ki, 7 avqust 1992-ci ildə Mutu dərə uğrunda döyüşdə düşmənin 13 döyüş texnikasına qarşı cəmi 3 texnika, 400-500-ə yaxın erməniyə qarşı 30-35 nəfərlə döyüşüblər. Buna baxmayaraq, qeyri-bərabər döyüşdə qalib gəliblər. Bu qələbənin qazanılmasında həmin zaman çayın sol sahilində öz qrad qurğusu üçün mövqe düzəltmiş İsgəndər Aznaurovun xidmətləri yüksək olub. 

İsgəndər Aznaurov ağır döyüşlərin birində düşmənin dörd topunu sıradan çıxararaq onlarca erməni yaraqlısını məhv edib. Onun rəhbərliyi altında keçirilən əməliyyat zamanı sərrast top atəşləri ilə düşmən mövqelərinə ciddi zərbələr vurulur, silah-sursat anbarları dağıdılırdı. Nazdıxanyal uğrunda gedən döyüşlərdə İsgəndər Aznaurov əsl igidlik nümunəsi göstərib. O, döyüş yoldaşlarının köməyilə azğınlaşmış düşmənin qarşısını kəsib güclü müqavimət göstərib. Erməni faşistləri öz məğlubiyyətlərini hiss edib, geri çəkilməyə məcbur olublar. 

Qısa müddətdə əfsanəviləşərək "topçu İsgəndər" kimi tanınan Aznaurov Gədəbəy rayonunda Başkəndin erməni quldurlarından azad olunmasında, Mutu dərədə, Şınıxda, Ər dağı və Ləzgi daşında, eləcə də rayonun digər strateji əhəmiyyətli ərazilərində xeyli düşmən texnikasını və canlı qüvvəsini məhv edərək böyük qəhrəmanlıqlar göstərib. Hətta ermənilər bu şücaətlərinə görə onun başına yüksək məbləğdə vəsait də vəd ediblər.

Ancaq düşmən bir şeyi anlamırdı ki, İsgəndəri dayandırmaq üçün gərək onun qəlbindəki o böyük Vətən eşqini söndürə biləydilər, bu isə qeyri-mümkün idi.


Əbədiyyət məqamı  


18 aprel 1993-cü il…

Gədəbəyin dumanlı zirvələri o gün hər zamankından daha tutqun görünürdü. Çovğunlu hava barıt qoxusu və ölümün soyuq nəfəsi ilə daha da ağırlaşmışdı. Səngərdə dayanan İsgəndərin gözləri yol çəkirdi. Bədəni burada idi, amma ruhu bir anlıq babalarının Axıskadan qatar vaqonlarında naməlumluğa sürgün edildiyi 1944-cü ilin o müdhiş günlərinə qayıtmışdı. Ürəyində dözülməz bir ağrı hiss etmişdi. O, bir daha vətənsiz qalmaq istəmirdi…

Qəfil düşmən texnikasının tırtıl səsləri göy üzünün bağrını yarmışdı. O an sanki zaman donmuşdu... İsgəndərin baxışlarındakı qəfil qətiyyət, bütün ağrı-acılarını silib atmışdı. O, minalanmış sahənin ortasından, ölümün gözünün içinə baxa-baxa qaçaraq öz topunun başına keçmişdi. Və qarşısındakı ölüm saçan düşmən texnikasını dəqiqliklə nişan almışdı. İlk mərmi havada nərildəyib zirehli maşını alov topuna çevirəndə, İsgəndər artıq bu dünyadan uzaqlaşmışdı. O, indi qeyri-bərabər bir döyüşün tam mərkəzində, hər saniyəsi qəhrəmanlıqla yoğrulan bir dastanın müəllifi idi. Mərmilər ətrafında torpağı şumlasa da, o, kipriyini belə qırpmadı. Hər atəşi sərrast, hər vuruşu amansız idi. Ölüm onun lap yaxınlığında fırlansa da, o, qorxuya yer vermədi. Çünki o an İsgəndər artıq bir insan deyil, vətənin özünə çevrilmişdi. Azərbaycan adlı yurdun qoynunda əbədiyyətə qovuşmuş, şəhidlik zirvəsinə ucalmışdı. 

İsgəndər Aznaurov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Birinci Qarabağ müharibəsində cəbhənin ən qaynar nöqtələrində vuruşarkən qəhrəmanlıqla şəhid olan İsgəndər Aznaurovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli qərarı ilə Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.  "Qızıl ulduz" medalı ilə təltif olunub. Bu gün qəhrəman döyüşçünün xatirəsi hər yerdə yaşayır. Onun adına Şınıx bölgəsində "İsgəndər qalası" var. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbə və Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulub, 2 saylı orta məktəbdə isə onun şərəfinə "Xatirə guşəsi" yaradılıb. İsgəndərin istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır.

Milli Qəhrəmanımızın üç qız övladı yadigar qalıb. 


"Qurban olum buranın torpağına, daşına..."


Qızı Zuina Aznaurova qəhrəman döyüşçü haqqında çəkilən "İsgəndərin sorağında" adlı filmdə atalı günlərini göz yaşları içərisində xatırlayarkən Aznaurovun böyük ürəyinin daha bir gizli qatını açır. Müharibənin sərt üzünü heç vaxt ailəsinə göstərməzdi İsgəndər. Evə gələndə cəbhədən yox, gözəl günlərdən danışardı: "Hər şey yaxşı olacaq" deyərdi.

Amma hər gəlişində bir adəti vardı. Öz evinin qapısını döyməmişdən əvvəl qəsəbənin uşaqlarını başına toplayardı. Cibindən onlara kiçik hədiyyələr, saqqızlar çıxarıb paylayardı. O, uşaq sevgisi ilə dolu idi. Çünki bu böyük insan öz uşaqlarını xocalılı uşaqlardan heç vaxt ayırmırdı. Elə hey tələsirdi... Evə gələndə də səngərə can atırdı… Ailəsi, uşaqları ondan heç doymadı… İsgəndərin də ürəyi daim nigarançılıq içində oldu… Amma vətən ondan razı qaldı.

İsgəndər Aznaurov Azərbaycanı sadəcə vətən saymadı, o, bu torpağa ürəkdən bağlandı. "Azərbaycandan gözəl yer yoxdur. Qurban olum buranın torpağına, daşına" deyərdi. O, bir Axıska türkü olaraq gəldiyi bu yerləri qəhrəmanlıqla qorudu. Qədim türk yurdunun düşmən tapdağına çevrilməsinə canı bahasına razı olmadı. 

Bu il Milli Qəhrəman İsgəndər Aznaurovun 70 yaşı tamam olur. O, bəlkə cismən aramızda deyil, amma onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır, ehtiramla anılır. Uca qəhrəmanın adını daşıyan qəsəbədən, məktəbdən keçən, Gədəbəyin uca "İsgəndər qalası"na baxan hər kəs bilir ki, bu torpağın azadlığı İsgəndər kimi mərd insanların polad iradəsi üzərində qurulub. Bu gün onun nəvəsi balaca İsgəndər babasının adını qürurla daşıyır.

İsgəndər Aznaurovun ömür yolu bizə bir həqiqəti miras qoydu. Vətən təkcə doğulduğun yer deyil, son nəfəsinə qədər qoruduğun və qanını torpağına qarışdırdığın yerdir. O, üç körpə qızı və bütöv vətən üçün canını fəda edərək əbədiyyət dastanını yazdı. 

Ruhun şad olsun, göy beretli qəhrəman! 

Topçu İsgəndər, sənin "ata-babadan qalan torpaqlarına" artıq heç bir kafir ayağı dəyə bilməz!


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

Qlobal platformalarda Azərbaycanın artan rolu və nüfuzu

08:00
18 Aprel

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:36
18 Aprel

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:34
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!