11 Mart 2017 12:03
175
İQTİSADİYYAT
A- A+
İnsaf da yaxşı şeydir...

İnsaf da yaxşı şeydir...

 

Novruz bayramı ərəfəsində qiymətlər süni şəkildə qaldırılır

 

Bahar bayramı - Novruz yaxınlaşır. Əsrlərdir qeyd edilən bu bayramın əksər Şərq-müsəlman xalqları, o cümlədən bizim üçün nə qədər əziz və müqəddəs olduğunu təkrarlamağa ehtiyac yoxdur. Bircə onu deyək ki, Novruz təqvimin çoxsaylı “qırmızı” günləri içində yaşından asılı olmayaraq hamının səbirsizliklə gözlədiyi tək bayramdır. Buna baxmayaraq, artıq neçə vaxtdır Novruz ərəfəsində bir gözümüz sevinirsə, o biri məchul bir nöqtəyə zillənir. Zillənir ki, bayramı qeyd etmək, yaşamaq demirik, heç olmazsa, yola vermək üçün bir çarə tapsın. Çünki bizdə adətən, bayramqabağı qiymətlər o həddə çatır ki, sanki dünyanın axırıdır, ertəsi gün nə bazar-dükan olasıdır, nə də alıcı-müştəri!
Heç şübhəsiz ki, Novruz bazarlığı bizə bu dəfə də ucuz başa gəlməyəcək. Belə qətiyyətli olmağımızın əsas səbəbi isə ölkənin istehlak bazarında bahalaşmaya artıq çoxdan “start” verilməsidir. Bayramla bağlı bazarda tələbin artacağını, yaxud artdığını da nəzərə alsaq, onda qiymətlərdən aman gözləməyin mənası və yeri yoxdur! Bayramları yalnız yaxşı pul tutmaq üçün gözləyən bizim inhisarçı-alverçilər dünyanın düz, yəni, manatın sabit vaxtı vicdan və ədalət hisslərini unutmuşlarsa, indiki maliyyə sabitliyi sarıdan mürəkkəb zamanda onların insafa gələcəyinə inanmaq çətindir. Axı, əllərinə yaxşı bəhanə düşüb - dollar bahalaşıb. İmkanları olsa, təbiətin havasına, suyuna da yarlıq yapışdırıb satarlar, özü də dolların kursu ilə! Bazar iqtisadiyyatıdır, sərbəst qiymətlərdir deyib indiki kimi dəyib-dolaşan da olmaz.
Bəli, manatın devalvasiyasından sonra ölkənin istehlak bazarında bahalıq hökm sürür, inflyasiyanın səviyyəsinin uzun illər nəinki region, eləcə də dünya üzrə aşağı olduğu Azərbaycanda indi bu göstərici ikirəqəmlidir. Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə keçən il ölkəmizdə 12,4, o cümlədən ərzaq məhsullarında 14,7, qeyri-ərzaq mallarında 16,7, ödənişli xidmətlərdə 5,8 faizlik inflyasiya qeydə alınmışdır. Cari ilin əvvəlindən də vəziyyət dəyişmir. Baxmayaraq ki, neçə vaxtdır maliyyə bazarında manat dollara nisbətdə bir qədər bahalaşaraq sabitləşib, bu, istehlak bazarında hiss olunmur, çox qəribədir ki, hətta gözləntilərin əksi baş verir, yəni, qiymətlər bahalaşmaqda davam edir(?!) Özü də o dərəcədə ki, ona mövsümün və bayramlarla əlaqədar tələbatın artımının təsiri çox az, bəlkə də yox dərəcəsində görünür. Çünki qiymətləri qalxan təkcə mövsümə uyğun olmayan, yaxud bayram şirniyyatı və ya ləbləbisi deyil, bütün ərzaq və qeyri-ərzaq mallarıdır.
Götürək son vaxtlar davamlı bahalaşması ilə hamını təəccübləndirən (təbii ki, yaxşı mənada yox) əti. Bu gün bizim dükan-bazarda sümüklü (Azərbaycan tək ölkələrdəndir ki, ət əsasən sümüyü üstündə satılır) dana və quzu ətinin kiloqramı aşağı-yuxarı 12 manatdır. Halbuki 4-5 ay əvvəl 8-9, ondan bir neçə ay öncə isə 6,5-7 manata idi. Nə oldu, nə baş verdi ki, bir ildən də az müddətə ətin qiyməti 70-80 faiz bahalaşdı? Axı, dollar dediyimiz ABŞ valyutasının bizim manata olan məzənnəsi ötən dövrdə bu həcmdə artmayıb. Lap elə tutaq ki, artıb - bunun ətin qiymətinə nə dəxli var, özü də təxminən iki dəfə?! Birinci o səbəbə ki, rəsmi məlumata görə, hazırda mal ətinə olan tələbatımızın 94, qoyun ətinə ehtiyacımızın 99 faizi yerli istehsal hesabına ödənilir. Yəni, dolların kursunun qalxması olsa-olsa xaricdən alınan yemin qiymətində özünü göstərə bilər ki, onun da ətin maya dəyərində çəkisi bu dərəcədə yüksək ola bilməz. İkinci, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsal edən sahələr, o cümlədən heyvandarlıq bütün vergilərdən azaddır. Bu isə o deməkdir ki, ətin qiymətində vergi və ona bağlı digər xərclərin həcmi sıfırdır. Elə bu səbəblərdən idi ki, hələ neçə il əvvəl heyvandarlıq üzrə tanınmış mütəxəssis mərhum Çingiz Fərəcov Azərbaycanda ətin real qiymətindən xeyli baha satıldığını bildirmişdi. Bu o vaxtlar idi ki, nə Azərbaycanda aqrar sektora dövlət tərəfindən indiki qədər investisiya qoyulurdu, nə də həmin dəstəyin nəticəsi olaraq əhalinin kənd təsərrüfatına belə marağı vardı. Kənd əhalisi yaxın-uzaq şəhərlərə səpələnmiş, torpaqlar isə “dinc”ə qoyulmuşdu. Hətta bu vəziyyətdə Ç.Fərəcov hesablamışdı ki, ətin kiloqramının 5 manatdan baha olması özgə mətləblərdən xəbər verir. Elə isə görəsən, qeyri-neft sektorunun əsas sahəsi kimi kənd təsərrüfatının ən yüksək səviyyədə hər cür maddi dəstək və mənəvi qayğı ilə əhatə olunduğu hazırkı vaxtda ətin bu qədər bahalaşması nəyin nəticəsidir? Düzdür, manat həmin manat deyil, dəyərdən düşüb. Amma il ərzində (2016-cı ildə) 524 min tona yaxın diri çəkidə ət istehsalı da kiçik rəqəm deyil və ümumiyyətlə, bu bolluqda ətin getdikcə bahalaşması ağla batmır.
Paytaxtda və digər şəhərlərdə, rayon mərkəzi və qəsəbələrdə hara baxırsan ət dükanlarıdır, hansı bazara girirsən ət əlindən tərpənmək olmur. Ancaq nə faydası, qiymətləri cüzi fərqlə eynidir, sanki sovet hökumətində olduğu kimi, qiymət “yuxarıdan” müəyyən edilir. Bax, bu yerdə Ç.Fərəcovun güman etdiyi gizli mətləblərin doğruluğuna şübhə qalmır. Hətta ət alveri ilə məşğul olanlar və qəssablar qiymət artımının səbəbini əsasən ölkəyə Gürcüstan, Ukrayna və Rusiyanın Dağıstan Respublikasından idxal olunan heyvanların dolların kursundan dolayı bahalaşması ilə izah etsələr də... Çünki həmin izahda müəyyən həqiqət payı olsa da, o, qiymətlərə bu dərəcədə təsir edəcək səviyyədə deyil. Ən azından o səbəbə ki, adları çəkilən ölkələrin də milli valyutaları dollara nisbətdə ucuzlaşmasına baxmayaraq, bazarlarında həm diri, həm də xalis çəkidə ət bizdəki qədər kəskin bahalaşmayıb. Üstəlik, Azərbaycanda ət istehlakı rəsmi statistikaya əsasən idxaldan cəmi 5-6 faiz asılıdır və bunun təbii ki, qiymətə elə ciddi təsir imkanı ola bilməz.
Deməli, səbəb başqadır və onu tapıb aradan qaldırmaq lazımdır. Bunun üçünsə dövlətin bir yox, bir neçə qurumu var. Nəzərə alsaq ki, özündə təkcə sosial-iqtisadi yox, həm də ictimai-siyasi yük daşıyan qiymət məsələsi bu gün ölkəmizin istehlak bazarının getdikcə başağrısına çevrilir, onda həmin qurumların üzərinə necə ciddi vəzifə düşdüyünü təsəvvür etmək çətin deyil. Düzdür, başa düşürük ki, bazar iqtisadiyyatında qiymətlərə inzibati yolla təsir etmək həm yolverilməzdir, həm də ümumiyyətlə, mümkün deyil. Bunun üçün başqa vasitələr mövcuddur. Məsələn, bahalaşmanın bir nömrəli səbəbi olan inhisarçılığın qarşısını almaq, yaxud qiymət artımının digər “günah”karı hesab edilən qıtlığı aradan qaldırmaq üçün istehsalı stimullaşdırmaq və s. kimi vasitələri qabaqcıl ölkələr hələ on illər öncə dəfələrlə təcrübədən çıxarmışlar.
Söz düşmüşkən qeyd edək ki, bu istiqamətdə Azərbaycanda da xüsusən son illər ciddi tədbirlər görülür. Dövlət başçısı sosial-iqtisadi məsələlərə aid elə toplantı yoxdur ki, bu barədə danışmasın, əlaqədar qurumlardan birbaşa istehlak qiymətlərinə təsir edən tədbirləri davamlı keçirmələrini tələb etməsin. Onu da deyək ki, ən yüksək səviyyədə sözügedən problemə bu tələbkarlıq nəticəsiz qalmır. Müntəzəm olaraq aparılan yoxlamalar, keçirilən reydlər həqiqətən, bir çox ərzaq məhsullarının satışı zamanı süni qiymət artımlarına yol verildiyi faktlarını aşkarlayır. Amma nə edəsən ki, nə həftənin 7 günü və günün 12 saatını reyd keçirmək mümkündür, nə də hər özünə sahibkar adı qoyub sahibkarlıqdan daha çox haram işlərlə məşğul olan hər kəsin yanına bir müfəttiş qoymaq! Adamın özündə gərək insaf, ədalət olsun! İndiki zamanda alver etmək eyib deyil, həmin fəaliyyətin cinayət əməli sayıldığı quruluş çoxdan tarixə qovuşub. Ancaq bu o demək deyil ki, istehlak bazarında qiymətləri alverçilər diktə etməlidir! Bu gün biznes adlanan alverin yazılmış və yazılmamış qaydaları var. Həmin qaydaların ilk şərti odur ki, məhsulun istehsalından başlayıb istehlakçıya çatmasınadək olan prosesdə iştirak edənlərdən ən çox qazanan istehsalçının özü olmalıdır. Bizdə isə əksinədir - aradakılar yaxşı qazanır, istehsalçı isə ən yaxşı halda qəpik-quruş xeyir götürəndə, yaxud başabaş çıxanda sevinir.
Bu yerdə bildirək ki, Prezidentin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yaradılmışdır. Qurumun yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatında çalışan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə nail olmaqdır. Göründüyü kimi, təxminən bir il əvvəl yaradılmağa başlayan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin qarşısına sözügedən sahədə mövcud olan qeyd etdiyimiz, eləcə də üstüörtülü eyham vurduğumuz problemlərin həlli kimi vacib məsələlər də qoyulub. Bu baxımdan həm istehsalçıların, həm də istehlakçıların yeni qurumdan gözləntiləri çoxdur. İstehsalçılar inanırlar ki, indidən sonra əziyyət və xərc çəkib yetişdirdikləri məhsullardan daha çox xeyri onlar görəcəklər, istehlakçılar da əmindirlər ki, ASC-nin səlahiyyətləri çərçivəsində tam fəaliyyətə başlaması ilə dəfələrlə əldən-ələ keçdiyindən bahalaşan ərzaq satışına, başqa sözlə desək, süni qiymət artımına son qoyulacaq.
Hələliksə, bazar-dükanlarda qiymətlərə yaxın düşüləsi deyil. Kənd Təsərrüfatı Nazirliyi isə ümidini yenə də bayram ərəfəsində keçirəcəyi yarmarkalara bağlayıb. Amma məsələ ondadır ki, həmin yarmarkalardakı qiymətlər heç də həmişə istehlak bazarındakı bahalığa təsir etmək imkanında olmur. Çünki bizdə, xalq arasında yarızarafat, yarıgerçək deyildiyi kimi, bir kərə qalxan qiymət bir daha enmir. Odur ki, süni bahalaşmanın qarşısını almaq üçün daha ciddi, daha qətiyyətli və daha təsirli tədbirlər görmək lazımdır. Elə tədbirlər ki, köhnə kolxoz bazarı qaydalarına yox, yeni bazar iqtisadiyyatı qanunlarına hesablansın. Yalnız bu halda indiki süni bahalaşmanın qarşısını birdəfəlik almaq olar.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!