Almaniyanın Münxen şəhərində Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın növbəti diplomatik uğurunu aydın şəkildə dünyaya göstərdi. Bir fakt xüsusilə qeyd olunmalıdır ki, dövlət başçısının keçirdiyi 24 görüşün hamısının təşəbbüskarı məhz qarşı tərəf olub. Dünya siyasətçilərinin diqqətini cəlb edən bu fakt Prezident İlham Əliyevin dünyada daim artan nüfuzunun daha bir təsdiqidir.
Münxen konfransı eyni zamanda Azərbaycanın getdikcə artan gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti konfransa həm də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla ölkənin bütün ərazisində keçirilən növbədənkənar prezident seçkilərinin qalibi kimi qatılmışdı. Görüşlərdə qarşı tərəfin dövlət başçımızı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsi Azərbaycanda növbədənkənar prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf, beynəlxalq hüquq normalarının tələbləri səviyyəsində keçirilməsinin dünya birliyi tərəfindən də qəbul edilməsinin təsdiqiydi.
Münxen Təhlükəsizlik Konfransı çox nüfuzlu bir tədbirdir. Konfransa əsasən, dünya liderləri, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərləri və tanınmış ekspertlər dəvət olunur. Belə bir tədbirdə iştirak edən dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin dövlətimizin başçısı ilə görüşə can atmaları ölkəmizin növbəti uğuru idi. Xüsusilə, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə icraçı vitse-prezidenti Maroş Şevçoviçin, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin və digərlərinin öz təşəbbüsləri ilə dövlətimizin başçısı ilə görüşmələri Azərbaycanın və onun liderinin yüksək nüfuz sahibi olmasının göstəricisidir.
Münxen görüşləri bir daha təsdiq etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Ötən illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Bir vaxtlar Avropanı neftlə təmin edən Azərbaycan, indi də qaz ixracatçısına çevrilib. Hazırda 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Ən başlıcası isə beynəlxalq aləmdə Prezident İlham Əliyevin yüksək ehtiramla qəbul edilməsidir. Bütün bunlar Münxen Təhlükəsizlik Konfransında açıq şəkildə özünü göstərdi.
Prezident İlham Əliyevin 20 il ərzində ölkəyə rəhbərliyi dövründə Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də etiraf olunur. ABŞ Dövlət katibinin möhtərəm Prezidentimizlə görüşü zamanı Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini diqqətə çatdırması Amerika Birləşmiş Ştatların ölkəmizlə əməkdaşlığı davam etdirməkdə maraqlı olmasından xəbər verir. Blinken ikitərəfli münasibətlərin və dövlətlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu da bildirib.
Dövlət başçısının xanım Helqa-Mariya Şmidlə görüşündə dediyi sözlər dünya siyasətçilərinin də diqqətini cəlb edib. Prezident İlham Əliyev görüş zamanı bəzi məqamları da xatırladaraq ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb.
Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kanslerinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan liderlərinin görüşü olub. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığı diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında bütöv, suveren Azərbaycanın lideri kimi iştirakı xalqımızda qürur doğurdu. Söz yox ki, dövlət başçısının keçirdiyi yüksəksəviyyəli görüşlər beynəlxalq aləmdə qazanacağımız daha yüksək uğurlara geniş yol açacaq, böyük təkan verəcək. Bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Münxen görüşləri, həm də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən AŞPA-ya tutarlı cavab oldu. Ölkəmizə qarşı qərəzli olanlar, təhdid və təzyiq vasitələrindən əl çəkməyənlər başa düşdülər ki, Azərbaycanla hədə yolu ilə danışmaq olmaz.
Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin keçirdiyi görüşlər və bu görüşlərdə səsləndirdiyi dəyərli fikirlər Azərbaycanın xarici siyasətinin uğurlarının Cənubi Qafqaz regionunun hüdudlarını aşaraq beynəlxalq aləmdə də böyük əks-səda doğurdu. Bu, Azərbaycanın getdikcə daha qüdrətli olacağını bir daha dünyaya açıq şəkildə göstərdi. Bundan dostlarımız sevindi, düşmənlərimiz xar oldu.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"