Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Natalya Fatyanova nüfuzlu beynəlxalq elmi nəşrlərdən biri olan “Applied Chemical Engineering” (ACE) jurnalının redaksiya heyətinin üzvü seçilib. Bu təyinat alimimizin materialşünaslıq, korroziyaya qarşı mühafizə texnologiyaları, qoruyucu örtüklər və nanokompozit materiallar sahəsində uzun illər ərzində apardığı elmi fəaliyyətin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir. O, bu vəzifə çərçivəsində elmi məqalələrin resenziyalaşdırılması prosesində iştirak edəcək, müasir tədqiqatların qiymətləndirilməsinə töhfə verəcək, həmçinin beynəlxalq akademik əməkdaşlığın genişlənməsində rol oynayacaq.
Dənizçi peşəsinin ailə ənənəsinə çevrildiyi bir mühitdə böyüyən Natalya Fatyanova uşaqlıq illərindən həyatını dənizdən uzaqda təsəvvür etməyib. Məhz bu maraq onu gələcəkdə dəniz sənayesi ilə bağlı elmi araşdırmalara yönəldib. Bu gün o həm pedaqoji, həm də elmi fəaliyyəti ilə Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasına töhfə verən mütəxəssislərdən biridir.
Natalya Fatyanova 2025-ci ildə “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. Onun elmi-tədqiqat fəaliyyəti əsasən müasir lak-boya materiallarının hazırlanması, onların tətbiq imkanlarının genişləndirilməsi və dəniz şəraitində istismar olunan obyektlərin etibarlılığının artırılması istiqamətlərini əhatə edir. Alimin elmi maraq dairəsində dəniz mühafizə örtüklərinin, antikorroziya sistemlərinin və lak-boya materiallarının tədqiqi xüsusi yer tutur. O, örtüklərin istismar xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə nanokomponentlərin tətbiqi ilə bağlı araşdırmalar aparır. Bu istiqamətdə əldə olunan nəticələr praktiki əhəmiyyət daşımaqla yanaşı, gəmiqayırma və gəmi təmiri sənayesinin inkişafına da töhfə verir.
Aparılan tədqiqatların mühüm nəticələrindən biri də nanodoldurucularla təkmilləşdirilmiş lak-boya kompozisiyasının yaradılması olub. Natalya Fatyanova bu ixtiranın müəllifidir. Yeni kompozisiya yüksək korroziyaya qarşı davamlılığı ilə seçilir və dəniz şəraitində istifadə olunan gəmi gövdələrinin qorunmasında səmərəli həll yolu kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu cür innovativ materialların tətbiqi gəmilərin istismar müddətinin uzadılmasına və texniki xidmət xərclərinin azaldılmasına imkan yaradır.
Natalya Fatyanova ölkədə gənclərin təhsil və elm sahəsində inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycanda elmin, təhsilin və ictimai-siyasi həyatın inkişafına töhfə verə biləcək yüksəkixtisaslı kadrların hazırlanmasına yönəlmiş ardıcıl dövlət siyasəti həyata keçirilir. Alim hesab edir ki, gənclərə göstərilən diqqət və dəstək onların öz potensiallarını reallaşdırmasına, daha böyük hədəflərə doğru irəliləməsinə stimul verir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”