18 Dekabr 2024 08:50
600
Mədəniyyət
A- A+
Ölümsüzlüyün sirrini tapan şair

Ölümsüzlüyün sirrini tapan şair


Bir dastan yaz min-min sözlük, Budur əsl ölümsüzlük! - deyirdi Tofiq Bayram. Bu dünyada tək umacağı Söz idi. O, ədəbiyyat vurğunu, poeziya aşiqi idi. Bu dünyaya şair ruhu ilə gəlmişdi. Yer kürəsi onun üçün başdan-başa şeiriyyət idi...

Ömrü əlli altısında bitdi. Ancaq onsuz da olsa, yaşının üstünə yaş gəlir. Tofiq Bayramın anadan olmasının yüz illiyində bacısı Svetlana Bayramova ilə şair haqqında danışırıq. Xatirələr Svetlana xanımı uzaq illərə aparır: "Ailədə doqquz uşaq olmuşuq, altı bacı, üç qardaş. Təəssüf ki, üç bacı qalmışıq. Qardaşlarımın hamısı, bacılarımın üçü dünyasını dəyişib..." Qüssə içində deyir və susur. 

Söhbətimizin kədər üzərində köklənəcəyini düşünürəm. Ancaq Svetlana xanımın səsinə birdən-birə sevinc işığı düşür: "Ən böyüyümüz Tofiq idi, - deyir. - Atamın işi ilə əlaqədar ailəmiz Azərbaycanın müxtəlif rayonlarında yaşamışdı. Və yaşadığı hər rayonun ab-havası sanki Tofiqin ruhuna, mənəviyyatına, ədalarına hopmuşdu, onun danışığına hakim kəsilmişdi. Mənə elə gəlir ki, bütün varlığı ilə ümumazərbaycan mövqeyindən çıxış etməsinin əsas səbəblərindən biri də bu idi. Əslində, bu, yalnız Tofiqə xas deyildi, bizim ailəmizin mövqeyi idi... Düzdür, soykökümüz Ərdəbil şəhərindəndir. Şahsevənlər nəslindənik. Bakıda yaşamışıq, bakılı olmuşuq. Buna baxmayaraq öz həyatımızda, öz qəlbimizdə bütün Azərbaycanı birləşdirə bilmişik. Atam heyvandarlıq üzrə kənd təsərrüfatı mütəxəssisi idi. O, müxtəlif illərdə Ağstafada, Qazaxda, İmişlidə, Əli Bayramlıda (indiki Şirvan - Z.F.), Dəvəçidə işləyib. Hansı rayonda işləməyə gedirdisə, anamı da özü ilə aparırdı. Ancaq valideynlərimizin, necə deyərlər, bir ayağı Əmircandaydı. Biz ağlımız kəsəndən Əmircanda yaşamışıq. O vaxt orada əsl ziyalılar var idi..."

Tofiq Bayram sözün sehrinə çox kiçik yaşlarından düşdü. Dünya başdan-başa şeirə, poeziyaya çevrildi gözlərində. Uşaqlıqdan sözləri elə hey bir-birinə qoşur, qafiyə deyirdi...

Svetlana xanım danışır: "Atamın yaxın dostlarından biri - Mehdixan Vəkilov 1942-ci ildə Ağstafa Rayon Partiya Komitəsinin birinci katibi seçilib. O, atama zəng edib deyib ki, mən Ağstafaya gedirəm, istəyirəm sən də gələsən. Atamın Ağstafaya getməsi belə olub. Orda böyük bir sovxozun direktoru işləyib. Mehdixan Vəkilov məşhur şair Səməd Vurğunun qardaşı idi. Tofiqin Səməd Vurğunla ilk tanışlığı da Ağstafada olub. Onda yeddi yaşı varmış. Ağstafada birinci sinfə gedirmiş. Səməd Vurğunun gəldiyini eşidən atam onu qonaq çağırıb. Şair bizim evə gəlib. Tofiq kiçik yaşlarından bir yerdə qərar tutmazdı. Ancaq bu, sadəcə, nadinclik deyildi. Təbiətcə qaynar, çılğın adam idi. Bir də sanki poeziyadan yoğrulmuşdu. Tofiq özü təpədən-dırnağa poeziya idi. Səməd Vurğun onun hərəkətlərindən bilib ki, bu, qeyri-adi uşaqdır. Atam şairin Tofiqə maraqla baxdığını görüb, deyib ki, "ay Səməd, bu, bir də görürsən öz-özünə elə bayatılar deyir ki..." Səməd Vurğun əminliklə: "O, şair olacaq" söyləyib. Beləcə, Tofiq ilk xeyir-duanı Səməd Vurğundan alıb. Sonralar bu görüş şeirə çevrilib.  Tofiq dünyaşöhrətli şairlərimizdən Məhəmməd Füzulini, İmadəddin Nəsimini çox sevirdi. Molla Pənah Vaqifin yaradıcılığına yaxşı bələd idi. Öz dövrünün şairlərindən isə ən çox sevdiyi Səməd Vurğun idi".

Tofiq Bayram təhsilini Bakıda davam etdirdi. Əvvəl 97 saylı məktəbdə oxudu. Həmin məktəb səkkizillik idi. Onillik təhsilini Bülbülədəki 208 saylı orta məktəbdə tamamladı. O vaxtlar artıq şairlik istedadı hər kəsə bəlli idi. İlk şeiri "Pioner" qəzetində işıq üzü görəndə Tofiq Bayramın on dörd yaşı vardı. Svetlana xanım deyir: "Uşaq olanda anam onu elektrik qatarı ilə Pionerlər evinə gətirirdi. Orda ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi. Həmin dərnəyə o vaxt cavan olan Əlfi Qasımov rəhbərlik edirdi. Tofiq orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti - Z.F.) daxil oldu. Ancaq sonralar başqa bir ali məktəbdə oxumaq istədi. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti - Z.F.) Ədəbiyyat-tarix fakültəsinə qəbul edildi. O illərdə Tofiqin çox sevdiyi Mikayıl Rəfili, İsmayıl Şıxlı, Əbdüləzəl Dəmirçizadə, Feyzulla Qasımzadə, Ağamməd Abdullayev, Əhəd Hüseynov, Kamal Qəhrəmanov kimi böyük alimlər, ədəbiyyatşünaslar, ədəbiyyat nəzəriyyəçiləri, tənqidçilər həmin institutda çalışırdılar. İnstitutun rektoru isə o vaxtlar Mehdixan Vəkilov idi".

Tofiq Bayram ali təhsilini başa vurduqdan sonra müxtəlif yerlərdə çalışdı. O,  1959-cu ildə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri, 1960-1961-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi oldu. 1961-1964-cü illərdə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, 1964-1968-ci illərdə "Ulduz" jurnalı redaksiyasında, 1968-1978-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, 1978-ci ildə isə "Yazıçı" nəşriyyatında baş redaktor müavini işlədi. Ancaq harada çalışırsa-çalışsın, şeir yazmaq hər zaman ən ülvi arzusu, ən böyük məqsədi oldu.

Ailədə həddindən artıq sevilirdi. Səbəbi yalnız evin böyük oğlu olması deyildi. Atası Qulam bəy, anası Zivər xanım, bacı-qardaşları onun istedadı ilə, şair olması ilə fəxr edirdilər. Tofiq Bayramın dövri mətbuatda hər dəfə şeirinin dərc olunması ailədə bayrama çevrilirdi. Svetlana Bayramova xatırlayır: "Bizim ədəbiyyata, musiqiyə sevgimiz atamdan gəlirdi. Atamgil dörd qardaş, bir bacı olublar. Atamın İslam adlı qardaşı vardı. Azərbaycan Pedaqoji İnstitutunda oxuyurmuş. Müharibə başlayanda təhsili yarımçıq qalıb. İslam əmim də şeir yazırmış. Teatrı çox sevirmiş. Bir neçə dəfə Əmircanda hazırlanan tamaşalarda rol oynamışdı. 

Atam isə, doğrudur, şeir yazmırdı, ancaq o, poeziyanın, musiqinin vurğunu, xiridarı idi. Bizim evimiz sanki şeir, sənət ocağıydı. O dövrün ən məşhur sənətkarları atamın dostları idilər, evimizə gəlib-gedirdilər. Biz onların mühitində formalaşırdıq. Atam Əmircanda ikimərtəbəli, gözəl bir ev tikdirmişdi, öz əlləri ilə həyətimizdə elə bağ salmışdı ki, görənlər heyran olurdu. O vaxtlar Bakının rəhbəri Əliş Ləmbəranski idi. Xarici ölkələrdən qonaqlar gəlirdi. Onlar maraqlanırdılar ki, sovet adamları necə yaşayırlar. Onda bizim həyətimizə ekskursiyaya gətirib göstərirdilər ki, sovet adamları belə yaşayırlar... Bambaşqa ab-hava vardı..." 

O, Azərbaycanın neçə-neçə məşhur sənətkarını uşaqlıq illərindən atasının dostu, evlərinin əziz qonağı kimi gördü. Vaxt gəldi, onların bir çoxu ilə özü də yaxın dost, həmkar, iş yoldaşı oldu. Bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdıqdan sonra onu Opera Teatrına dəvət edən Niyazi də atasının dostlarından idi. Orada ədəbi hissə müdiri işləyəndə görkəmli sənət adamlarını yaxından tanıdı.

Tofiq Bayramın ata ocağında məşhur dəvə qutabı qonaqlığı veriləndə o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyirdi. Məhəmməd Füzulinin yubileyi təntənə ilə qeyd edilirdi. Şairin irsi geniş tədqiq və təbliğ olunurdu. Onda Tofiq Bayramın "Füzuli" pyesi əsasında televiziya tamaşası hazırlandı. Rejissoru Şəmsi Bədəlbəyli idi. Pyes haqqında Xalq şairi Süleyman Rüstəm, Xalq artisti Şəmsi Bədəlbəyli və başqa görkəmli sənətkarlar yüksək fikirlər bildirdilər. Tofiq Bayram çox gənc idi. Elə o yaşda, 1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyi) üzv qəbul edildi. Tanındı, şöhrətləndi... 

Svetlana Bayramova o günlərdən söz açır: "Bir gün atam Tofiqə dedi ki, həmin dostlarını evimizə dəvət elə, onlara qonaqlıq verim. Tofiq Süleyman Rüstəmə deyib. O, təklifi məmnuniyyətlə qəbul edib, ancaq şərtini də söyləyib: "Gələrik, amma mən deyəni bişirə bilsəniz..." Süleyman Rüstəm deyib ki, bizim üçün Xilə qutabı bişirsinlər. Xilə qutabı dəvə ətindən hazırlanırdı. Tofiq tərəddüd edib: "Süleyman müəllim, başqa nə desəniz mümkündür, amma mən dəvə qutabına söz vermirəm. Gedim atamla məsləhətləşim" deyib. Evə gəldi, Süleyman Rüstəmin istəyini atama bildirdi. Atam dərhal cavab verdi: "Get de ki, gələn həftə bizim qonağımızdırlar". Tofiq soruşdu ki, dəvə ətini haradan tapacaqsan? Atam onu arxayınlaşdırdı: "Sənin işin olmasın, mən tapacağam". Atam Qobuya gedib bir çobandan dəvə aldı. Evimizin ünvanını da verdi. Çoban dəvəni Əmircana gətirdi. Bazar günü səhər uşaqlar qaça-qaça gəlib atama xəbər verdilər ki, bütün küçə "Pobeda" maşınları ilə doludur. Atam həyətə çıxdı. Gördü ki, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev... Bir sözlə, televiziyadan tanıdığımız bütün məşhurlar gəlib. Demə, Süleyman Rüstəm hamıya zəng vurub deyibmiş ki, gedirik Əmircana dəvə qutabı yeməyə. Ən çox həyəcanlanan anam idi. Atamdan soruşdu ki, ay Qulam, bu qədər qonağa qutabı necə hazırlayacağıq? Atam ona dedi ki, narahat olma. Sallaqxanada kəsdirdiyi dəvənin ətini, bir də unu payladı qonşulara, xahiş etdi ki, hamınız qutab bişirin, həm özünüz doyunca yeyin, həm də mənim qonaqlarımı yola salın. O gün, əlbəttə, başqa yeməklər də hazırlanıb süfrəyə düzüldü. Qonaqlar dəvə qutabını və digər təamları yedilər. Ancaq əsas yemək qutab oldu. Bu dəvə qutabı qonaqlığı çox məşhurlaşdı".

Tofiq Bayramın toyu da uzun müddət yaddaşlardan silinmədi. Şairin bacısı danışır: "1931-ci ildə atamın toyunda məşhur xanəndə Xan Şuşinski oxuyub. Toyu olanda atam özü gedib Xan Şuşinskini Qarabağdan gətirib. Sonralar da münasibətləri davam edib. Ailəmizin ilki tez evləndi. 1956-cı ildə Tofiqin toyuna hazırlaşanda atam gedib Xan Şuşinskiyə xatırladıb: "Yadındadır, sən mənim toyumda bir sağlıq dedin? Dedin ki, o gün olsun sənin oğlun olsun, onun toyunda da gəlim mən oxuyum. İndi Tofiq evlənir. Gərək sözünə əməl edəsən". Tofiqin toyu sanki musiqi, muğam, mahnı müsabiqəsi oldu. Xan Şuşinski, Qurban Pirimov, o vaxt gənc olan Əlibaba Məmmədov, Əbülfət Əliyev, atamın çox sevdiyi müğənni - Ağabala Abdullayev, Şurulla vardı, həm tarda çalırdı, həm də gözəl səslə oxuyurdu, qarmon ifaçısı Teymur Dəmirov... İstedadlı ifaçılar Tofiqin toyunda bir-biri ilə sanki yarışa girdilər. Qeyri-adi toy idi..."

Tofiq Bayramla həyat yoldaşı Zərifə xanım orta məktəbdə bir sinifdə oxuyublar. Parta yoldaşı olublar. Şair ona həsr etdiyi "Məhəbbət" adlı şeirində yazıb:


Deməyin ki, nağıl açıb sevgidən,

Unutmuşam nədir bilik, imtahan.

Ya geciksəm, ya dərsimi bilməsəm,

Hamıdan çox utanıram o qızdan.


Tofiq Bayram gözəl ailə başçısı oldu. Nə sevgisini, nə də qayğıkeşliyini ailəsindən əsirgədi. Ancaq məhəbbət şeirlərinin yeganə ünvanı həyat yoldaşı olmadı. Şair qəlbi gözəllərə heç zaman biganə qalmadı.

Svetlana xanım danışır ki, qızlardan ona məktublar gəlirdi, macəraları olurdu: "Zərifə qısqanc deyildi. Bəlkə qəlbində təbəddülatlar var idi, üzə vurmurdu... Tofiqi çox sevirdi. Bütün ömrünü Tofiqə həsr etdi. Onun qulluğunda dayandı. Etibarlı, anlayışlı həyat yoldaşı oldu. 2019-cu ildə dünyasını dəyişdi".

Tofiq Bayramın bir sıra məhəbbət şeirlərinin bilinən ünvanı və tarixçəsi var. Onlardan biri Azərbaycan ədəbiyyatında ən gözəl məhəbbət şeirlərindən olan, məşhur "Ay gecikən məhəbbətim"dir... 


Sən əzabsan, göz yaşısan,

Bəxtimin son naxışısan.

Bəlkə tale qarğışısan,

Bəlkə də ilk səadətim,

Ay gecikən məhəbbətim!


Bu şeir yazılanda şair evli idi, iki uşağı vardı. Onun vurulduğu xanım isə nişanlı idi. Şair 1971-ci ildə qələmə aldığı "Ay gecikən məhəbbətim" şeirinin əlyazma şəklində olan ilkin variantını həmin xanıma çatdırdı. O da bu şeiri uzun illər sonra Svetlana xanıma verdi. Şairin bacısı 2015-ci ildə Tofiq Bayramın şeirlər kitabını çap etdirəndə "Ay gecikən məhəbbətim" şeirini iki variantda verdi. 

Onun türkiyəli müğənni Sevda Aydana yazdığı şeir isə yalnız Azərbaycanda deyil, qardaş Türkiyədə də dillər əzbəri oldu. 


Bu ilahi qız səsindən

Əfsunlanmışam. 

Canı mənim canımdandır

Qanı qanımdan.

Lisanını ayırmıram

Öz lisanımdan.

Bu səs necə doğma,

necə müqəddəs!

Qılıncları atəşiylə

Əridər bu səs.


Sevda Aydan Türkiyəyə dönəndə Tofiq Bayramın ona həsr etdiyi əsəri də apardı. Ancaq bu şöhrət şeirin müəllifinə öz ölkəsində böyük problemlər yaratdı. Svetlana Bayramova yada salır: "O vaxt sovet ölkəsində çap olunmayan hətta bir misranın belə xaricdə çap olunması, yayılması böyük qəbahət sayılırdı. Üstəlik, Tofiq Bayram şeirində sovet rejiminin daha ciddi qadağalarını aşmışdı... Şeiri oxuyanda istər-istəməz düşünürsən ki, bəlkə də bu sevgi deyil, vurğunluqdur. Biz uzun illər Türkiyə həsrəti ilə yaşamışdıq. Tofiqin də əlinə fürsət düşdü. Nəinki bir Türkiyə vətəndaşını, türkiyəli bir qadını gördü. Onunla yaxından tanış oldu. Bu ünsiyyət Tofiqin ürəyində çox xoş hisslər, eyni zamanda nisgil oyatdı. Belə idi ki, illər sonra - 1991-ci ildə Türkiyənin ovaxtkı mədəniyyət naziri Namiq Kamal Zeybək Azərbaycana gələndə Respublika Sarayında çıxışında dedi ki, biz vaxtilə Bakını Tofiq Bayramın Sevda Aydana yazdığı şeiri ilə sevmişik, o şeiri bütün Türkiyə əzbər bilirdi. Ancaq çoxu bilmirdi ki, həmin vaxtlar Tofiqi nə qədər incitdilər. O zaman azərbaycanlı şairin həm də yalnız sevgi deyil, eyni zamanda milli kimlik məsələsini qabardan şeirinin Türkiyədə çap olunması və dillərə düşməsi barədə xəbər SSRİ-nin paytaxtına - Moskvaya çatan kimi ordan Bakıya zəng etmişdilər. Ümummilli Lider Heydər Əliyev o vaxt Dövlət Təhlükəsizlik Komitəsində (DTK) sədrin müavini vəzifəsində çalışırdı. Heydər Əliyev Niyazini yanına çağırmışdı. Demişdi ki, o cavan oğlana de ki, getsin altı ay Əmircanda qalsın və evdən bayıra çıxmasın, amma onun maaşını yaz. Beləliklə, Ümummilli Lider Tofiqi xilas etdi".

Hansı mövzuda yazır-yazsın, Tofiq Bayramın şeirlərinə səmimiyyət hakimdir. Bacısı deyir ki, onun şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edirdi: "Tofiq necə insan idisə, o cür də şair idi".  Tofiq Bayram üçün Azərbaycan dünyanın ən gözəl məkanı idi: 


Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə.


Tofiq Bayramın yaradıcılıq yolu məhsuldar olub. Ancaq bacısı hesab edir ki, o, istedadı qədər əsərlər yazmadı: "Onun sinəsində yazılmamış o qədər xəzinələr qaldı ki... Tofiq həm də gözəl tərcüməçi, ədəbiyyatşünas idi. Rəsul Həmzətov Bakıya gələndə görüşlərin birində dedi ki, mənə elə gəlir ki, Tofiq Bayram mənim şeirlərimi olduğundan daha gözəl tərcümə edib".

Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat etdi. Dövlət Dəfn Komissiyası yaradılmışdı və belə bir qərar verilmişdi ki, Tofiq Bayram Fəxri xiyabanda dəfn edilsin, cənazəsi də Rəşid Behbudov adına Mahnı Teatrından götürülsün. Nazirlər Sovetindən həmin gecə bizə gəldilər və dəfn mərasiminin necə planlaşdırıldığını dedilər. Anam etiraz etdi: "Mənim oğlum aktyor ya müğənni deyil ki, cənazəsi səhnəyə qoyulsun, - dedi. - Öz kəndimizdə, öz adətlərimizlə dəfn edəcəyik". Tofiqin özünün də vəsiyyəti vardı ki, onu Əmircanda, Səttar Bəhlulzadənin yanında dəfn edək. Vəsiyyətini yerinə yetirdik... Ondan əsərləri və üç övladı yadigar qaldı. Təəssüf ki, Tofiqin iki oğlu vaxtsız dünyadan köçdü. Böyük oğlu Zakir çox istedadlı, olduqca savadlı idi. Moskva Mühəndislik və Fizika İnstitutunda "Nüvə fizikası" fakültəsində təhsil aldı. Sonra Azərbaycanda Kosmik Tədqiqatlar İnstitutunda işlədi. Kəşfləri var. Zakir 2004-cü ildə vəfat etdi. Tofiqin ortancıl oğlu Cavanşir iqtisadçı idi, 2020-ci ildə dünyasını dəyişdi. Kiçik oğlu Cahangir polis işləyib. İdmançı olub, yarışlarda yer tutub. Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ qazisidir".

Əslində, nə dözümsüz, nə də vəfasız idi ürəyi. 1988-ci ilin sonları, 1990-cı illərin əvvəllərində erməni quldurlarının Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etmələri, Qarabağı münaqişə ocağına çevirmələri onun şair ürəyinə vurulan ən böyük zərbə oldu. Şair uca kürsülərdən hayqırırdı:


Gözüm yoxdur üstündə bircə qara daşının

Ağ dumanlar gəlinlik duvağıdır Şuşanın.

Mən gəlinin üzündən o duvağı vermərəm.

Namusum, ismətimdir Qarabağı vermərəm!


Tofiq Bayramın son şeiri "Qarabağı vermərəm!"oldu. Bu da son təsəlli. Svetlana xanım deyir: "Yaxşı ki, Tofiq Qarabağın, Şuşanın işğal olunduğu günləri görmədi"...


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

01:18
26 Dekabr

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında

01:18
26 Dekabr

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:17
26 Dekabr

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:16
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protocol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:16
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də və 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:15
26 Dekabr

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:14
26 Dekabr

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 102-VIIQD nömrəli Qanununun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:14
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:13
26 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

01:10
26 Dekabr

Təyyarə qəzasında həlak olanlar üçün Avstriyadakı Azərbaycan Evində xatirə guşəsi yaradılıb  

23:57
25 Dekabr

SABC: Mozambikdə 6 minə yaxın təhlükəli cinayətkar həbsxanadan qaçıb  

23:47
25 Dekabr

Şəkidə "Tullantılardan İncəsənətə" adlı sərgi keçiriib  

23:40
25 Dekabr

 Basketbol Liqası: "Neftçi" "Sərhədçi"yə qalib gəlib  

23:38
25 Dekabr

FHN və AZAL birgə məlumat yayıb

23:30
25 Dekabr

Xəstəxana rəsmisi: Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır

23:29
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

23:28
25 Dekabr

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması Türkiyə mediasının diqqət mərkəzindədir  

23:27
25 Dekabr

Qazaxıstan Baş nazirin müavini: Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir  

23:25
25 Dekabr

Dinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir

23:24
25 Dekabr

Qazaxıstan Baş nazirinin müavini təyyarə qəzasında yaralananları ziyarət edib

23:20
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!