Vyananın Hofburq saray kompleksində yerləşən Avstriya Milli Kitabxanasında “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimatına həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə beş dildə nəşr edilmiş kollektiv əsərin müəllifləri Gürcüstan Milli Muzeyinin (GMM) aparıcı əməkdaşlarıdır.
Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Avropanın mədəni-tarixi mərkəzlərindən olan Avstriya Milli Kitabxanasının kuratoru Irmgard Harrer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda nəşrin Avstriya Milli Kitabxanasının Dövlət salonunda təqdim edilməsinin Avropanın elmi ictimaiyyətinə, Qarabağda çoxəsrlik tarixə malik Azərbaycanın mədəni irsi və tarixi kökləri haqqında dolğun təsəvvürün formalaşmasında müsbət rol oynayacağı xüsusi qeyd olunub.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov çıxışında işğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin tamamilə məhv edilməsi səbəbindən GMM-də Qarabağ xanlığı irsinin qorunmasına toxunub. O, gürcü alimləri tərəfindən bu irsin dərindən tədqiq olunmasının Qarabağın Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.İskəndərov Qarabağın işğaldan azad edilməsinin və hazırda dirçəldilməsinin Azərbaycan xalqının ümummilli ideyasının vacib əsaslarından olduğunu bildirib.
Konfransda, həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratorunun müavini Tebrone Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pommier Vinçelli, Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Raynhard Hess Qarabağ xanlığının müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər. Xarici tədqıqatçılar Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan obyektiv etnoqrafik materialların Qarabağ bölgəsinin Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini diqqətə çatdırıblar. Alimlərin fikrincə, Qarabağ irsində həm Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin tacı olan, böyük coğrafi areala hakimlik etmiş Qızılbaş dövlətinin, həm xalqımıza məxsus mədəni yaradıcılıq nümunələrinin, həm də müxtəlif millət və dinlərin nümayəndələrinə hörmət ənənələrinin izləri öz əksini tapıb.
Müzakirələri yekunlaşdıran M.R.Hessin sözlərinə görə, nəşrlə tanış olan hər kəs istər unikal Azərbaycan milli kimliyi, istərsə də bu kimliyin formalaşmasında Qarabağ və Qafqazın mədəniyyət incisi olan Şuşanın rolunu yaxşı başa düşəcək.
Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı Avstriya Milli Kitabxanasına və tədbir iştirakçılarına hədiyyə edilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi və Avrasiya Beynəlxalq İnkışaf Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış nəşr artıq Madrid, Varşava, Roma, Əmman şəhərlərində yerləşən aparıcı muzey və kitabxana mərkəzlərində, həmçinin UNESCO-nun mənzil-qərargahında geniş ictimaiyyətə təqdim olunub.