20 Sentyabr 2024 09:05
1167
SİYASƏT
A- A+
Azərbaycan dünyanın enerji xəritəsini dəyişdi

Azərbaycan dünyanın enerji xəritəsini dəyişdi



Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu "Əsrin müqaviləsi"ndən 30 il ötür. 

Ulu Öndər Heydər Əliyevin səyləri, uğurlu siyasəti nəticəsində imzalanan müqavilə, dahi liderin özünün də dediyi kimi, Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün unikal imkanlar yaratdı. 

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanan "Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair Saziş" tarixi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Səkkiz ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanının 11 məşhur neft şirkətinin iştirakı ilə imzalanmış saziş Azərbaycan iqtisadiyyatının dönüş nöqtəsinə çevrildi.

"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku olan "Azəri-Çıraq-Günəşli"nin ehtiyatı əvvəl 511 milyon ton həcmində proqnozlaşdırılsa da, sonradan bu göstərici 1.072 milyard ton həcmində müəyyən edildi.

1995-ci ildə "Çıraq" yatağından ilk neftin çıxarılması məqsədilə "Çıraq-1" platforması bərpa edildi. AÇG blokundan ilk neft isə 1997-ci ilin noyabrında "Çıraq" yatağından əldə edildi. 2005-ci ildə "Mərkəzi Azəri" platformasının istismara verilməsi ilə bu yataqdan da ilk neft çıxarıldı. Daha sonra "Qərbi Azəri" və "Şərqi Azəri" platformaları inşa edildi və müvafiq olaraq 2005-ci və 2006-cı ilin sonlarında istismar edilməyə başlandı. 2008-ci ildə "Dərinsulu Günəşli", 2014-cü ildə isə "Qərbi Çıraq" platformalarının işə salınması hasilatın artırılmasına təkan verdi. Ümumilikdə, layihə çərçivəsində 300 milyon barel neftin çıxarılması planlaşdırılır. 

2017-ci ildə bu kontrakt Azərbaycan üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadıldı. Sazişin imzalanma mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd etmişdi ki, imzalanacaq sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var: "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır". 

Prezident sazişin bir neçə əsas parametrlərini xalqın diqqətinə çatdırdı:


* Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; 

* SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; 

* SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. 


Göründüyü kimi, əsas şərtlər göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var.

Biz isə 30 illik tarixə malik, ölkə iqtisadiyyatının dirçəliş sazişinin keçdiyi dövrə və əhəmiyyətinə bir daha nəzər salırıq.


"Ulu Öndər neft savaşını xeyrimizə həll etdi"


İlk həmsöhbətimiz Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucdur. Siyasi ekspert qeyd edir ki, 1990-cı illər sovetlər birliyinin dağılması ilə paralel Azərbaycan ərazilərinin işğal altına düşməsi strateji sərvətlər uğrunda mübarizəni daha da şiddətləndirdi. 

Xəzər ətrafında gedən amansız savaş, əslində, bu bölgədə hökmranlıq uğrunda müharibənin tərkib hissəsi idi: "Neft sərvətləri tarixən müxtəlif dövlətlər arasında konfliktlərin əsas səbəblərindən biri olub. Reallıq odur ki, bu qara maye kəşf olunandan sabitliyə, inkişafa deyil, daha çox amansız çarpışmalara aparıb çıxarıb. Buna görə də Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra iqtisadiyyatın dağılmasını durdurmaq üçün ilk növbədə neft savaşını ölkəmizin xeyrinə həll etdi və yeni tərəfdaşlar qazandı. Xəzərin statusu ilə bağlı yeni toqquşmalara səbəb olan prosesi durdurdu. Ölkənin sosial, siyasi, hərbi gücü sıfırlananda və ya aşağı düşəndə o, hər hansı beynəlxalq müqavilələrə gedirsə, şərtlər bütün hallarda onun xeyrinə olur, çünki istədiyini diktə edə bilir. Hesab edirəm ki, həmin dövrdə İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olaraq bu qlobal mübarizədə Azərbaycanın mənafelərini uğurla müdafiə etməsi ilə 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması bölgədə sabitliyin yaradılmasına, atəşkəsin əldə edilməsinə, digər tərəfdən Azərbaycanın ölkələr arasında beynəlxalq rəqabətin ayaq altına çevrilməməsinə, bundan başqa, neft sənayesinin inkişafı hesabına əldə olunan gəlirlərin bir hissəsini məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına, o cümlədən şəhid ailələrinə, qaçqınlara və digər ehtiyaclı sosial təbəqələrə yönəldə bilməsinə real imkanlar yaratdı.

Təkcə o faktı xatırlatmaq yerinə düşər ki, ötən illər ərzində 114-dən artıq qəsəbənin salınması məhz həmin neft gəlirləri hesabına idi. Ulu Öndərdən, bilavasitə onun liderliyindən yön alan bu kurs 2000-ci illərdən başlayaraq milyardlarla dollar vəsaitin büdcəyə daxil olması ilə iqtisadiyyatın digər bütün sferalarını ayağa qaldırmağa imkan verdi. Həmçinin bölgələrin mütənasib inkişafı mümkün oldu. Bakı daxil olmaqla, regionlarda elektrik enerjisinin fasilələrlə, gün ərzində 3-4 saat verildiyini, sənaye məhsulları istehsalından danışmağın mümkünsüz olduğunu heç kim unutmayıb. "Əsrin müqaviləsi" əsasında imzalanan 30-a yaxın saziş, 2017-ci ildə müqavilənin 2050-ci ilə qədər uzadılması da sübut etdi ki, Azərbaycan mühüm strategiyaya malikdir". 

"Əsrin müqaviləsi" imzalanana qədər Azərbaycanda iqtisadi vəziyyətin həddindən artıq gərgin olduğunu deyən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban qeyd edir ki, həmin dövrdə tənəzzül pik həddə çatmışdı. Keçmiş sovetlər birliyinin ölkələri ilə iqtisadi əlaqələr dağılmışdı, ölkədə stabil vəziyyət yox idi. Digər tərəfdən Azərbaycan Ermənistan tərəfindən işğala, təcavüzə məruz qaldığı üçün vəziyyəti stabilləşdirmək üçün yol yox idi. Ölkədə nəinki əməkhaqları gecikdirilir, hətta neftçilər belə ən yaxşı halda üç ayda bir dəfə maaş ala bilirdilər. İllik inflyasiya göstəricisi 1993-94-cü illərdə 1200-1680 faiz arasında idi. "Belə bir şəraitdə çox uzaqda bir işıq görünməyə başlayırdı. Bu da "Əsrin müqaviləsi"nin imzalanması idi. 20 sentyabr 1994-cü ildə Azərbaycan və 11 xarici şirkət arasında imzalanmış saziş ölkəmizə ümidlər gətirən layihə idi", - deyə o əlavə edir.

İqtisadçı Aydın Hüseynov da bildirir ki, 30 il əvvəl dünya geosiyasi məkanında "Əsrin müqaviləsi" ilə uğurlu və olduqca mühüm tarixi başlanğıca imza atan Azərbaycanın həyata keçirdiyi milli enerji siyasəti, enerji diplomatiyası ilk növbədə respublikamızın təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb, dünyanın enerji xəritəsini dəyişib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" Azərbaycan üçün ən mühüm strateji hadisələrin yadda qalması üçün əsas olub: "1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalandı. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsi"ni imzaladılar. Bununla da Azərbaycanın Qərblə iqtisadi-siyasi münasibətlərində yeni mərhələ başlandı". 

2017-ci il sentyabrın 14-də "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş Saziş"ə əsasən, müqavilə 2049-cu ilin sonunadək uzadıldı. Yeni sazişə əsasən, "bp" fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11,65 faizdən 25 faizə qaldırılıb, mənfəət neftinin isə 75 faizi Azərbaycana çatır. Beləliklə, əsası Ulu Öndər tərəfindən qoyulan mühüm layihənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi idi ki, artıq Azərbaycana daha uyğun, əlverişli şərtlərlə saziş yeniləndi.


İlham Əliyevin ciddi strateji qərarları


İlham Şaban bildirir ki, Azərbaycan Rusiyada, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda hasilatın pay bölgüsü üzrə sazişlər imzalasa da, onların ən mükəmməli, dövlətin maraqlarının yüksək səviyyədə qorunduğu məhz AÇG üzrə saziş idi. Ondan sonra imzalanan sazişlərdə də məhz o əsas kimi götürülərək daha da təkmilləşdirilib. Marketinq, bazarlara çıxış, dövlətin maraqlarının maksimum qorunması kommersiya danışıqlarına rəhbərlik edən İlham Əliyevin səylərinin nəticəsi idi. 

1995-ci ildə "Əsrin müqaviləsi"nin icrasına başlanıldığını deyən ekspert qeyd edir ki, məhz həmin il Azərbaycan iqtisadiyyatında 1990-cı ildən başlamış tənəzzülün sonu oldu: "Həmin il ümumi daxili məhsulun artımı qeydə alındı, bununla da Azərbaycanın həyatında böyük dəyişikliklərin astanasına gəldik. "Əsrin müqaviləsi"nin icrası ölkəmizdə bazar iqtisadiyyatının sənayedə ilk layihəsi idi. Digər respublikalardan həm də onunla fərqlənirdik ki, Ermənistanla müharibə şəraiti, bir milyona yaxın qaçqın və məcburi köçkünün olması, bu cür əzab-əziyyətli dövrdə Azərbaycanda özəlləşdirməyə start verildi. Bu baxımdan "Azəri-Çıraq-Günəşli" layihəsi iqtisadiyyatın digər sektorları, o cümlədən neft sahəsi üçün mayak rolunu oynadı. Dövlətin birbaşa iştirakı olmadan hər şeyi qurub-yaratmaq, inkişaf etdirmək, yeni bazarlar tapmaq, dövlətə vergi vermək, bununla dövlətin büdcəsini formalaşdırmaq, həmçinin sosial layihələr həyata keçirmək - bütün bunlar o vaxt bizim üçün tam yad bir şey idi. Nə özümüzdə, nə də qonşu dövlətlərdə görmüşdük. Bu baxımdan AÇG layihəsi Azərbaycan üçün kifayət qədər böyük rola malik oldu".   

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın Avropaya enerji nəqli başlandığını xatırladan A.Hüseynov vurğulayır ki, BTC nəhəng neft marşrutu kimi regionda əsas boru kəmərinə çevrilib: "Qazaxıstan və Türkmənistanın dünya bazarına çıxması və enerji təhlükəsizliyi sisteminə qoşulmasında bu kəmərin flaqman olması öz təsdiqini tapdı. Qazaxıstan neftinin Xəzər dənizi və respublikamızın ərazisindən nəql edilməsi və bu neft boru kəməri vasitəsilə dünya bazarına çıxarılması mühüm əhəmiyyət daşıdı. 2010-cu ildə Türkmənistan öz neftini BTC ilə nəql etməyə başladı".

Zahid Oruc isə vurğulayır ki, cənab İlham Əliyevin liderliyi sayəsində müxtəlif neft və qaz boru kəmərlərinin gündəliyə gəlməsi Qərbə çıxış imkanımızı artırıb. Mahiyyət etibarilə bütün bunlar çox sonralar həm də Qarabağ uğrunda müharibənin tərkib hissəsinə çevrildi. Əgər neft siyasəti düzgün qurulmasaydı, Azərbaycan böyük vəsaitlər əldə etməsəydi, digər yandan tərəfdaşlar qazanmasaydı, 2020-ci ildə Vətən müharibəsinə başlayanda güclü ordunu, XXI əsrin texnoloji savaşının nümunəsini yaradan və qlobal layları tərpətdiyi halda lokal səviyyədə düşməni məğlub edən dövlət ola bilməyəcəkdi. Əlbəttə ki, bu, Ümummilli Liderin siyasi kursudur. Onu da demək lazımdır ki, XXI əsrdə beynəlxalq münasibətlər sistemi daha amansız didişmələrlə müşayiət olunduğundan İlham Əliyevdən Heydər Əliyev qədər ciddi strateji qərarlar istənilirdi: "Bu dövr ərzində ölkəmizin səsini beynəlxalq aləmə çatdırmaqla, mühüm tərəfdaşlar qazanmaqla, ən sonda yeni layihələrlə Avropanın enerji təhlükəsizliyi siyasətində aktiv yer tutmaqla nəticə etibarilə torpaqlarımızın azadlığına nail olduq. Biz istər suverenlik, istərsə də ərazi baxımından mübarizəmizdə uğurlu nəticələrə ona görə nail olduq ki, güclü resurslar əldə etdik. Yüz mindən artıq hərbi qulluqçu, zabit və əsgər heyətini ayaqda saxlamaq, ən strateji silahlarla təmin etmək, Cənubi Qafqazın bu cür güclü Silahlı Qüvvələrini formalaşdırmaq, həmçinin siyasi mənada Avropanın onlarla ölkəsini yanında görmək indi ərazi problemi yaşayan heç bir dövlətə müəssər olmayıb. Bu, strateji mənada Prezident İlham Əliyevin liderlik qabiliyyəti, onun sərkərdəliyinin təcəssümüdür". 


Cəsarətli addımları, sistemli mübarizəni özündə təcəssüm etdirən 30 il


Aydın Hüseynov isə qeyd edir ki, BTC regionun enerji xəritəsini dəyişib. "Əsrin müqaviləsi" yeni enerji müqavilələrinin, enerji dəhlizlərinin, neft-qaz sektorunda mühüm hadisələrin baş verməsinə səbəb olub. 

Bu gün Trans-Anadolu boru kəməri (TANAP), Trans-Adriatik boru kəməri (TAP) layihələri məhz 1994-cü ildə əsası qoyulmuş uğurlu neft strategiyasının mühüm nəticəsidir. "Əsrin müqaviləsi"nin imzalanması həmçinin Azərbaycanın milli gəlirlərinin artmasında da mühüm rol oynamaqdadır. "Neft strategiyasının əsas başlıca prinsiplərindən biri neft gəlirlərinin ədalətli bölgüsü və şəffaflığın təmin edilməsidir. Bu məqsədlə 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunun fəaliyyəti ölkəmizdə neft vəsaitlərinin ədalətli bölüşdürülməsi konsepsiyasının nə qədər düzgün olduğunu təsdiqləyir. 

O, bildirir ki, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın milli gəlirlərinin artması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasında da mühüm rol oynayıb.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu ay Prezident İlham Əliyevin İtaliyada Beynəlxalq Çernobbio Forumundakı çıxışını xatırladaraq bildirir ki, dövlət başçısı səfər zamanı çox unikal fikir söyləyib: "Ölkə rəhbəri dedi ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, beynəlxalq hüquqi çərçivə ilə yanaşı, cəsarət və güc faktoru da olsun. Biri olmazsa, savaşı qazana bilməzsən. Savaşlar üçün nə qədər böyük vəsaitlər qoyulur, ancaq rəhbər amili, xalqı birləşdirmək, ordunu yüksək ruhda tutmaq, qlobal təzyiqləri neytrallaşdırmaq, diplomatik-informativ savaşda nümunə olmaq bir çox dövlət başçısına nəsib olmayıb. Əslində, bizim üçün kəmərlər də, müqavilələr də mahiyyət etibarilə siyasi təhlükəsizliyimizin, müstəqilliyimizin qarantı oldu. Digər tərəfdən 30 illik yubiley bizim cəsarətli addımların, yorulmaz, sistemli, bir sıra hallarda hətta məhdudiyyətli, müxtəlif müqavimətləri yararaq keçən mübarizəmizi özündə təcəssüm etdirən tarixdir. Otuz rəqəmi bizim müxtəlif "narıncı inqilab"lara qarşı mübarizə tariximizdir. Eyni zamanda bölgəyə müxtəlif üsul idarələrini yeritmək, ərazidə forpostlar qurmaq, İran, Türkiyə, Rusiya əleyhinə cəbhələr açmaq istəyən dairələrə qarşı da apardığımız düzgün müstəqil mövqeyin ifadəsidir". 

Ekspert düşünür ki, "Əsrin müqaviləsi" bütövlükdə xalqın mənafeyinə xidmət etməklə, rifah halını yüksəldib. Yüzlərlə layihə məhz bu siyasət sayəsində həyata keçirilib. Bu gün xarici ölkələrdə investisiya qoyarkən neft sərvətlərindən bəhrələnərik. 

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün hökumət tərəfindən mühüm addımlar atılır. Ölkə rəhbəri alternativ enerjini dövlət kursuna çevirib. İndi "yaşıl Azərbaycan" modeli bu kursun nüvəsidir. Biz texnologiyaları hərəkətə gətirən bu mayedən xilas olub daha fərqli enerjinin üzərində gələcəyimizi formalaşdırmaqda maraqlıyıq. "Dövlət başçısı bu siyasəti qarşıya ən mühüm tələb kimi qoyub. Düşünürəm ki, bu, cəmiyyət tərəfindən də alqışlanır, ona görə də bu həm də bizim üçün zəfərin ildönümüdür. Buna görə də təkcə neftçiləri deyil, bütün millətimizi təbrik edirəm", - deyə o əlavə edib.

İlham Şaban da vurğulayır ki, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan ilk addımlarını atan ölkə kimi əlinə vəsait gəldikcə, ondan səmərəli şəkildə istifadə etməyə başlayıb. Təkcə paytaxtın deyil, bütün regionların inkişafı istiqamətində işlər görülüb. Azərbaycanda neft vəsaitlərinin daxil olduğu ilk illərdə bir yol 5 ilə çəkilirdisə, indiki ilə müqayisədə 5 dəfə baha qiymətə başa gəlirdisə, indi həyata keçirilən layihələr həm kvalifikasiyanı, həm də vəsaitləri peşəkar istifadə etməkdə digər postsovet ölkələrindən nə qədər irəli getdiyimizi göstərir. 

Energetika Nazirliyinin məlumatına əsasən, "Azəri-Çıraq-Günəşli" yataqları istismara veriləndən bu il sentyabrın 1-dək 595,8 milyon ton neft hasil edilib. Bu ilin 8 ayında isə AÇG-dən 11,1 milyon ton neft çıxarılıb. Azərbaycan iqtisadiyyatını tənəzzüldən xilas edən, yeni sahələrin inkişafı fonunda ümumilikdə ölkənin dirçəlməsinə səbəb olan "Əsrin müqaviləsi" nəticəsində qeyri-neft sektoru da inkişaf yoluna qədəm qoyub. Bu gün Azərbaycan dünyada yalnız neft ölkəsi kimi deyil, həm də qeyri-neft sektorunda öncül yerlərindən birini tutursa, bu da elə həmin tarixi müqavilənin bəhrəsidir. Davamlı siyasət sayəsində Azərbaycan bir sıra Avropa ölkəsinin əsas tərəfdaşlarından birinə çevrilməklə nüfuzunu daha da artırıb. 

Bu da Ulu Öndər tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz təcəssümüdür. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!