Samux fermerlərinin cari mövsüm əkdikləri məhsulların az bir hissəsidir
Keçən il Samux rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında uğurlu göstəricilərə nail olunmuşdur. Rayon fermerləri 160 milyon 672,9 min manatlıq məhsul istehsal etmişlər ki, bunun da 82 milyon 419,2 min manatlığını bitkiçilik, 78 milyon 253,7 min manatlığını heyvandarlıq məhsulları təşkil etmişdir.
2025-ci ilin məhsulu üçün 11869,5 hektar payızlıq bitkilərin səpini aparılmışdır. Bu isə əvvəlki ilə nisbətən 177,7 hektar və ya 1,5 faiz çox idi. Yazlıq səpinin 598,5 hektarı yem bitkiləri, 27 hektarı yazlıq buğda, 113,8 hektarı arpa, 613,5 hektarı tərəvəz, 2289,5 hektarı günəbaxan, 128 hektarı kartof, 369,5 hektarı çuğundur, 958,7 hektarı qarğıdalı, 24 hektarı tərəvəz, 92,5 hektarı bostan bitkiləri olmuşdur. Rayon fermerlərinin çəkdikləri əziyyət öz bəhrəsini vermişdir. Təsərrüfatlarda 46672 ton taxıl, o cümlədən 25828,9 ton buğda, 20843,1 ton arpa, 1495,4 ton kartof, 15029,1 ton tərəvəz, 19690,9 ton qarğıdalı, 4673,5 ton günəbaxan, 1712,9 ton bostan bitkiləri, 20115 ton çuğundur istehsal olunmuşdur. İstehsal olunan tərəvəzin 3513,9 tonu istixanalarda yetişdirilmişdir.
Bu nəticələr samuxluları razı salmışdır. Bu səbəbdən fermerlər cari il daha çox sahədə - 161,4 hektarda kartof, 295 hektarda tərəvəz, 35,5 hektarda yazlıq buğda, 384,3 hektarda günəbaxan, 25,5 hektarda qarğıdalı, 460,9 hektarda şəkər çuğunduru əkmişlər. Seyidlər kəndində 38, Füzuli kəndində 87,5, Yenikənd kəndində 20,7 hektarda yazlıq səpin aparılmışdır. Hazırda fermerlər əkilmiş bitkilərin becərilməsi ilə məşğuldurlar.
Sabir ƏLİYEV,
"Azərbaycan"