16 May 2026 08:25
795
SİYASƏT
A- A+
Bakı növbəti dəfə dünyanı bir araya gətirir

Bakı növbəti dəfə dünyanı bir araya gətirir


WUF13 Azərbaycanın artan geosiyasi rolunun beynəlxalq etirafıdır


Sabah Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayacaq. Mayın 17-dən 22-dək davam edəcək forumun əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri"dir. 

Ümumdünya Şəhərsalma Forumu müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini araşdırmaq məqsədilə 2001-ci ildə BMT tərəfindən təsis edilib. Fəaliyyətə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur. Məqsəd geniş ictimaiyyət arasında davamlı şəhərsalma ilə bağlı məlumatlılığı artırmaq, inklüziv müzakirələrlə yanaşı, qabaqcıl təcrübə və onun mübadiləsi sayəsində dayanıqlı şəhər inkişafı üzrə kollektiv biliyi təkmilləşdirməkdir. 

2016-cı ildə Ekvadorun Kito şəhərində BMT-nin Mənzil və Dayanıqlı Şəhər İnkişafı Konfransı keçirilib və bu tədbirdə yeni şəhərsalma gündəliyi qəbul edilib. WUF13 məhz yeni şəhər gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edir. Bu, əldə olunan irəliləyişlərin qiymətləndirilməsi və növbəti mərhələ üçün yol xəritəsinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində ilk dəfə tətbiq olunan Təcrübə Mərkəzi vasitəsilə şəhərsalma sahəsində real problemlərin həlli yolları və uğurlu təcrübələr müzakirə olunacaq.

Ümumiyyətlə, WUF qlobal səviyyədə böyük çəkiyə malikdir. Bu gün planetimizdə 4 milyarddan çox insan, yəni qlobal əhalinin yarıdan çoxu meqapolislərdə və şəhərlərdə cəmləşib. Proqnozlara görə, 2050-ci ilə qədər dünya sakinlərinin təxminən 70 faizi şəhərlərdə məskunlaşacaq. Bu gedişat urbanizasiya proseslərinin tənzimlənməsi üçün beynəlxalq koalisiyaların yaradılmasını və ortaq qərarların qəbulunu qaçılmaz edir. O baxımdan, BMT və bir sıra beynəlxalq təşkilatlar sürətli şəhərləşmənin doğurduğu sosial, iqtisadi və ekoloji fəsadlarla bağlı həyəcan təbili çalır, böhrandan çıxış yollarını axtarırlar. Problemin həllində daim fəal mövqe nümayiş etdirən və qlobal təşəbbüslərə dəstək verən dövlətlərdən biri də Azərbaycandır. 

Ölkəmizin WUF13-ə evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və artan geosiyasi rolunun göstəricisidir. Azərbaycan yalnız enerji və nəqliyyat mərkəzi kimi deyil, həm də beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanınır. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi də dövlətimizin urbanizasiya məsələlərinə verdiyi önəmi göstərir. Bakı müasir infrastrukturu, nəqliyyat imkanları, təhlükəsizlik mühiti, beynəlxalq təcrübəsi və multikultural atmosferi ilə forum üçün ideal məkan hesab olunur.

Miqyasına görə WUF13 iki il əvvəl Bakıda keçirilmiş COP29 konfransını xatırlatsa da, burada əsas diqqət şəhərsalma, memarlıq və dayanıqlı məskunlaşma məsələlərinə yönəlib. COP29 Azərbaycanın logistik hazırlığını, yüksək təhlükəsizlik standartlarını, diplomatik koordinasiya və qlobal əməkdaşlıq mexanizmlərini bütün dünyaya sübut etdi. WUF13 isə bu institusional təcrübənin məntiqi davamı kimi qəbul olunur. Üstəlik, budəfəki sessiya birbaşa insanların gündəlik problemlərinin praktiki həllinə yönəlir ki, bu da forumun əhəmiyyətini qat-qat artırır. O səbəbdən, WUF13-ün əhatə dairəsi paytaxt hüdudlarını aşaraq bütün respublikanı bürüyüb. Forum ərəfəsində ölkə ictimaiyyətinin mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində festivallar təşkil olunub. Festivallar ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib. Bu tədbirlər, sadəcə, maarifləndirmə xarakteri daşımır, ölkəmizin WUF13-ə nə qədər məsuliyyətlə yanaşdığını göstərir. 

Forumun ilk günündə Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq. Azərbaycanın sədrliyi altında keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər. Nazirlərin görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda görüş 2026-cı ildə BMT Baş Assambleyasında keçiriləcək yüksəksəviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına öz töhfəsini verəcək. Görüş sədrin xülasəsi sənədinin qəbulu ilə başa çatacaq. 

Eyni zamanda WUF13 çərçivəsində "Urban Expo" sərgisi, beynəlxalq tərəfdaş tədbirləri, akademik sessiyalar, gənclər forumu və müxtəlif tematik müzakirələr keçiriləcək. Forumun mühüm xüsusiyyətlərindən biri də odur ki, burada yalnız problemlər deyil, konkret həllər təqdim olunur. Müxtəlif ölkələrin uğurlu təcrübələri paylaşılır, innovativ şəhər modelləri nümayiş etdirilir və yeni əməkdaşlıq platformaları yaradılır. 

Bu mötəbər tədbirin ölkəmizə və bütövlükdə regiona qazandıracağı dividendlər ictimaiyyətin diqqət mərkəzində olan əsas mövzulardandır. İlk növbədə vurğulanmalıdır ki, Bakıda keçiriləcək WUF13 Azərbaycanın dayanıqlı inkişaf və müasir memarlıq sahəsindəki nüfuzunu qlobal müstəvidə daha da möhkəmləndirəcək. Forum respublikamız üçün, sadəcə, imic layihəsi deyil, həm də uzunmüddətli maraqlara xidmət edən strateji addımdır. 

Dünyanın müxtəlif ölkələrindən on minlərlə iştirakçını bir araya gətirmək Azərbaycanın diplomatik çəkisini artırmaqla yanaşı, ölkənin qlobal urbanizasiya siyasətinin formalaşmasında aktiv oyunçu olduğunu nümayiş etdirəcək. Bu forum Azərbaycana qabaqcıl dünya təcrübəsini yerli kontekstə inteqrasiya etmək imkanı verəcək. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda sıfırdan qurulan müasir yaşayış məskənlərinin, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının xarici auditoriyaya təqdim olunması üçün unikal fürsət yaradacaq. Bu modern konsepsiyalar və möhtəşəm "Bakı Ağ Şəhər" layihəsi ölkəmizdə həyata keçirilən şəhərsalma siyasətinin parlaq nümunələridir. 

Paytaxtımız artıq uzun illərdir ki, qlobal siyasi, humanitar və ekoloji məsələlərin müzakirə olunduğu mötəbər bir məkandır. WUF13 də Azərbaycanın regionda dialoq mərkəzi statusunu təsdiqləyəcək. Birləşmiş Millətlər Təşkilatının bu forumu ölkəmizdə keçirmək qərarı Azərbaycanın keçdiyi nadir inkişaf yolunun beynəlxalq səviyyədə etirafıdır. Bakı dünya miqyaslı tədbirlərin mərkəzi kimi özünü çoxdan təsdiqləyib. WUF13 bu statusu bir az da gücləndirəcək. Forum çərçivəsində Bakıda qəbul ediləcək qərarlar və formalaşacaq yeni tərəfdaşlıqlar bəşəriyyətin bu sahə üzrə yol xəritəsini müəyyən edəcək. Bu prosesdə isə Azərbaycan qlobal gündəliyə töhfə verən aktiv və güclü siyasi aktor kimi çıxış edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas  

21:39
17 May

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır 

21:12
17 May

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

20:49
17 May

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

20:48
17 May

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

20:47
17 May

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik 

20:46
17 May

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

20:45
17 May

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

20:44
17 May

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

20:43
17 May

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB

20:43
17 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib  

20:40
17 May

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

19:07
17 May

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

19:06
17 May

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

19:04
17 May

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB

19:02
17 May

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik 

18:48
17 May

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

18:29
17 May

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

18:13
17 May

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir  

18:09
17 May

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB 

18:01
17 May

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

17:58
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!