Rusiya hətta ən çətin qarşılıqlı fəaliyyət dövrlərində belə, Türkiyə ilə aktual beynəlxalq məsələlərə dair qarşılıqlı məqbul həllər tapıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə bildirib.
Şoyqu iki ölkənin Suriyada beynəlxalq terrorizmə qarşı mübarizə, Ukrayna ətrafındakı vəziyyətin nizama salınması və ərzaq təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla bir sıra sahələrdə fəal birgə işini qeyd edib.
“Çətin dövrlər olub, amma Rusiya və Türkiyə həmişə qarşılıqlı məqbul həllər tapıb və işimizi tamamlamadığımız bir dövrü xatırlamıram”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.
O, həmçinin 2022-ci ildə Ukrayna ilə bağlı İstanbul müqavilələrinin hazırlanmasında Ankaranın roluna da diqqət çəkib. Şoyqunun sözlərinə görə, Rusiya və Türkiyə müqavilənin hazırlanması və həyata keçirilməsi üçün əllərindən gələni ediblər.
Qara dəniz taxıl təşəbbüsündən danışan Rusiya Təhlükəsizlik Şurasının katibi Moskva və Ankaranın öhdəliklərini yerinə yetirdiklərini bildirib.
Öz növbəsində, Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada sabitliyin təmin edilməsinə verdiyi töhfəyə görə Rusiyaya təşəkkür edib, habelə Qafqazda və Mərkəzi Asiyada sabitlik üçün Moskva ilə birgə səylərin vacibliyini vurğulayıb.
Fidan Türkiyənin Ukraynadakı münaqişəyə son qoymaq üçün səylərini davam etdirəcəyini qeyd edərək, logistika və ticarət əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rol oynadığını əlavə edib.