XXI əsrin üçüncü onilliyi dünya tarixində mürəkkəb geosiyasi proseslər, iqtisadi transformasiyalar, texnoloji inqilablar və yeni təhlükəsizlik çağırışları ilə xarakterizə olunur. Belə bir dövrdə dövlətlərin uğuru onların rəhbərlərinin strateji baxışından, milli maraqları qorumaq qabiliyyətindən və dəyişən şəraitə uyğun inkişaf modelini formalaşdırmaq bacarığından asılıdır. Azərbaycan da Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqillik illərində məhz bu keyfiyyətlər sayəsində dinamik inkişaf yolu keçərək regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Ulu Öndərin strateji inkişaf kursunu əzmlə davam etdirərək Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas mahiyyəti güclü dövlət, dayanıqlı iqtisadiyyat, sosial rifah, milli təhlükəsizlik və getdikcə yüksələn beynəlxalq nüfuzun vəhdətindən ibarətdir. Həmin siyasət nəticəsində Azərbaycan yalnız iqtisadi göstəricilərini yaxşılaşdıran ölkə deyil, eyni zamanda regional və qlobal proseslərə təsir göstərən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən müstəqil güc mərkəzi kimi formalaşıb.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans həm zaman, həm də daşıdığı geosiyasi mesajlarla mühüm hadisədir. Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü ilə eyni vaxta təsadüf edən bu mötəbər tədbirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı məktubda regionda dayanıqlı sülhün və etimad mühitinin yaradılması əsas xətt kimi vurğulanıb və rəsmi Bakının bu prinsipial mövqeyi bir daha bəyan edilib. Məktubda oxuyuruq: "Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir. Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir".
Bu gün ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənir. Məktubda dost və qardaş ölkələrlə, xüsusən türk dünyası ilə birgə atılan addımların bu coğrafiyanı XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzinə çevirdiyi qeyd olunub. "Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən türk dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir".
Partiya diplomatiyasının roluna gəldikdə isə xüsusi vurğulanıb ki, fərqli siyasi maraqları təmsil edən partiyaların konstruktiv dialoqu və milli maraqlar çərçivəsində birgə fəaliyyəti qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Konfrans işini 3 əsas panel sessiyası üzrə davam etdirib: qlobal çağırışlar fonunda partiya diplomatiyasının rolu, dayanıqlı sülhün iqtisadi əsasları, şəhərsalma sahəsində müasir çağırışlar.
Tədbirdə müxtəlif ölkələrdən gələn diplomatlar, siyasətçilər və parlament üzvləri Cənubi Qafqazda uzunmüddətli sabitlik və iqtisadi inteqrasiya imkanlarını geniş müzakirə ediblər.
İqtisadi sabitlik, sosial rifah
Azərbaycanın qazandığı uğurların təməlində uzunmüddətli strategiya, ardıcıl islahatlar və gələcəyə hesablanmış inkişaf modeli dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət müasir Azərbaycanın inkişaf salnaməsini təşkil edir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, güclü iqtisadiyyat güclü dövlətin əsas şərtidir. Son illər ölkədə aparılan iqtisadi siyasət məhz bu prinsip üzərində qurulub.
Azərbaycan iqtisadiyyatı enerji resurslarından əldə olunan gəlirlərin səmərəli idarə olunması hesabına mühüm nailiyyətlər qazanıb. Dövlət Neft Fondunun vəsaitləri strateji məqsədlərə yönəldilib, iri infrastruktur layihələrinin maliyyələşdirilməsi təmin edilib, gələcək nəsillər üçün mühüm maliyyə ehtiyatları toplanıb. Hazırda ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcunu dəfələrlə üstələyir. Bu isə Azərbaycanın iqtisadi təhlükəsizliyinin mühüm təminatlarındandır. Qlobal iqtisadi böhranlar, pandemiya və geosiyasi gərginliklər fonunda belə ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması həyata keçirilən siyasətin effektivliyini göstərir.
Qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat-logistika və informasiya texnologiyaları sahələrində həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir. Sənaye parkları və sənaye məhəllələrinin yaradılması ölkənin istehsal potensialını artırıb, minlərlə yeni iş yerinin açılmasına şərait yaradıb, "Made in Azerbaijan" brendinin təşviqi yerli məhsulların xarici bazarlara çıxış imkanlarını genişləndirib.
Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında enerji siyasəti daim xüsusi rol oynayıb. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu enerji strategiyası Prezident İlham Əliyev tərəfindən yeni şəraitə uyğun uğurla davam etdirilməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin davamı olaraq "Cənub qaz dəhlizi"nin reallaşdırılması Azərbaycanın enerji sahəsində strateji əhəmiyyətini daha da artırıb. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan biri kimi çıxış edir.
Neft-qaz siyasətinin tarixi nailiyyətlərinə rəğmən cənab İlham Əliyevin enerji siyasəti yalnız neft və qaz resursları ilə məhdudlaşmır. Dünyada "yaşıl keçid"in sürətləndiyi bir dövrdə Azərbaycan alternativ və bərpaolunan enerji sahəsinə böyük investisiyalar yatırır. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi bu siyasətin mühüm istiqamətlərindəndir.
Xəzər dənizinin külək enerjisi potensialından istifadə olunması, günəş və külək-elektrik stansiyalarının inşası Azərbaycanın gələcək enerji modelinin əsas elementlərini formalaşdırır. 2024-cü ildə Azərbaycanın COP29-a uğurla evsahibliyi etməsi isə ölkəmizin qlobal iqlim gündəliyində fəal iştirakının və bizə yüksək beynəlxalq etimadın mühüm göstəricisi oldu. Bu tədbir Azərbaycanın qlobal enerji və ekoloji transformasiyada oynadığı rolun təsdiqinə çevrildi.
Milli inkişafın yeni mərhələsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən mühüm nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Uzun illər ərzində aparılan məqsədyönlü siyasət nəticəsində güclü iqtisadiyyat yaradıldı, müasir ordu formalaşdırıldı, beynəlxalq mövqelər möhkəmləndirildi. Bütün bunlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasına zəmin yaratdı.
Tarixi qələbəmiz nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam təmin olundu. Bu möhtəşəm uğurlar həm də siyasi, diplomatik və iqtisadi gücün nəticəsi idi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına bərpa edən nadir dövlətlərdən biri kimi tarixə düşdü. Qarabağ Zəfəri Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi və yeni inkişaf mərhələsinin əsasını qoydu. Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusundakı beynəlxalq konfransda bu məsələlər xüsusi vurğulandı.
Bu gün işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda davamlı şəkildə həyata keçirilən bərpa və yenidənqurma işləri miqyasına görə dünyanın ən böyük layihələrindən sayılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir yaşayış məhəllələri yaradılır, yollar, tunellər, hava limanları, elektrik şəbəkələri və digər sosial obyektlər tikilir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi Qarabağın gələcəyinin innovativ əsaslar üzərində qurulduğunu göstərir. Bu ərazilərdə yaradılan infrastruktur yalnız bugünkü ehtiyaclara deyil, gələcək onilliklərə hesablanmış inkişaf modelinə xidmət göstərir.
"Böyük qayıdış" proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdır. Bu proses həm humanitar ədalətin bərpası, həm də regional inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sosial dövlət konsepsiyasının uğurlu tətbiqi
Prezident İlham Əliyevin siyasətində iqtisadi inkişafın əsas məqsədi məhz insan rifahının yüksəldilməsidir. Son illər həyata keçirilən sosial islahatlar bu məqsədə xidmət edir. Əməkhaqları, pensiyalar, müavinətlər və sosial ödənişlər dəfələrlə artırılıb və bu artımlar davam edir. Bundan əlavə, şəhid ailələri, müharibə veteranları və qazilər üçün xüsusi sosial müdafiə proqramları həyata keçirilir. Mənzil təminatı layihələri, sosial evlərin tikintisi, əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində görülən işlər dövlətin sosial məsuliyyət prinsipinə sadiqliyini nümayiş etdirir. Pandemiya dövründə və sonrakı mərhələdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün qəbul edilən qərarlar da sosial dövlət modelinin praktik təzahürüdür.
Müasir dövrdə ölkələrin əsas sərvəti təbii resurslar deyil, insan kapitalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə təhsil, elm və gənclər siyasəti xüsusi yer tutur. Ölkənin müxtəlif bölgələrində indiyə qədər yüzlərlə məktəb tikilib və əsaslı təmir edilib. Təhsil infrastrukturunun yenilənməsi isə insan kapitalının inkişafına yönəlmiş mühüm investisiyadır.
Xaricdə təhsil proqramları minlərlə gəncin dünyanın nüfuzlu universitetlərində təhsil almasına şərait yaradıb. Rəqəmsal texnologiyaların təhsil sisteminə inteqrasiyası yeni nəsil bilik iqtisadiyyatının formalaşdırılmasına xidmət edir. Gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, yeni kadrların formalaşdırılması, innovativ düşüncənin təşviqi, "Yüksəliş" müsabiqəsi kimi uğurlu layihələrlə gənc nəsil üçün yeni imkanların yaradılması Prezident İlham Əliyevin idarəetmə fəlsəfəsinin mühüm istiqamətlərindəndir.
Rəqəmsal transformasiya, innovativ inkişaf və müasir logistika
Dünyada rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan da bu prosesdən kənarda qalmır. Elektron hökumət sisteminin genişləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin formalaşdırılması ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Rəqəmsal idarəetmə mexanizmləri şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və idarəetmənin səmərəliliyinin gücləndirilməsinə xidmət edir.
Süni intellekt, data texnologiyaları və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən proqramlar Azərbaycanın gələcəyin texnoloji çağırışlarına yüksək həssaslıqla hazırlaşdığını göstərir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən mühüm hədəflərindən biri də ölkəmizin tranzit və logistika imkanlarının genişləndirilməsidir. Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüklərə çevirməyi bacarır. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən respublikamız Avrasiyanın mühüm logistika mərkəzlərindən biri kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni avtomobil magistralları və müasir nəqliyyat infrastrukturu bu strategiyanın mühüm elementləridir. Orta dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycanın geoiqtisadi rolu daha da yüksəlməkdədir. Bu gün ölkəmiz enerji sektoru ilə yanaşı, nəqliyyat və logistika sahəsində də etibarlı tərəfdaş kimi tanınır.
Müstəqil, çoxşaxəli xarici siyasət
Prezident İlham Əliyevin xarici siyasəti milli maraqların qorunmasına əsaslanan balanslı və praqmatik xətt kimi xarakterizə olunur. Azərbaycan həm türk dünyasının inteqrasiyasında fəal rol oynayır, həm Avropa ilə əməkdaşlığı inkişaf etdirir, həm də islam aləmində nüfuzlu mövqeyə malikdir. Ölkəmiz yaxın qonşuları, ayrı-ayrı dövlətlər, dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurur və bu münasibətləri qoruyur. Aparılan siyasət nəticəsində Azərbaycan regional problemlərin həllində söz sahibi olan dövlətə çevrilib.
Ölkəmiz qlobal miqyasda mədəniyyət diplomatiyasını da uğurla həyata keçirir. Bu istiqamətdə həyata keçirilən siyasətin öz məqsədlərinə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım sosial-iqtisadi siyasətin icrasına mühüm töhfələri ilə yanaşı, mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə, ölkəmizin mədəniyyət diplomatiyasına da böyük nailiyyətlər qazandırır.
Azərbaycanın inkişaf modelinin özünəməxsus xüsusiyyətlərindən biri də elə məhz milli-mənəvi dəyərlərlə müasir inkişafın uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli kimliyin qorunmasını, tarixi irsin yaşadılmasını və multikultural dəyərlərin təşviqini nəzərdə tutur. Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşaması ölkənin beynəlxalq miqyasda nümunə göstərilən multikultural modelini formalaşdırıb. Mədəniyyət, incəsənət və humanitar sahələrdə həyata keçirilən layihələr ölkəmizin yumşaq güc imkanlarını da genişləndirir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən güclü dövrlərindən birini yaşayır. Güclü iqtisadiyyat, modern ordu, müstəqil xarici siyasət, genişmiqyaslı sosial proqramlar və innovativ inkişaf strategiyası ölkənin uğurlarının əsasını təşkil edir.
Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması dövlətimiz qarşısında yeni perspektivlər açır. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, "yaşıl enerji" strategiyasının həyata keçirilməsi, rəqəmsal transformasiya və insan kapitalının gücləndirilməsi ölkənin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf modeli göstərir ki, güclü siyasi iradə, strateji baxış və milli maraqlara söykənən siyasət dövlətlərin tərəqqisinin əsas şərtidir. Məhz bu siyasət nəticəsində Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi öz inkişaf yolunu uğurla davam etdirərək daha böyük gələcəyə, daha geniş hədəflərə doğru inamla irəliləyir.
İradə ƏLİYEVA,
"Azərbaycan"