11 İyun 2026 08:20
230
CƏMİYYƏT
A- A+
Rəqəmsal Azərbaycan - yeni dövrün idarəçilik modeli

Rəqəmsal Azərbaycan - yeni dövrün idarəçilik modeli


XXI əsrdə ölkələrin gücü yalnız təbii sərvətləri, hərbi gücü və ya iqtisadi imkanları ilə ölçülmür. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri həm də rəqəmsal transformasiyanın səviyyəsidir. İdarəçiliyin səmərəliyi, vətəndaş məmnunluğu, iqtisadi inkişafın sürəti və milli təhlükəsizliyin etibarlığı getdikcə daha çox rəqəmsal texnologiyaların tətbiqindən asılı olur.

Azərbaycan da son illər bu qlobal tendensiyaları nəzərə alaraq rəqəmsal dövlət quruculuğunu milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi qəbul edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə rəqəmsal transformasiya texnoloji yenilənmədən daha üstün məzmun daşıyaraq dövlət idarəçiliyinin mahiyyətcə yenidən qurulması prosesinə çevrilib. Bu gün Azərbaycan regionun ən sürətlə rəqəmsallaşan ölkələrindən biri kimi yeni inkişaf mərhələsinə qədəm qoyur.


Strateji baxışdan milli prioritetə


Azərbaycanın rəqəmsal inkişaf siyasəti uzunmüddətli strateji yanaşmadan qaynaqlanır. Son illər qəbul olunmuş mühüm dövlət sənədləri rəqəmsal transformasiyanın hüquqi və institusional əsaslarını formalaşdırıb. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası", "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası", "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası", "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" və digər bir çox sənəd bu sahədə vahid dövlət siyasətinin əsas sütunlarını təşkil edir. Bu sənədlər Azərbaycan dövlətinin rəqəmsallaşmanı yalnız texnologiyaların tətbiqindən daha çox iqtisadiyyatın, dövlət idarəçiliyinin və ictimai münasibətlərin yenidən təşkili prosesi kimi qiymətləndirdiyini göstərir. 

Mütəxəssislərin hesablamalarına görə, informasiya-kommunikasiya texnologiyaları sektoruna yatırılan hər 1 dollar iqtisadiyyatda təxminən 8 dollar həcmində əlavə dəyər yaradır. Bu sektorda çalışan 1 mütəxəssisin yaratdığı iqtisadi səmərə isə bir çox ənənəvi sahədəki əmək məhsuldarlığından 3-4 dəfə yüksəkdir. Məhz buna görə rəqəmsal inkişaf artıq iqtisadi və strateji təhlükəsizlik məsələsi hesab olunur.

Rəqəmsal dövlətin təməlində güclü infrastruktur dayanır. Son illər ölkəmizdə həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi bu istiqamətdə ən böyük texnoloji proqramlardan sayıla bilər. Layihə çərçivəsində köhnə mis kabel infrastrukturu tamamilə optik şəbəkə ilə əvəzlənib, müasir GPON (Gigabit Passive Optical Networks) texnologiyası tətbiq olunub və ölkənin ən ucqar yaşayış məntəqələrinə qədər yüksəksürətli internet çıxışı təmin edilib.

Son 4 ildə Azərbaycanda internet sürətinin 7 dəfə artaraq 12,81 Mbit/saniyədən 90 Mbit/saniyəyə yüksəlməsi ölkəmizin telekommunikasiya tarixində mühüm dönüş nöqtəsidir. Sabit genişzolaqlı internetə çıxışı olan təsərrüfatların sayı isə 20 dəfədən çox artaraq təxminən 4,8 milyona çatıb. Bu rəqəmlər Azərbaycanın rəqəmsal transformasiya prosesinin texniki bazasının artıq formalaşdığını göstərir. Bu gün ölkə ərazisinin tam şəkildə fiber-optik şəbəkə ilə əhatə olunması region üçün nümunə sayıla biləcək parlaq nəticədir.


"Hökumət buludu" 


Müasir rəqəmsal dövlətin əsas elementlərindən biri məlumatların təhlükəsiz və mərkəzləşdirilmiş şəkildə idarə olunmasıdır. Bu baxımdan, Azərbaycanda yaradılan "Hökumət buludu" platforması xüsusi əhəmiyyət daşıyır. Bakıda və Yevlaxda fəaliyyət göstərən müasir data mərkəzləri dövlət informasiya sistemlərinin vahid məkanda idarə olunmasına imkan yaradır. Son illər bu platformaya qoşulan qurumların sayının üç dəfə artaraq 148-ə çatması dövlət sektorunda rəqəmsal inteqrasiyanın sürətləndiyini göstərir.

Hazırda mövcud mərkəzlərdən üç dəfə böyük gücə malik yeni data mərkəzlərinin tikintisi davam edir. Bu isə Azərbaycanın gələcəkdə regionun mühüm məlumat və texnologiya hablarından birinə çevrilmək niyyətindən xəbər verir.

Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri məhz elektron hökumət sisteminin inkişafıdır. Bu gün Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ölkənin əsas rəqəmsal platforması kimi fəaliyyət göstərir, dövlət informasiya sistemlərinin inteqrasiyası, xidmətlərin "bir pəncərə" prinsipi ilə təqdim olunması və məlumat mübadiləsinin vahid standartlar əsasında həyata keçirilməsi məhz bu sistem üzərindən təmin edilir.

SİMA biometrik rəqəmsal imzasının tətbiqi vətəndaşların onlayn identifikasiyasını tamamilə yeni səviyyəyə qaldırıb. Artıq 4 milyondan çox istifadəçi və 80-dən artıq təşkilat bu sistemdən istifadə edir. Yenilənmiş "Mygov" platforması isə 2,5 milyondan çox vətəndaşa xidmət göstərir. Burada şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və digər sənədlər daxil olmaqla 200-dən çox məlumat rəqəmsal formatda təqdim edilir.

Ən mühüm dəyişikliklərdən biri isə dövlət xidmətləri zamanı kağız sənədlərin təqdim olunması tələbinin əhəmiyyətli dərəcədə azaldılmasıdır. Artıq vətəndaşlar əksər sənədlərini müxtəlif dövlət qurumlarına fiziki formada təqdim etmədən rəqəmsal mühitdə xidmət ala bilirlər.

Bu gün təhsil, səhiyyə, məşğulluq, sosial təminat, nəqliyyat, əmlak və digər sahələr üzrə 380-dən çox xidmət tam rəqəmsallaşdırılıb. Yaxın dövrdə daha 80 yeni xidmətin istifadəyə verilməsi planlaşdırılır. Bu dəyişikliklər dövlət-vətəndaş münasibətlərində yeni fəlsəfə formalaşdırır: vətəndaş dövlət qurumlarını deyil, dövlət xidmətləri vətəndaşı tapır.


Süni intellekt dövrünə hazırlıq


Rəqəmsal inkişafın növbəti mərhələsi, təbii ki, süni intellekt texnologiyalarının geniş tətbiqidir. Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt strategiyasının qəbul edilməsi ölkəmizin bu sahədə regional liderlik hədəfini və potensialını ortaya qoyur. Strategiya tədqiqatların inkişafını, innovativ həllərin tətbiqini və dövlət idarəçiliyində süni intellektdən istifadənin genişləndirilməsini nəzərdə tutur.

Gələcəkdə süni intellekt texnologiyalarının səhiyyədə diaqnostika, nəqliyyatda idarəetmə, kənd təsərrüfatında məhsuldarlığın artırılması və dövlət xidmətlərinin proaktiv təqdim olunması kimi istiqamətlərdə geniş istifadə ediləcəyi gözlənilir. Bu baxımdan, Azərbaycan artıq yalnız rəqəmsallaşan deyil, həm də intellektual texnologiyalara əsaslanan dövlət modelinə keçid mərhələsindədir.

Məlumdur ki, rəqəmsal dövlət təkcə dövlət proqramları hesabına qurulmur. Bunun üçün güclü innovasiya ekosistemi, startaplar, texnologiya şirkətləri və investisiya mexanizmləri də çox vacibdir. Son illərdə texnologiyalar parklarının rezidentləri üçün vergi və sosial güzəştlərin tətbiqi, innovasiya mərkəzlərinin yaradılması və vençur (investisiya yatıran) fondlarının formalaşdırılması mühüm addımlar hesab olunur.

Mütəxəssislərin fikirlərinə görə, mövcud potensial göstərir ki, Azərbaycan yaxın illər bu sahə üzrə üç əsas istiqamətdə regional liderliyini gücləndirəcək. Bu istiqamətlərdən birincisi elektron hökumət və dövlət texnologiyaları sahəsidir. "Mygov", SİMA və "Hökumət buludu" kimi platformalar artıq region üçün uğurlu model hesab olunur və gələcəkdə bu həllərin ixracı mümkündür. İkincisi, maliyyə texnologiyaları sektorudur. Güclü rəqəmsal identifikasiya sistemi və sürətlə inkişaf edən rəqəmsal bankçılıq ölkəni fintek (maliyyə texnologiyaları) mərkəzinə çevirmək potensialına malikdir. Üçüncüsü isə Azərbaycanın coğrafi mövqeyindən irəli gələn tranzit məlumat mərkəzi funksiyasıdır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkə regional data trafiki və bulud xidmətləri bazarında mühüm oyunçuya çevrilə bilər.


Böyük hədəflər


Azərbaycanın qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətləri göstərir ki, ölkəmizdə rəqəmsal inkişafa artıq dövlət idarəçiliyinin, iqtisadi siyasətin və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi baxılır. Ölkəmizdə rəqəmsal transformasiyanı daha yüksək mərhələyə daşımaq və Azərbaycanı regionun texnoloji liderlərindən birinə çevirmək hədəflənir. 

Bu məqsədlər arasında xüsusi yer tutan məsələlərdən biri rəqəmsal idarəetmənin və iqtisadiyyatın rəqəmsal keçidinin sürətləndirilməsidir. Əslində, rəqəmsallaşma yalnız xidmətlərin elektron formaya keçirilməsindən daha çox, dövlətin və iqtisadiyyatın fəaliyyət məntiqinin dəyişdirilməsidir. Məlumat əsaslı qərarvermə, süni intellekt texnologiyalarının idarəetmədə tətbiqi, proaktiv dövlət xidmətləri və tam inteqrasiya olunmuş rəqəmsal platformalar gələcəyin idarəetmə modelini formalaşdırır. Bu baxımdan, Azərbaycan qarşısına yalnız texnoloji modernləşmə deyil, yeni idarəçilik fəlsəfəsinin qurulması vəzifəsini qoyur.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi dövlət deyil, innovativ biznes mühiti, startaplar və texnologiya şirkətləridir. Buna görə də innovasiyaların maliyyələşdirilməsi, vençur kapitalı bazarının inkişafı, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və yeni texnologiyaların kommersiyalaşdırılması Azərbaycanın rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Müasir texnologiyalar dövründə insan kapitalının ən vacib sərvət hesab olunduğunu xüsusi qeyd etməyə, fikrimizcə, ehtiyac yoxdur. Süni intellekt, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi və məlumat analitikası kimi sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması Azərbaycanın da rəqəmsal gələcəyinin əsas təminatlarından biridir. Eyni zamanda xaricdə çalışan peşəkarların ölkəyə qayıdışının təşviq edilməsi və beynəlxalq texnoloji istedadların cəlb olunması rəqəmsal iqtisadiyyatın inkişafına mühüm təkan verəcək.

Dövlət informasiya sistemlərinin genişlənməsi, elektron xidmətlərin sayının artması və məlumatların rəqəmsal mühitdə saxlanılması kibertəhlükəsizlik məsələlərini milli təhlükəsizlik səviyyəsinə yüksəldir. Buna görə də qabaqcıl data mərkəzlərinin qurulması, "Hökumət buludu"nun genişləndirilməsi, milli kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və kritik informasiya infrastrukturunun qorunması bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.

Elmi tədqiqatların təşviqi və onların nəticələrinin kommersiyalaşdırılmasının sürətləndirilməsi də burada xüsusi yer tutur. Bu məsələ ölkənin yalnız texnologiya istehlakçısı deyil, həm də texnologiya yaradan dövlətə çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır. Elmi ideyanın laboratoriyadan bazara qədər keçdiyi yolun qısaldılması, tədqiqat institutları ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi və innovativ məhsulların bazara çıxarılması milli iqtisadiyyatın texnoloji əsaslar üzərində inkişafını təmin edəcək. Eyni zamanda ölkə üzrə rəqəmsal inkişafın vahid arxitektura əsasında həyata keçirilməsi dövlət idarəçiliyində parçalanmanın qarşısını alacaq. Ayrı-ayrı qurumların müstəqil informasiya sistemləri yaratdığı dövrdən fərqli olaraq, yeni yanaşma vahid standartlar, inteqrasiya olunmuş məlumat bazaları və ortaq rəqəmsal platformalar üzərində qurulmuş idarəetmə modelini nəzərdə tutur. Bu isə həm resursların daha səmərəli istifadəsinə, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verir.

Bütün bunlarla yanaşı, müasir texnologiyaların istehsalı və tətbiqi sahəsində dövlət dəstəyinin artırılması Azərbaycanın texnoloji suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qlobal rəqabətin getdikcə texnologiyalar ətrafında formalaşdığı bir dövrdə yerli texnoloji həllərin yaradılması, milli proqram məhsullarının inkişaf etdirilməsi və yüksək texnologiyalar sektorunun genişləndirilməsi ölkənin iqtisadi müstəqilliyinin yeni təminatlarından biridir.


Yeni nəsil dövlət idarəçiliyi mexanizmi  

 

Azərbaycanın son illər rəqəmsal dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər ölkənin inkişaf tarixində yeni mərhələ açıb. Fiber-optik infrastrukturun qurulması, elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal identifikasiya sisteminin yaradılması, süni intellekt strategiyasının qəbul edilməsi və innovasiya ekosisteminin formalaşdırılması Azərbaycanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyənləşdirir.

Bu gün artıq söhbət sadəcə xidmətlərin elektronlaşdırılmasından getmir. Məqsəd vətəndaş mərkəzli, məlumat əsaslı qərarlar qəbul edən, süni intellekt imkanlarından istifadə edən, təhlükəsiz və çevik idarəetmə sisteminə malik yeni nəsil dövlət idarəçiliyi mexanizmi qurmaqdır.

Rəqəmsal Azərbaycan ideyası məhz bu məqsədə xidmət edir. Qarşıdakı illər bu istiqamətdə atılacaq addımlar ölkənin yalnız regionda deyil, daha geniş coğrafiyada rəqəmsal transformasiya nümunəsinə çevrilməsini təmin edəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi

01:07
12 İyun

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

23:19
11 İyun

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

23:01
11 İyun

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

22:37
11 İyun

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

22:18
11 İyun

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!