Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin bu il aprelin 15-də verdikləri birgə bəyanatı rəsmi Bakının illərdir yürütdüyü qətiyyətli və prinsipial xarici siyasət kursunun növbəti əməli nəticəsi kimi tarixə düşdü. Bəyanata əsasən, tərəflər 2024-cü il dekabrın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Bu, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 2025-ci il oktyabrın 9-da keçirilən görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq həyata keçirilir.
Birgə Bəyanat Azərbaycan dövlətinin öz vətəndaşının hüquqlarını ən ali səviyyədə qorumaq iradəsinin və istənilən güc qarşısında milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığının bariz sübutudur.
Yüksək siyasi iradə nümayiş etdirildi
İki ölkə arasında əldə olunan bu razılaşmanın təməlində isə Azərbaycan tərəfindən hadisənin ilk günündən nümayiş etdirilən yüksək siyasi iradə dayanır.
Prezident İlham Əliyev hadisənin ilk günündən məsələni diqqətdə saxladı, ədalətin təmin edilməsi üçün qəti mövqe ortaya qoydu. Azərbaycan tərəfi ən ali səviyyədə Rusiyadan törətdiyi əmələ görə üzr istəməsini, kompensasiya ödəməsini və bu faciənin törədilməsində günahı olanların cəzalandırılmasını qətiyyətlə tələb etdi.
Bu mövqe ötən ilin oktyabrında Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası zamanı bir daha nümayiş etdirildi. Adıçəkilən iclas çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilməlidir. Çünki iki qonşu ölkənin lideri arasında keçirilən görüş həm də Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələyə keçid oldu.
25 dekabr 2024-cü ildə baş vermiş faciəvi hadisə görüşün əsas mövzusunu təşkil etdi. Həmin tarixdə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, yalnız pilotlarımızın qəhrəmanlığı sayəsində 29 nəfər sağ qalıb, onların da hamısı yaralanıb. Baş verən faciə Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginlik yaratmışdı.
Düzdür, qəza baş verdikdən bir az sonra Rusiya Prezidenti dövlətimizin rəhbərinə zəng vuraraq bununla bağlı üzrxahlığını dilə gətirmişdi, amma digər tələb edilən məsələlər açıq qalmışdı ki, bu da təbii olaraq iki dövlət arasında münasibətlərin soyumasına gətirib çıxarmışdı.
Rusiyanın HHM sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf edən Kreml rəhbəri əlavə etdi ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Qətiyyətli siyasət, prinsipial mövqe
Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin birgə bəyanatında da qeyd olunur ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir: "Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək".
Bütün bunlar Bakının qətiyyətli siyasətinin, prinsipial mövqeyinin göstəricisidir. Bu həm də onu sübut edir ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hər bir vətəndaşımızın problemi ilə yaxından maraqlanır, onun həlli istiqamətində əməli addımlar atır. Ölkəmiz öz haqqını tələb etmək və ona nail olmaq gücündədir. Bu zəfər həm diplomatiyamızın, həm də milli birliyimizin sarsılmazlığının növbəti təsdiqidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"