23 Noyabr 2024 09:10
1839
Elm və texnika
A- A+
Ömrünü hüquq elminin inkişafına həsr etmiş fədakar alim

Ömrünü hüquq elminin inkişafına həsr etmiş fədakar alim


Hər bir xalqı dünyada tanıdan onun elmi, mədəniyyəti və milli dəyərləridir. Bir deyim də var: o xalq böyükdür ki, yetirdiyi şəxsiyyətləri, görkəmli elm xadimləri, ziyalıları ilə tanınır. Müasir dövrümüzdə də həyatımızın sürətlə dəyişdiyi reallıqda cəmiyyətdəki çəkisi və bütövlükdə elmin səviyyəsi həmin toplumun dünyadakı yerini müəyyən edən mühüm amillərdən birinə çevrilmişdir.

Hüquq elmləri doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar hüquqşünas, professor Məsumə Məlikova haqqında yazarkən, müxtəlif materialları oxuyarkən həmişə bir fikir bu dəyərli insanın xarakterinə aydınlıq gətirir: o inanırdı ki, düzgünlüyə, haqqa-ədalətə tapınanların nəsibi sonsuz  rəğbət və sevgidir. Özünə münasibətdə də hər yerdə bunu görürdü. Məsumə xanım hüquqşünas, müəllim, alim ömrü yaşamağın məsuliyyəti ilə çalışırdı. Qazandığı uğurlar, fəxri adlar onun uzun illik gərgin zəhmətinin, elmi araşdırmalarının bəhrəsi idi. Və bir də heç zaman işlərinin çoxluğunu qayğılardan qaçmaq üçün bəhanəyə çevirmirdi. Laqeydlik, biganəlik ona yad idi. Tələbələri Məsumə Məlikovanın simasında elmdə, təhsildə güzəştə getməyən gözəl alim, tələbkar olduğu qədər də qayğıkeş müəllim, yurduna böyük məhəbbətlə bağlı bir insan tanıyırdılar.  

Tarix boyu elm insan həyatını dəyişdirən ən mühüm amillərdən biri, bəlkə də birincisi olub. Bəşəriyyətin ən böyük zəfəri də elmdir. Dahi Nəsirəddin Tusiyə görə, alimdə bir neçə xüsusiyyətin olması vacibdir. Bunların sırasında zəka, zehin aydınlığı, dərk surəti, ağıl gözəlliyi və hafizənin əhəmiyyəti böyük rol oynayır. Azərbaycan elminin görkəmli nümayəndəsi, həyatını elmə, təhsilə və pedaqoji fəaliyyətə həsr etmiş, milli hüquq elmində yeni istiqamətlərin əsasını qoymuş və bütöv bir məktəb yaratmış Məsumə Fazil qızı Məlikova özündə bütün bu keyfiyyətləri birləşdirən əsl ziyalıdır.

Dünya üzrə qadın alimlər elm adamlarının ümumi sayının cəmi üç faizini təşkil edirlər. Müasir dünyada elmin inkişafı, gender bərabərliyinin bəşəriyyətimizin mütərəqqi nailiyyəti kimi daha böyük kütlələr tərəfindən qəbul edilməsi və qadının cəmiyyətdəki yerinin mahiyyəti elmdə onun rolu prosesinə də özünün pozitiv təsirini göstərir. Qadın elm adamlarının sırasında təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınan M.Məlikovanın da olması Azərbaycan elminin parlaq nailiyyətlərindən biridir.

Məsumə xanım Azərbaycanda milli hüquq elminin yaradıcılarından biri, xalqımızın tarixini, dahi şəxsiyyətlərinin dünya və cəmiyyət, hüquq və ədalət barədə görüşlərini araşdıraraq hüququn fərqli istiqamətlərinin, siyasi-hüquqi təlimlər tarixinin, milli hüquq məktəbimizin bünövrəsini, özülünü yaradan işıqlı zəka sahibidir.

Azərbaycanda hüquq elminin öyrənilməsi və inkişafında misilsiz xidmətləri, milli hüquq elmində əvəzedilməz yeri və rolu olan, peşəkar fəaliyyəti sayəsində ən yüksək zirvələri fəth etmiş ilk hüquqşünas qadın alimimiz professor M.Məlikovanın haqqa və ədalətə xüsusi marağı və sevgisi hüquq elminə müraciətinin əsas səbəbidir. Hüquqşünaslığa meyil M.Məlikovanın bərabərliyə, ədalətə həssaslığı ilə yanaşı, həm də onun bu elm sahəsindəki çoxsaylı tədqiqat və çalışmalarını bütövlükdə milli hüququn inkişafına, vətəni Azərbaycanda yeni-yeni hüquqşünaslar nəslinin yetişməsi missiyasına töhfə vermək istəyindən irəli gəlmişdir.

Professor Məsumə Məlikova zəhmətkeş ailədə doğulsa da, elmə üz tutmasında ailəsinin təhsilə verdiyi dəyərin böyük rolu olmuşdur. Azərbaycanlı qadının ideal nümunəsi olan anası Mürqüzər xanım həyatını ailəsinə həsr etməklə beş övlad böyütmüş və onların hər birinə uşaq çağlarından təhsilə, biliyə, daim öyrənməyə  marağın formalaşdırılması üçün böyük zəhmət sərf etmişdir. Belə bir mütərəqqi və yaradıcı mühit övladların hər birinin müxtəlif sahələrə yönəlmələrinə səbəb olmuşdur. Ailənin üçüncü övladı M.Məlikova isə xüsusi prinsipiallıq tələb edən hüquq sahəsini seçmişdir.

22 noyabr 1929-cu ildə Bakıda dünyaya göz açan Məsumə Məlikova 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş və "Dövlət hüququ" kafedrasında elmi-pedaqoji fəaliyyət məqsədilə müəllim vəzifəsində saxlanılmışdır. 1953-cü ildə aspiranturaya qəbul olunan gənc hüquqşünas M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə ezam edilmiş və üç il sonra həyatının elm və təhsil alma mərhələsinin bu dövrünü də başa vurmuşdur. Həmin illərin mövcud konyunkturasına görə, ciddi elmi fəaliyyətlə məşğul olacaq mütəxəssis bu yolu mütləq keçməli idi. M.Məlikovanın Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura pilləsini bitirməsi yalnız onun öz peşəkar karyerası üçün deyil, həm də bütün respublika adına böyük uğur, Azərbaycan elmi və təhsili üçün ölçüyəgəlməz nailiyyət idi. Çünki Məsumə xanım Moskvada ölkənin ən nüfuzlu elm və təhsil ocağında bütöv bir xalqı təmsil edirdi. O, ittifaq paytaxtında Azərbaycanın hüquq elminin carçısı olmaqla yanaşı, həm də bir gənc xanım olaraq azərbaycanlı qadının elmdəki obrazının təcəssümü idi...

M.Məlikovanın xalqının milli ruhuna, tarixi və mənəvi köklərinə bağlılığı təhsil aldığı illərdə olduğu kimi, sonrakı elmi fəaliyyətində də büruzə verir. Onun üzərində çalışdığı tədqiqat mövzularının böyük əksəriyyəti Azərbaycanda hüququn bir elm kimi təşəkkül tapması tarixinə, xalqımızın ictimai-siyasi həyatında əhəmiyyətinin miqyasına görə ölçüyəgəlməz çəkisi olan və gələcək müqəddəratımızda, bir xalq olaraq formalaşma prosesinə mütərəqqi təsir göstərmiş mütəfəkkirlərin dünyagörüşlərinin, hüquq və ədalətə baxışlarının öyrənilməsinə həsr olunmuşdur. Məsumə xanım müasir hüquq sahəsində araşdırmalar aparmaqla, elmi əsərlərin müəllifi olmaqla yanaşı, Azərbaycan xalqının hüquqi təsəvvürlərinə dair ilkin mənbə və işartılar qismində çıxış edən zəngin yaradıcılığını da unutmamışdır ki, bu da onun müəllifi olduğu elmi monoqrafiyalarında və əsərlərində əks olunmuşdur.

Görkəmli hüquqşünas alimin müəllifi olduğu elmi əsərlər, kitablar, monoqrafiya və dərs vəsaitlərinin adlarına baxmaq qənaətimizi təsdiqləmək üçün yetərlidir: "M.F.Axundovun ictimai-siyasi baxışları", "Nizami Gəncəvi və Azərbaycan maarifçiliyi", "XIX-XX əsrin əvvəllərində Azərbaycanda siyasi-hüquqi təlimlər tarixi", "Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi", "Kitabi-Dədə Qorqud"da ictimai-siyasi və hüquqi ideyalar" və sairə. Göründüyü kimi, xanım alimin elmi yaradıcılığında toxunduğu mövzular Azərbaycanda yalnız hüquq elmi deyil, eyni zamanda siyasi fikrin, ötən əsrin 50-60-cı illərindən etibarən Qərbdə artıq geniş şəkildə öyrənilməyə başlanmış politologiya və siyasi nəzəriyyənin inkişafı prosesinə güclü təkan hesab edilməlidir. Xüsusilə xalqımızın ictimai-siyasi fikir tarixinə əsaslı diqqətin ayrılması Məsumə xanımın elmi-pedaqoji karyerasının ilk illərini əhatə edən dövr üçün olduqca cəsur fədakarlıq tələb edən addım idi.

M.Məlikovanın elmi fəaliyyəti hüquqşünaslığın əsasən iki mühüm sahəsinə - ümumi dövlət və hüquq nəzəriyyəsinin və siyasi-hüquqi təlimlər tarixinin aktual problemlərinə həsr edilmişdir. O, Azərbaycanın milli hüquqi və siyasi təlimlər tarixinin banisi olmaqla yanaşı, həm də hüquq elmində yenilik sayılan bu məktəbin əsasını qoymuşdur. Bu, hüquqşünaslıqda tamamilə yeni bir istiqamətin təməli, bünövrəsi deməkdir. Professor M.Məlikovanın xalqımızın tarixində əvəzsiz yeri olan mütəfəkkirlərin, filosof və fikir adamlarının ideyalarını öyrənməsi bu görkəmli şəxsiyyətlərin Azərbaycan xalqının təmsilçiləri olaraq dünya ictimai-siyasi və hüquqi fikir tarixində haqlı və layiqli yerə malik olduqlarının nümayişidir. Bu amil şübhəsiz ki, vətənimiz Azərbaycanın müstəqillik dövründə hüquq, politologiya, ictimai-siyasi tarix sahələrində ərsəyə gəlmiş elmi araşdırmalar, əsər və dərsliklərin, habelə yeni nəsil hüquqşünasların və politoloqların formalaşması və yetişməsində misilsiz əhəmiyyətə malikdir.

Görkəmli alimin zəngin elmi-pedaqoji fəaliyyəti və peşəkar karyerasının ən mühüm özəlliyi məhsuldarlıqdır. O, hüquq cameəsində məhz bu keyfiyyətinə görə xüsusən seçilir və dərin hörmətə malikdir. Məsumə xanım 200-dən artıq elmi monoqrafiya, əsər və kitabın, dərslik və dərs vəsaitinin müəllifidir.

M.Məlikova keçmiş ittifaq miqyasında hüquq elmi sahəsində elə bir böyük hörmətə malik olmuşdur ki, ona verilən bu yüksək dəyər özünü mütəmadi olaraq Moskvada təşkil edilən tədbirlərə dəvət edilməsində göstərmişdir. Azərbaycanlı qadın alim ittifaq çaplı monoqrafiya və dərsliklərin hazırlanması üzrə Moskva alimlərinin kollektivinin daimi üzvlərindən olub. Alimin Azərbaycanda hüquq elminin inkişafı istiqamətindəki fəaliyyəti ilə yanaşı, keçmiş SSRİ-nin elmi dairələrində yüksək qiymətləndirilməsi özünü onun elmi araşdırmalarının təkcə Azərbaycan deyil, həmçinin rus dilində çap edilməsində də göstərir. M.Məlikova "İstoriə qosudarstva i prava", "Mejdunarodnoe pravo i sravnitelğnoe pravo" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. Eyni zamanda onun ölkəmizdə "AMEA-nın Xəbərləri" jurnalının tarix və hüquq elmləri seriyasının, "Hüquqi dövlət və qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, AMEA-nın "M.F.Axundzadə ensiklopediyası"nın ərsəyə gəlməsində misilsiz xidmətləri var. O, 30 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin xəbərlərinin sosial-siyasi elmlər seriyasının redaktorudur. 

M.Məlikova ölkəmizdə, keçmiş SSRİ-nin bir çox şəhərlərində və xarici ölkələrdə keçirilən beynəlxalq konfransların da fəal iştirakçısı olmuşdur. Belə ki, o, 1976-cı ildə Şotlandiya-İngiltərədə keçirilmiş Beynəlxalq Siyasi Elmlər  Assosiasiyasının X konqresində Siyasi Elmlər Assosiasiyası İcraiyyə Komitəsinin üzvü kimi iştirak etmiş və "Zaman amili və Azərbaycanda milli dövlət quruculuğunun nailiyyətləri" mövzusunda məruzə ilə çıxış etmişdir. 1986-cı ildə ABŞ-də - Kanadada Amerika və sovet hüquqşünaslarının seminar müşavirəsində sovet hüquqşünaslarının assosiasiyasının xüsusi qrup iştirakçısı 1991-ci ildə Türkiyədə Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinin nümayəndəsi kimi iştirak etmişdir.

Görkəmli alimin yalnız Azərbaycan deyil, həm də xarici ölkələr üçün yüksəkixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 30-dan artıq, o cümlədən Suriya, İordaniya, Fələstin, Vyetnam və digər ölkələr üçün çoxlu sayda hüquq üzrə fəlsəfə doktoru və hüquq üzrə elmlər doktoru dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmişdir. Hazırda hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktoru proqramı üzrə elmi rəhbərliyi davam edir.  

Böyük hüquqşünas alim həyatı boyu özünü Azərbaycan cəmiyyətinin bir parçası olaraq qəbul etmiş, ölkəmizdə baş verən ictimai-siyasi proseslərlə yaxından maraqlanmış, ictimaiyyətin ayrılmaz hissəsi, xalqını və dövlətini sevən vətəndaş olaraq baş verən hər hansı ümummilli xarakterli hadisəyə öz münasibətini bildirmişdir. Məsumə xanım hələ sovet dönəminin son illərində, Azərbaycanda torpaqlarımızın qəsb edilməsi və xalqımızın zorla deportasiyasına yönəlmiş erməni separatçılığı meyilləri baş qaldıranda Moskvanın ən yüksək kürsülərindən tarixi saxtalaşdırma və Azərbaycan xalqına qarşı dözümsüzlük üzərində bərqərar olmuş erməni milliyyətçiliyi və bölücülüyünə qarşı öz haqq səsini, etirazını ucaltmışdır. O, Sov.İKP MK-nın üzvü kimi partiyanın XXVIII qurultayının tribunasından çıxış edərək ermənilərin Azərbaycana qarşı məkrli təcavüz niyyətlərini ifşa etmiş, keçmiş SSRİ-nin subyektlərinin ölkənin konstitusiyası ilə təsbit olunmuş bütövlüyü prinsipinə hörmət edilməsi tələbini irəli sürmüşdür.

M.Məlikova Azərbaycan Respublikası qanunvericiliyinin işlənib hazırlanmasında da fəal iştirak etmişdir. Belə ki, o, "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" 23 sentyabr 1989-cu il tarixli Azərbaycan SSR-in Konstitusiya Qanununun hazırlanmasında iştirakçılardan biri, Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının və 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olmuş, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanun layihələrinin müzakirələrində fəal iştirak etmişdir. 

M.Məlikova professional elmi və pedaqoji fəaliyyəti illərində Sovet Siyasi Elmlər Assosiasiyası İcraiyyə Komitəsinin, SSRİ və Azərbaycan SSR Təhsil Nazirliklərinin hüquq elmləri üzrə tədris-metodiki şuralarının üzvü, Azərbaycan SSR Təhsil Nazirliyinin elmi-metodik şurasının elmi katibi, AAK-ın 1998-ci ilədək iqtisadi, fəlsəfə və hüquq elmləri üzrə Ekspert Komissiyasının sədri, AMEA-nın nəzdində Hüquq Elmləri üzrə Problem Şurasının sədri, AMEA-nın humanitar və ictimai elmlər bölməsinin bürosunun və AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının hüquqşünaslıq bölməsinin, Respublika Prokurorluğu yanında Elmi-məsləhət Şurasının və Respublika Ali Məhkəməsinin analoji şurasının üzvü olmuş, BDU-nun nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasının üzvüdür. Görkəmli elm xadimi M.Məlikovanın Azərbaycan elmi qarşısındakı xidmətləri xalqımız və dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, dövlət orqanları və ictimai təşkilatlar tərəfindən çoxsaylı mükafata layiq görülmüşdür. 1969-cu ildə "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adı, 1976-cı ildə "Şərəf nişanı" ordeni, 2000-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi yubiley medalı" ilə təltif edilmişdir. Məsumə xanımın zəngin fəxri adları və təltifləri sırasında Bakı Dövlət Universitetinin 75 illiyi münasibətilə "Xatirə medalı" (1994-cü il), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Xatirə" medalı (2009-cu il), Təhsil Nazirliyinin "Fərqlənməyə görə" döş nişanı (2009-cu il), Təhsil Nazirliyinin "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalını, habelə elm və dövlət orqanları tərəfindən layiq görülmüş çoxsaylı fəxri adlarını qeyd etmək olar. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə M.Məlikovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

Məsuma Məlikova Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq uğurlarını yüksək dəyərləndirir. "Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacardı. Müəllifi olduğu uğurlara diqqəti cəlb etdi və heyrət doğurdu. Ərazi bütövlüyümüz bərpa edildi, suverenliyimizə nail olduq. 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizdən sonra Azərbaycanın əsas arzusu məhz sülhə nail olmaqdır. Hər hansı iddiaları, aqressiv meyilləri kənara qoyub regionun inkişafı barədə düşünməkdir", - deyir M.Məlikova.

Milli hüquq elminin iftixarı olan böyük alim Məsumə Məlikova ömrünü Azərbaycan xalqının gələcəyinə həsr etmişdir. Onun hüquq kimi mürəkkəb sahədəki tədqiqatları və elmi yeniliklərinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu illər ərzində ərsəyə gəlmiş, dövlət orqanları, elmi müəssisələr və ali məktəblərdə şərəfli vəzifələrin icraçısı olmuş vətən övladları Məsumə xanımın zəngin fəaliyyətindən bəhrələnmişlər. Professor M.Məlikova hüquq elminin müasir tələblər və çağırışlar şəraitindəki inkişafına, gənc kadrların yetişməsinə, bütövlükdə ölkənin ictimai həyatına, demokratik quruculuq prosesinə əvəzsiz töhfələr vermişdir. Onun bu missiyasının kökündə insanlara dərin sevgi, həyat eşqi, nəciblik və xeyirxahlıq amalları durur.

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!